Orta məktəblərdə dərslərin saat 08:00-da başlaması ilə bağlı narazılıq - PROBLEM

Orta məktəblərdə dərslərin saat 08:00-da başlaması ilə bağlı narazılıq - PROBLEM

Hazırda oxunan: Orta məktəblərdə dərslərin saat 08:00-da başlaması ilə bağlı narazılıq - PROBLEM

121963

Valideynlər  ibtidai siniflər üçün dərs saatının  08:00-da başlamasından narazıdırlar. Onların fikrincə, dərslərin səhər erkəndən başlaması azyaşlı övladlarında gərginliyə səbəb olur. Nəzərə alsaq ki, hər şagirdin yaşadığı ev məktəbə yaxın deyil, onlar məktəbə gedib çatmaq üçün uzun-uzadı yol qət edir, bir neçə ictimai nəqliyyat dəyişməli olurlar, bu zaman problem daha da dərinləşir. Bəzi hallarda valideynlər övladlarını dərsə çatdırmaq üçün saat 7:00 və daha tez evdən çıxmalı olurlar.

Övladı Abşeron rayonu Mehdiabad qəsəbəsindəki 5 nömrəli məktəbdə təhsil alan valideyn Rasim Həsənov (ad şərtidir) Bizim.Media-ya bildirib ki, uşaqları saat 07:00-da ancaq yuxudan qaldırmaq olur. Tələm-tələsik, çox zaman səhər yeməyini belə yemədən, dərsə qaçırlar. Ən azı dərslərin başlamasına yarım saat qalmış evdən  çıxmalıdırlar ki, vaxtında dərsə çatdıra bilsinlər.

Yuxudan tam oyanmayan uşaq dərsə necə diqqətini verəcək? Üstəlik bu vəziyyət uşaqda gərginlik yaradır. Onların gözündə dərslərin çətinliyini artırır”. 

Qeyd edək ki, bununla  bağlı söhbət apardığımız  bir çox valideynlər  övladlarının eyni halı yaşadığını, heç olmasa aşağı siniflər üçün dərs saatının 09:00-dan sonra başlamasının vacib olduğunu dedilər.   

Bizim.Media-ya açıqlama verən  təhsil eksperti, pedaqoq Nadir İsrafilov bir sıra məqamlara toxunub:

“Məktəblərdə, o cümlədən də ibtidai siniflərdə dərs saatlarının dəyişdirilməsi məsələsi dəfələrlə gündəmə gətirilsə də, heç də hamı tərəfindən birmənalı qarşılanmayıb. Dərslərin  8:00-da başlaması sovet təhsilindən qalma miras kimi dəyərləndirilib, səhər tezdən məktəbə getməyin azyaşlıların orqanizminə bir sıra mənfi təsirləri olduğu, o yaş kateqoriyasında olan uşaqların əksəriyyətinin çox erkən saatlarda dərslərin başlamasına görə diqqət dağınıqlığı kimi problemlər yaşadığı vurğulanıb. Dünya təcrübəsindən nümunələr gətirərək dərsə saat 10-11-dən sonra başlayan uşaqların digərləri ilə müqayisədə qat-qat daha çalışqan olmaları təsdiqini tapıb. Bir qrup mütəxəssis isə belə düşünür ki, bu məsələ nəzəri baxımdan deyilə bilər, amma bunu əsaslandırmaq lazımdır”. 

Ekspert bildirib ki, bütün bu fərqli və bir-birinə zidd fikirlərə baxmayaraq  nazirliyin müvafiq əmrilə təsdiq edilmiş əsasnaməyə görə, orta məktəbin pedaqoji şurası müəssisənin iş rejimində dəyişiklik edə bilər:  

“Məsələyə münasibət  bildirən elm və təhsil naziri Emin Əmrullayev də son açıqlamalarından birində bildirib ki, əgər valideynlər dərsin saat  9:00-da başlamasını istəyirsə, bu mümkündür. Bizim üçün tənzimləyici qurum olaraq dərsin 8:00-da və ya 9:00- da başlamasının fərqi yoxdur. Məktəb öz vəziyyətinə baxıb qərar verə bilər”,-deyə ekspert bildirib.  

N. İsrafilov bildirib ki, təhsilin dövlət standartları olduğu kimi, reqlament  standartları da olmalıdır: 

“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi təhsil sahəsində dövlət siyasətini və tənzimlənməsini, təhsil prosesinə ümumi rəhbərliyi həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi son sözü də deməlidir. Ancaq bunu sözlə yox, konkret təlimatla verməlidir ki, dərslər 08:00-da, yoxsa 09:00-da başlasın”.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO