Qıpçaqtəpə abidələri nə zaman tam ARAŞDIRILACAQ? - FOTO 

Qıpçaqtəpə abidələri nə zaman tam ARAŞDIRILACAQ? - FOTO 

Hazırda oxunan: Qıpçaqtəpə abidələri nə zaman tam ARAŞDIRILACAQ? - FOTO 

121161

Azərbaycanın qədim yaşayış məskənlərindən olan Qax rayonunun ərazisində xeyli sayda tarix-memarlıq abidəsi var. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Böyük Qafqazın cənub yamaclarında yerləşən kənd və qəsəbələrdəki belə memarlıq abidələri qorunsa da, aranda yerləşən Qıpçaq kəndinin cənubunda, Üzümlü-Ağyazı istiqamətində, Əyriçayın sağ hissəsində, yerli əhali tərəfindən “Əyriçayın təpəlikləri” adlandırılan Qıpçaqtəpə abidəsində isə tam fərqli bir mənzərə ilə qarşılaşırıq. 

Təpəliklər meşə ərazisində yerləşir və burada hər tərəf sınmış, qırıq-quruq maddi-mədəniyyət nümunələri ilə zəngindir. 

Qıpçaqtəpə abidəsi 4 hektar ərazini əhatə edir

Çoxtəbəqəli abidə möhtəşəm yaşayış yerlərindən biridir. Qıpçaqtəpə yaşayış yerində beş hissədə arxeoloji kəşfiyyat qazıntısı aparılıb. Aparılan arxeoloji kəşfiyyat qazıntısı zamanı abidənin üst təbəqələrinin ilk orta əsr və orta əsrlərə aid olduğu müəyyənləşdirilib.

Əyriçay vadisindən başlayaraq Qanıx çaya qədər uzanan bu ərazilər Qıpçaq təpələri adlanır.

Buralar qədim yaşayış məskənləridir. Bir neçə istqamətdə arxeoloji tədqiqatlar aparılsa da yerli sakinlər bildirirlər ki, yenə araşdırmalara ehtiyac var. Çünki hər addımda, hər qarışda qədim məişət əyşalarına, arxeoloji təqdiqat nümunələrinə rast gəlmək mümkündür.

Qıpçaqtəpə abidəsində yaşayış eradan əvvəl V-VI əsrlərdə başlayıb, Antik dövrdə ərazidə küp və torpaq qəbirlərdə dəfnetmə adəti mövcud olub. İlk orta əsrlər və klassik orta əsrlər mərhələsində ərazidə yaşayış şimal və şərq hissədə davam edib. Abidə Qanıx-Əyriçay hövzəsində yerləşən digər Antik və ilk orta əsr Alban dövrü abidələri ilə Torpaqqala - Almalı, Torpaqqala -Lələli, Ağyazı, Qarabulaq, Qalaşəhər) bənzər maddi-mədəniyyət nümunələrini özündə daşıyır.

Nədən Sarı Pir? 

İlkin tədqiqatlar nəticəsində məlum olub ki, son orta əsrlərdə əhali Sarı pir adlı hissədə həyat sürüb, XX əsrdə isə hazırki Qıpçaq kəndinin ərazisində məskunlaşıb. Araşdırmaçı jurnalist Nadir Ziyadlı ilə əraziləri gəzib, tanış oluruq. Nadir müəllim fikirlərini bizimlə bölüşür:

“Bu gördüyünüz qəbirlər yalnız üzdə olanlardı. Bunların yaşı 500-700 civarındadır. Amma ətrafdakı meşəliyə fikir versəniz, əgər ora daxil ola bilsək onda görəcəyik ki, orada çox qədim qəbirlər var. Qəbirlərin çoxu artıq məhv olub gedir. Araşdırmalar zamanı məlum olub ki, burada çoxlu miqdarda ilkin daş dövrünə aid saxsı qırıqları, mikroidlər və sair üzə çıxır”....

Tarixi abidələrlə bizləri tanış edən araşdırmaçı-jurnalist Nadir Ziyadlı tədqiqatların davam etdirilməsini və əhatəsinin genişləndirilməsini zəruri hesab edir:

” Əmin olmaq istəyirəm ki, qədim Qıpçağın tarixini bütün dünyaya çatdırmaq üçün burada çox dərin işlər getməlidir və bu işlər respublika miqyasında tamamilə düzgün aparılaraq ictimaiyyətə çatdırılmalıdır.” 

Arxeoloji tədqiqatlar davam etdiriləcək

Mövzu ilə bağlı AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Albanşünaslıq Elmi Mərkəzinin Qafqaz Albaniyasının maddi-mədəni irsinin arxeoloji tədqiqi sektorundan bildirilib ki, tarix üzrə fəlsəfə doktoru, dosent Taleh Əliyevin rəhbərliyi ilə Şimal-Qərbi Azərbaycanın Alban dövrü arxeoloji abidələri ekspedisiyası bir aya yaxın Qıpçaqtəpə adlanan abidədə arxeoloji qazıntı işləri aparıb. 

Ekspedisiya rəhbərinin sözlərinə görə, tapıntılar içərisində həm əvvəlki ildə, həm də son dəfə tapılmış kiçik qadın bütləri xüsusi diqqət və əhəmiyyət kəsb edir. 

Ekspedisiyanın gələcəkdə davam etdiriləcəyi və əhatə dairəsinin genişləndiriləcəyi qeyd olunub. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO