Qırmızı Xaç Cəmiyyəti ərinin sağ olduğunu bildirdi, amma... – 31 ilin HƏSRƏTİ

Qırmızı Xaç Cəmiyyəti ərinin sağ olduğunu bildirdi, amma... – 31 ilin HƏSRƏTİ

Hazırda oxunan: Qırmızı Xaç Cəmiyyəti ərinin sağ olduğunu bildirdi, amma... – 31 ilin HƏSRƏTİ

121087

Qaradağlı faciəsindən 31 il ötür. Qana susamış erməni silahlı birləşmələri mühasirəyə aldığı kənddə necə deyərlər daş üstə daş qoymayıb. 

Həmin faciənin ən ağır yükünü daşıyanlardan biri də Vəliyevlər ailəsidi. Qaradağlı sakini Gülnaz Vəliyeva deyir ki, bəzən ölmədiyinə görə peşmançılıq hissi keçirir. Gülnaz xanım gənc yaşlarında beş körpə balasını atasız böyütməyə məcbur olub. Nə qədər məğrur görünsə də həmin illəri xatırlayanda göz yaşlarını saxlaya bilmir.

Çünki o, həyat yoldaşı Əliyev Fazil Cavad oğlu ilə yanaşı qardaşı Tağıyev Zakir Gülüm oğlunu, qaynını və bacısını da soyqırımda itirib:

"Vəziyyət çox ağır idi. Yoldaşım məni və uşaqları kənddən çıxarıb Ağdama gətirdi. Sonra da bizimlə sağollaşıb kənddə qayıtdı. Ondan sonra isə bir xəbər tuta bilmədik. 20 gün sonra Qırmızı Xaç Cəmiyyətindən xəbər gəldi ki, sağdır. Ancaq 40 gün sonra meyitini aldıq", - deyir Gülnaz Vəliyeva.

Kəndi yerli əhali ov silahları və ora ezam olunmuş az sayda silahlı polis nəfərləri ilə birgə müdafiə edib. Ancaq ərazidə olan 366-cı motoatıcı alaydan həm canlı qüvvə həm də hərbi texnika baxımından dəstək alan erməni terrorçuları mühasirə dairəsini daraldaraq kəndi işğal edir. İşğal zamanı 118 nəfər əsir götürülür, 33 nəfər güllələnir. Ümumilikdə əsir götürülənlərdən 68 nəfəri öldürülür, 50 nəfəri böyük çətinliklərlə əsirlikdən azad edilir. 

Soyqırım şahidi Gülüm Tağıyev deyir ki, 1988-ci ildən kənd əhalisi erməni qəsbkarları ilə mübarizə aparıb. Lakin həmin dövrdə ölkədə olan qeyri-sabit siyasi vəziyyət nəticəsində kənd əhalisi köməksiz qalıb: 

"Kəndin dörd tərəfində post qurulmuşdu. Ruslar Ağdam tərəfdən gələnlərə maneə olurdu. Bizim isə hərəkətimiz məhdud idi. Başımıza gələn faciə ermənilərin ayaq açmasına, başqa hadisələr törətməsinə rəvac verdi. Övladımı və bir çox qohumlarımı itirdim. Bu günə şükür edirəm ki, ən azı qisasımız alındı və biz yaxın gələcəkdə öz torpağımıza qayıdacağıq".

Gülnaz Vəliyeva əlavə edir ki, faciə baş verəndə kiçik övladının iki yaşı olub. O, şəhid atasını xatırlaya bilmir. Ancaq buna baxmayaraq böyük ümidlərlə cəmiyyətə yararlı övladlar yetişdirib, üç qız köçürüb, iki oğul evləndirib:

“Nəvələrim mənə böyük təsəllidilər. Onları evimizin divarlarından baxan şəhid şəkillərinin qüruru ilə halal zəhmətlə böyütdüm. Böyük oğlum hazırda polisdi və Xocavənd rayonu ərazisində xidmət edir. Digər oğlum isə uzun müddət hərbi sahədə çalışıb. Bir şəhid ailəsi kimi bizə qələbə sevinci yaşadan Ali Baş Komandanımıza öz dərin minnətdarlığımı bildirirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin".
















Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO