Bu gün əksər qurumların “qaynar xətt”inə düşmək hünər istəyir. Əsasən də xidmət sahələrinin -“Azərsu”ASC, “Azərişıq”ASC, “Azəriqaz” İB, “Azəristiliktəchizat” ASC, “Aztelekom” MMC-nin və digər təşkilatların “qaynar xətt”lərinə düşmək mümkün olmur. Cağrı Mərkəzlərinə edilən zənglər 15-20 dəqiqə gözləmədə qalır sonra şəbəkə qapanır. Nəticədə vətəndaş həm pul itirir, həm də informasiya almaq hüququ tapdalanır.
Bəs, belə vəziyyətdə vətəndaş nə etməlidir? Hansı hüququ addımı atmalıdır?
Məsələ ilə bağlı Bizim.Media-ya danışan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov bildirdi ki, hələ 2009-cu ildə dövlət qurumlarının “qaynar xətt”lərinin monitorinqini keçirtmişdik:
“Bizim monitorinqimizin nəticələri Beynəlxalq İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatınının aylıq nəşrində yer almışdı. O zaman, vəziyyət indikinə nisbətən xeyli yaxşı idi. Baxmayaraq ki, bizim hesabatda xeyli iradlar var idi. Ötən 14 ildə vəziyyət dəfələrlə pisləşib.Ümumiyyətlə “qaynar xətt”i normal işləyən cəmi bir neçə dövlət qurumu var. Əksər qurumların “qaynar xətt”i bərbad gündədir. Bəzi qurumlar hətta hələ də “qaynar xətt”i avtomatlaşdırmayıb”.
Sahib Məmmədov onu da qeyd etdi ki, əksər qurumların “qaynar xətt”nə düşmək sadəcə mümkün deyil:
“Bəzi qurumların “qaynar xətt”inə zəng edərkən 30-35 dəqiqə gözləyirsən sonra hansısa milli və yaxud klassik musiqini verirlər. Musiqi qurtaranda isə telefon çox zaman qapadılır. Baxmayaraq ki, korrupsiyaya qarşı mübarizə tədbirlərini gücləndirmək, süründürməçiliyin aradan qaldırmaq və operativliyi təmin etmək üçün “qaynar xətt” ideyası ortaya atılıb. Lakin, bu xoş məram hələ də öz müsbət nəticəsini vermir. Ən pisi də odur ki, bu sistemə nəzarət etməli olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “qaynar xətt”inə düşmək də mümkün deyil. Mənim şəxsi qənaətimə görə bu məsələdə ən böyük problem məhz bu Nazirlikdədir. Praktik olaraq bu nazirlikdən “qaynar xətt” vasitəsi ilə cavab verən yoxdur. Çox təəssüf ki, bir çox məmurlar, xüsusən də cavan kadrlar nədənsə vətəndaşlarla ünsiyyətdən qaçırlar”.
Hüquqşünas onu da əlavə etdi ki,“İnformasiya əldə etmək haqqında” qanuna görə vətəndaşın sorğusu və yaxud müraciəti cavabsız qalması hüquqi məsuliyyət yaradır:
“Əvvəllər belə hallara görə vətəndaş istənilən məhkəmədə öz hüququnu müdafiə edə bilirdi. Amma indi belə mübahisəli məsələlərə İnzibati Məhkəmələr baxır. Bu məhkəmə instansiyasına müraciət prodsedurları isə çox mürəkkəbdir. Ən optimal variant isə Obudsmana şikayət etməkdir”.
Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat xidmətindən bildirildi ki, araşdırma aparılacaq və ən qısa zamanda məsələ ilə bağlı rəsmi cavab veriləcək.
Ona görə də məsələni diqqətdə saxlayacağıq.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:30 / 21.02.2023
QAYNAR XƏTLƏRİN donu niyə açılmır? – Nazirlik SÖZ VERDİ
Hazırda oxunan: QAYNAR XƏTLƏRİN donu niyə açılmır? – Nazirlik SÖZ VERDİ
Hazırda oxunan: QAYNAR XƏTLƏRİN donu niyə açılmır? – Nazirlik SÖZ VERDİ
121566
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.