Ermənilərin Qarabağda Azərbaycan xalqına qarşı həyata keçirdikləri qanlı cinayətlərdən biri Qaradağlı faciəsidir.
Bizim.Media xəbər verir ki, 1992-ci il fevralın 17-də törədilən Qaradağlı faciəsi əslində bir günün, bir gecənin hadisəsi deyil, iki yüz ilə yaxın müddətdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı davamlı olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı idi.
XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilər “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə ərazi iddiaları irəli sürdülər.
Yerevanda və ermənilərin Qərbdə olan himayədarları tərəfindən hazırlanmış plana uyğun olaraq, 1988-ci ilin əvvəllərindən etibarən Dağlıq Qarabağın iqtisadi geriliyi pərdəsi altında vilayətin Ermənistana birləşdirilməsi üçün Xankəndidə və Yerevanda tətillər keçirilir, mitinqlər təşkil edilirdi. Getdikcə vəziyyət daha da gərginləşir, Qarabağın dağlıq hissəsində azərbaycanlı əhaliyə qarşı təzyiqlər, təqiblər, silahlı hücumlar təşkil edilirdi. Əsas məqsəd azərbaycanlıları Dağlıq Qarabağdan sıxışdırıb çıxarmaq idi.
1991-ci ilin sonları - 1992-ci ilin əvvəllərində Qarabağda vəziyyət daha da ağırlaşdı. Erməni silahlıları Qarabağın dağlıq hissəsində azərbaycanlılar yaşayan kənd və qəsəbələri mühasirəyə alaraq bir-birindən təcrid edir, daha sonra işğal edərək, dinc əhaliyə divan tutur, evləri, təsərrüfatları qarət edərək yandırırdılar. Bir sözlə, erməni silahlı dəstələri Cəmilli, Kərkicahan, Quşçular, Malıbəyli, Meşəli, Qaradağlı kəndlərinin işğalı zamanı dinc əhaliyə qarşı hərbi cinayətlər törətmişdilər.
Qarabağ müharibəsində Xocavənd rayonunun ən çox faciələrə düçar olan, ağrı-acı yaşayan kəndlərindən biri Qaradağlıdır.
Qaradağlı kəndi Xocavənd rayon mərkəzindən 13 kilometr qərbdə, Xocavənd-Xankəndi avtomobil yolunun kənarında, dağətəyi ərazidə yerləşir. 1988-ci ildə Dağlıq Qarabağda erməni separatçıları baş qaldırdıqdan sonra Xocavənd rayonunun Qaradağlı kəndinin də qara günləri başladı. Kəndin sakinləri böyüyüb boya-başa çatdıqları doğma yurdun hər qarışı, hər daşı uğrunda mübarizəyə qalxdı, onlarla kənd sakini ermənilərə qarşı qeyri-bərabər döyüşlərdə şəhid oldu.
1990-cı il noyabrın 24-də 3 nəfər kənd sakini Xocavənd-Xankəndi yolunun 6 kilometrliyində erməni quldurları tərəfindən vəhşicəsinə qətlə yetirildi. 1991-ci il yanvarın 9-da kəndə gələn UAZ markalı avtomaşın ermənilər tərəfindən atəşə tutuldu, bir nəfər öldürüldü, 4 nəfər yaralandı. Onlardan 2-si sonralar aldığı yaralardan dünyasını dəyişdi.
Ermənilər 1991-ci il martın 8-də kəndin yaxınlığında 2 nəfəri vəhşicəsinə qətlə yetirdilər.
Həmin il iyunun 28-də kəndin 3 kilometrliyindəki fermada 6 sakin - 3 kişi və 3 qadın diri-diri yandırıldı. 1991-ci il sentyabrın 8-də Ağdamdan Qaradağlıya gələn sərnişin avtobusu Xocavənd-Xankəndi yolunun 5-6 kilometrliyində erməni quldurları tərəfindən atəşə tutuldu. Avtobusdakı 40-a yaxın sərnişindən 2-si oğlan, 6-sı qadın həlak oldu. 1992-ci il yanvarın 8-də kəndin yaxınlığında daha bir azərbaycanlı vəhşicəsinə qətlə yetirildi, 100-ə yaxın mal-qara ermənilər tərəfindən qənimət kimi aparıldı.
