Ağsu dolaylarında axşamdan yağmağa başlayan qar artıq 10 santimetrə çatıb.
Bizim.Meda-nın Aran bürosu xəbər verir ki, hazırda dolaylarda qarın intensiv yağması davam edir.
Axşamdan yağan qar fəsadsız ötüşməyib. Belə ki, bəzi kiçik tutumlu avtomobillər hərəkət zamanı sürüşərək, yolda çətinliklər yaranıb.
Hazırda yolların qardan təmizlənməsi məqsədilə 4 nömrəli Magistral Yolları İstismarı MMC-nin ağır texnikaları, canlı qüvvəsi əraziyə cəlb olunub və yollara duz, qum səpərək dolaylarda avtomobillərin intensiv hərəkətinin tənzimlənməsi işlərini həyata keçirirlər.
4 nömrəli magistral yolları istismarı MMC-nin sahə rəisi Eldar İsrafilov, sürücülərə təhlükəsizlik məqsədilə axşam saatlarında alternativ yollardan, eləcə də Bakı-Qazax yolundan istifadə etməyi məsləhət görür.
Sahə rəisi onu da bildirib ki, Ağsu dolaylarında axşama doğru yolların buz bağlaması və qatı dumanın olması istisna olunmur. Ona görə də sürücülər bir müddət Ağsu-Kürdəmir yolundan istifadə etməyi məqbul sayılır.
Qeyd edək ki, ölkə ərazisində kəskin soyuq hava şəraiti və qarın intensiv yağması müşahidə olunur. Buna görə sürücülər uzaq yola çıxarkən avtomobillərinin texniki sazlığına daha çox diqqət etmələri tövsiyə olunur.
Aqil Əsədov, Bizim.Media, Aran bürosu