Türkiyədə zəlzələdən ziyan görmüş şəxslərə kömək məqsədi ilə humanitar yardım dolu daha 3 TIR qardaş Türkiyəyə istiqamət alıb.
Yük avtomaşınlarının biri Xaçmazın Xudat şəhərindən yola salınıb.Həmin TIR-da geyim dəstləri, odun sobaları, generator və qızdırıcı peçlər, yorğan-döşək, yataq dəstləri toplanıb.
Xudat və Xaçmaz şəhər sakinlərinin könüllü və birgə dəstəyi ilə toplanmış humanitar məhsullar yerli icra hakimiyyətinin koordinasiyası ilə yola salınıb. Verilən məlumata görə, yardım aksiyasına hər təbəqədən olan insanlar böyük həvəslə qoşulub.
Təşlkilatçılardan Osman İmamovun Bizim.Media-ya verdiyi məlumata görə, adının çəkilməsini istəməyən şəhər sakinlərindən biri məntəqəyə 2500 manat pul gətirib və bu pula 100 ədəd odun peçi alınaraq yardımlara əlavə edilib.
Yola düşən TIR-ların ikisinə isə un kisələri yüklənib. Qonşu ölkəyə unun göndərilməsi də xaçmazlı iş adamlarının dəstəyi ilə baş tutub.
Xaçmazdan olan tanınmış jurnalist Müqəddəs Mehdiyev Bizim.Media-ya açıqlamasında bildirib ki, Türkiyənin bu çətin günündə hər bir xaçmazlı qardaş ölkəyə yardım etməyi özünə borc bilir.
Bildirilib ki, Xaçmazdan yola düşəN 3 TIR birbaşa Türkiyəyə gedəcək.
Qeyd edək ki, bundan əvvəl xaçmazlıların topladığı 12 "Ford" və bir TlR Bakıya yola salınıb və oradan Türkiyəyə göndərilib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.