1992-ci il fevralın 14-də erməni quldurları xarici muzdluların, xüsusilə Xankəndidə yerləşən sovet ordusunun 366-cı alayının texnikasından və canlı qüvvəsindən istifadə etməklə əlaqəsi hər tərəfdən kəsilmiş, köməksiz qalan Qaradağlı kəndinə hücuma keçdilər. Kənddə olan 104 sakin və 14 əsgər sonuncu gülləyə qədər 4 gün düşmənlə mübarizə apardı. Döyüşlərdə biri qadın olmaqla, 14 nəfər həlak oldu.
Silah–sursatı tükənən soydaşlarımız sonda ermənilər tərəfindən əsir və girov götürüldülər, onların növbəti məşəqqətləri başlandı.Kəndin Bəylik bağı adlanan yerində 23 sakin erməni cəlladları tərəfindən güllələndi, əksəriyyəti yaralı halda diri-diri silos quyusunda basdırıldı.
Sakinlərin bir hissəsi Qaradağlı-Xankəndi yolu üzərində yerləşən erməni kəndlərində maşınlardan düşürülərək güllələndi. İki nəfər Zəki bulağında, 2 nəfər Cəmiyyət kəndində öldürüldü. Girovluqda olan 8 nəfər kənd sakininə ermənilər əzab və işgəncələr verərək onları amansızlıqla qətlə yetirdilər. Dörd nəfər müxtəlif dövrlərdə şəhid oldu. Beş nəfərin taleyi bu günə qədər məlum deyil.
Beləliklə, erməni işğalçılarına qarşı 4 il qəhrəmanlıqla mübarizə aparan Qaradağlı kəndi 1992-ci il fevralın 17-də işğal edilərək yandırılıb, dinc əhaliyə qarşı soyqırımı həyata keçirilib.
İşğal zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər güllələnib. Erməni cəlladlar öldürülənləri və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək üzərini torpaqlayblar. Ümumilikdə əsir və girov götürülənlərdən 68 nəfəri öldürülüb, 50 nəfəri böyük çətinliklərlə azad edilib. Girov götürülənlərdən 10 nəfəri qadın, 2 nəfəri məktəbli olub. Azad olunanların 5 nəfəri qadınlar olmaqla, 18 nəfər aldıqları sağalmaz yaralardan sonralar vəfat edib.
Əsirlikdə saxlanılanlara qarşı vəhşi, vandalizm hərəkətləri ilə davranılması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin çəkilməsi, ac-susuz saxlanmaları, döyülərək öldürülmələri insanlığa qarşı törədilmiş cinayət hadisəsi idi. Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi soyqırımı cinayəti nəticəsində Qaradağlı kəndində iki ailənin hər birindən 4 nəfər qətlə yetirilib, 43 ailə başçısını itirib, 146 uşaq yetim qalıb.
Qaradağlıya Ermənistan silahlı qüvvələrinin həmlələri zamanı qətlə yetirilənlərdən 10-u qadın, 8-i məktəb yaşlı uşaq olub.
Kənddə 91 nəfər, sakinlərin hər 10 nəfərindən biri qətlə yetirilib. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər, azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələr və qəbiristanlıq dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb.
Qaradağlı faciəsinin dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə Xocavənd Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Azərbaycan, rus və ingilis dillərində “Soyqırımı: Qaradağlı”, Azərbaycan, rus, ingilis və fransız dillərində “Soyqırımı Qaradağlı: davam edir...” və “Qaradağlı, mübarizə” sənədli filmləri çəkilib.
Ermənistan silahlı qüvvələrinin Qaradağlı kəndində törətdiyi soyqırımla bağlı garadaghli.org internet saytı və “Qaradağlı Soyqırımı şahidlərin dili ilə” kitabı hazırlanıb. Bundan başqa, şəhidlərin xatirəsini əbədiləşdirmək üçün Yeni Qaradağlı, Yeni Xocavənd qəsəbələrində və Nərgiztəpə ərazisində abidə kompleksləri ucaldılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:24 / 17.02.2023
Ermənilərin Qaradağlıda törətdikləri faciədən 31 il ötür
Hazırda oxunan: Ermənilərin Qaradağlıda törətdikləri faciədən 31 il ötür
Hazırda oxunan: Ermənilərin Qaradağlıda törətdikləri faciədən 31 il ötür
120955
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.