Parlamentin dünən baş tutan iclasının gündəliyinə Vergi Məcəlləsində media subyektlərinin (kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxslərin) öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlər, o cümlədən reklam gəlirləri, habelə onlara müvafiq dövlət qurumu tərəfindən verilən maddi yardımların gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad edilməsi məsələsi də daxil edilib.
Eyni zamanda, media subyektləri (audiovizual media subyektləri istisna olmaqla) tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi, habelə Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslər tərəfindən media subyektlərinə (audiovizual media subyektləri istisna olmaqla) media fəaliyyəti ilə bilavasitə bağlı olan işlərin görülməsi və xidmətlərin göstərilməsi əlavə dəyər vergisindən (ƏDV) azad edilir.
Layihəyə əsasən azadolmalar cari ilin yanvarın 1-dən qüvvəyə minməklə 3 il müddətinə tətbiq ediləcək. Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Bizim.Media-ya açıqlamasında jurnalist, ictimai əlaqələr sahəsi üzrə mütəxəssis Arif Əliyev bu addımın medianın inkişafına yönəldiyini desə də, onun kütləvi informasiya vasitələri üçün ciddi nəticələrinin olacağı qənaətində deyil:
“Media subyektlərinin iqtisadi fəaliyyətinə baxsaq, görərik ki, onların arasında faktiki olaraq gəlirlə işləyən media orqanları yoxdur. Televiziyanı çıxmaq şərtilə. Bu mənada bir sıra vergilərdən azad olunma istənilən halda medianın inkişafına yönəlmiş tədbirdir. Amma indiki şəraitdə onun ciddi təsiri olmayacaq. Çünki öncə iqtisadi bazanı yaradıb, sonra vergilər məsələsini düşünmək lazımdır. Yəni medianın iqtisadi bazası olmadığı üçün atılan addımın kütləvi informasiya vasitələrinə hansısa ciddi təsirinin olacağını düşünmürəm”.
“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə düşünür ki, 4 növ vergidən azad olunma media subyektlərinə xeyli dərəcədə maddi fayda verməklə bərabər, perspektivdə daha böyük məbləğlərdə fayda götürmələrinə əsas yaradacaq:
“İllər öncə media subyektlərinə vergi güzəştlərinin tətbiqi ilə bağlı dəfələrlə təşəbbüs qaldırılsa da, buna nail ola bilmirdik. Amma son illər Media Agentliyinin bu istiqamətdə göstərdiyi səylər nəticəsində sonda nəhayət vergi güzəştlərinə nail ola bildik. Bununla bağlı bir neçə dəfə müzakirələr keçirilib.
Medianın vergilərdən azad edilməsi dövlət başçısının və dövlətin mediaya dəstək siyasətinin əhəmiyyətli bir formada davamıdır və onu tamamlayır. Nəticədə mətbuatımız 4 vergi növündən azad edilir. Bu mediamız üçün əhəmiyyətli bir başlanğıcdır. Hazırkı şəraitdə bu addım media subyektləri üçün o qədər də böyük məbləğdə qazanc sayılmaya bilər. Amma unutmayaq ki, media orqanları inkişaf edir. Onların müvafiq icra orqanlarından yardım və ianə alması, istər reklam bazarında daha geniş təmsil olunması, istərsə də çap məhsullarının daha geniş bazarda təqdim olunması baxımından gəlirləri xeyli artacaq.
Bu cəhətdən 4 növ vergidən azad olunmaq media subyektlərinə xeyli dərəcədə maddi fayda verməklə bərabər, perspektivdə daha böyük məbləğlərdə fayda götürmələrinə əsas yaradacaq.
Bu addım medianın inkişafına dövlətin əhəmiyyətli dəstək siyasətinin yeni formada davamıdır.Yəqin gələcəkdə bu istiqamətdə yeni addımlar da atılacaq”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:30 / 18.02.2023
Vergilərdən azad olunma medianın inkişafına dövlətin dəstək siyasətinin DAVAMIDIR
Hazırda oxunan: Vergilərdən azad olunma medianın inkişafına dövlətin dəstək siyasətinin DAVAMIDIR
Hazırda oxunan: Vergilərdən azad olunma medianın inkişafına dövlətin dəstək siyasətinin DAVAMIDIR
121215
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.