Prezident İlham Əliyevin uzaqgörən siyasəti həm Azərbaycanın, həm də regionun gələcəyinə xidmət edir.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov belə bir yazı ilə çıxış edib.
MÖVZU İLƏ BAĞLI:
“Dəmir yolu xətti azad olunan ərazilərimizə gediş-gəlişi daha da asanlaşdıracaq” – Deputat - FOTO
Məqlədə deyilir:
“Azərbaycan Ordusunun ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etməsi, ərazi bütövlüyümüzün bərpa olunması bütövlükdə region xalqları və dövlətləri üçün böyük əhəmiyyətə malikdir.
"Başqa sözlə, tarixi ədalətin bərpa olunmasından sonra həm Azərbaycanın inkişafı, həm də bölgənin firavan gələcəyi üçün yeni perspektivlər yaranıb".
Yeni nəqliyyat infrastrukturunun yaradılması rifah və inkişaf vəd edir
Xüsusilə də, işğaldan azad olunmuş torpaqlarımızda bərpa-quruculuq işlərinin başlanması gələcək inkişafa və genişmiqyaslı əməkdaşlığa xidmət edən önəmli addımdır. Həmçinin regionda sabitlik və təhlükəsizliyin möhkəmlənməsi yeni layihələrin həyata keçirilməsindən əhəmiyyətli dərəcədə asılıdır.
Bu baxımdan, Azərbaycanın fəal iştirakı ilə yeni nəqliyyat-kommunikasiya infrastrukturunun yaradılması iqtisadi canlanma vəd edir. Prezident İlham Əliyevin bildirdiyi kimi, bölgəmizin uzunmüddətli inkişafı, sabitliyin təmin edilməsi və müharibə risklərinin sıfıra endirilməsi üçün bölgədə nəqliyyat layihələrinin xüsusi rolu var və burada iştirak edən bütün ölkələr ancaq xeyir götürəcək, fayda götürəcək.
Horadiz-Ağbənd dəmir yolu xəttinin yaradılması tarixi hadisədir
Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu əlaqəsinin yaranması isə müstəsna əhəmiyyət daşıyır. Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə səfəri zamanı Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoyması bu mənada tarixi hadisədir.
Ümumi uzunluğu 100 kilometr olan Horadiz-Ağbənd dəmir yolu xətti, ilk növbədə, Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlarımıza rahat gediş-gəlişinin təmin olunması üçün olduqca əlverişlidir. İkinci tərəfdən, bu nəqliyyat infrastrukturu sosial-iqtisadi cəhətdən çox səmərəlidir.
Yəni yüklərin daşınması ölkəmizin tranzit əhəmiyyətinin və iqtisadi gücünün artması, əməkdaşlığın genişləndirilməsi deməkdir.
"Ən vacib məsələlərdən biri də bu prosesin Naxçıvan Muxtar Respublikasının inkişafına mühüm töhfə olmasıdır. Bununla uzun müddətdir ki, blokada şəraitində olmasına baxmayaraq, tərəqqi yolunda inamla addımlayan muxtar respublikanın davamlı inkişafı üçün yeni imkanlar yaranır".
"Bir sözlə, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində atılan bu addımlar Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoymasına, ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsinə xidmət edir”.
Bizim.Media