“Şollar” suyu indi haralara axır? - 106 yaşlı kəmər haqqında həqiqətlər XÜSUSİ REPORTAJDA

“Şollar” suyu indi haralara axır? - 106 yaşlı kəmər haqqında həqiqətlər XÜSUSİ REPORTAJDA

Hazırda oxunan: “Şollar” suyu indi haralara axır? - 106 yaşlı kəmər haqqında həqiqətlər XÜSUSİ REPORTAJDA

120813

Şollar suyu haqqında tarixi faktlarla bərabər rəvayətlər də çoxdur. Bir zamanlar onun hər damlası Abşeron yarmadası üçün əsil həyat mənbəyi idi. Şolların Bakıya axışı ilə şəhər əhalisinin 90 faizi tamında duz olan kəhriz sularından azad olmuşdu.

Amma o su elə də asan Bakıya axmayıb… Hekayəsi çox uzundur. 

Şollar suyunun tam mənbəyində…

Xüsusi reportaj hazırlamaq üçün Xaçmaz rayonunun Şollar kəndinə gedəndə belə bir mənzərə ilə rastlaşacağımı heç ağlıma gətirməzdim. Bu vaxta qədər Siyəzən rayonu ərazisindən keçən Şollar su kəmərinin ancaq dəmir turbalarını, nasos məntəqələrini və mühafizə zolaqlarını görmüşdüm. 
Çox ciddi mühafizə olunan strateji əhəmiyyətli bu obyektdə bizi öncə bu unikal məkanı qoruyan polis əməkdaşları qarşılayır. 

DİN-in mətbuat rəsmisi Elşad Hacıyev:

"Azərbaycanın ən uzunömürlü, həm də nadir su kəməri olan Şollar kəməri DİN-in müvafiq şöbəsinin əməkdaşları tərəfindən 24 saat fasiləsiz mühafizə edilir. Kəmərin mənbəyindən başlayaraq yolboyu polis əməkdaşları strateji əhəmiyyətli bu xəttin çox ciddi qorunmasını təmin edir".

Burada rəsmi qeydiyyata alındıqdan sonra “Azərsu” ASC-nin Ceyranbatan su təchizatı idarəsinin Z.Tağıyev adına Şollar su kəməri kompleksinin direktoru Kərəm Şahquiyevlə əraziyə daxil oluruq.

Kompleks 225 hektar sahəni əhatə edir. Meşələrlə əhatələnmiş Şollarla ilk tanışlığımız kəmərin layihələndirilməsi, tikintisi və istismarı zamanı istifadə edilmiş əşyaların sərgisindən başlayır. Həm həyətdə, həm də sərgi otağında Şollar kəmərinin tarixi eksponatları diqqəti cəlb edir.

Öyrənirik ki, bütün bu avadanlıq və alətlərin hamısı mərkəzdən kəmərin 100 illik yubileyində gətirilib və yubiley zamanı bura 37 ölkədən gələn turistlərə bu ilkin əyşalar nümayiş olunub.

Müsahibimiz Kərəm Şahquliyev bizi muzeydəki bəzi eksponatlarla tanış edir. Kəmərin çəkilməsindən əvvəl, 20-ci əsrin ilk onilliyində Bakıya araba ilə su daşınmasından tutmuş bir əsrdən çox yaşı olan qədim sayğaca qədər bizi tanış edir.

Muzey Azərbaycanın su tarixi kimi Ginnesin rekordlar kitabına düşməyə layiq birsərgidir, söyləsək, heç də səhv etmərik.
Sonra Şollar suyunun mənbəyi ilə maraqlanırıq. Su kəməri artezian üsulu ilə qazılmış 24 quyunun bulaq və lay sularından qidalanır. Birinci sifon tunelə 16, ikinciyə 5, üçüncüyə 3 quyunun suyu ötürülür.

Dördüncü kartaj xəttinə lay suları və 32 bulaq qoşulur. Buradakı su nasos stansiyasına qədər öz gücünə axmaqla-özaxımlı hərəkət edir. Burdan isə nasoslarla Müşfiqabad qəsəbəsinə ötürülür. Su buradan yenə öz gücünə axmaqla Bakı şəhərinə verilir.

Şollar su axınlarının qovuşduğu məkan

Xüsusi geyimlərlə bu hövzəyə daxil oluruq. Çox maraqlı və nadir su xəttinin mənbəyindəyik. Anbar, loru dildə desək, kasavari-badya formasındadır. Dörd girişi və bir çıxışı var. Şollar-Bakı Su qurğuları Komleksinin sahə rəisi Valeh Talverdiyev su tənzimləyici aralıq kamerasından götürdüyü Şollar suyuna qonaq edir.

Dunduru, şəffaf və dünyanın ən saf suyu olan Şollardan məhz yerində içmək də qusmətimizdə varmış. Qışın günü buz kimi dağlardan gələn təmiz suyu içmək də hamının işi deyil. Öyrənirik ki, su tənzimləyici aralıq kamera həm suyu tənzimləyir, həm də suyun magistral su kəmərinə girişini tənzimləyir.

Öyrənirik ki, anbara daxil olan 4 girişin birincisi öz axını ilə gedən, biri 14 quyudan çəkilmiş sifon xətt, biri 36 bulaqdan çəkilmiş və biri isə 7 quyudan çəkilən su xəttləridir. Ümumilikdə, burada 24 quyu qazılıb, onlardan ikisi kəşfiyyat, biri isə əlahiddə quyudur.

Şollar-Bakı Su Qurğuları Kompleksinin direktoru Kərəm Şahquliyev düz 106 yaşı olan 24 quyunun hamısının indi də işlək vəziyyətdə olduğunu deyir. Onun sözlərinə görə, mənbəyini Şahdağdan alan yeraltı çay və bulaqlar Şollar kəndində ən optimal su mənbəyi olub.

Maraqlıdır, indi əsrdən çox yaşı olan Şollar suyunun həcmində dəyişiklik varmı?

Təbii ki,var. Kompleksin sahə rəisi Valeh Talverdiyevin açıqlamasına görə, azalma son illər yeraltı bulaqların keçdiyi ərazilərdə yerli sakinlərin suvarma məqsədi ilə artezian quyular qazması və müşahidə edilən quraqlıqla bağlıdır.

Əgər suyun hündürlüyü əvvəllər 1 metr 52 sm idisə, indi bu rəqəm 1 metr 31 sm-ə qədər enib. Belə olan təqdirdə saniyədə 800 kubmetr su verən Şollarda indi bu rəqəm 760 kubmetr təşkil edir. Təbii ki, təbiətin gur sululuq dövründə burada da artım yenidən özünü göstərir.

Başı qarlı Şahdağdan başlayıb gələn şollar suyu dağların, münbit torpaqların süzgəcindən keçdiyi üçün saf, buz kimi soyuq olmaqla bərabər, həm də minerallarla zəngindir. Tərkibi təmiz olduğu üçün uzun müddət keyfiyyətini itirməyən bu suya onu saflaşdırmaq, təmizləmək üçün hər hansı kimyəvi maddənin əlavə edilməsinə ehtiyac yoxdur.

İnsan orqanizmi üçün çox faydalı olan şollar suyunun tərkibinin dəyişməməsinə səbəb həm də bərk gildən hazırlanmış və çox hissəsi torpağa basdırılmış borulardır. Alimlər, səhiyyə təşkilatları son vaxtlar bu qənaətə gəliblər ki, saf və keyfiyyətli su insanın fiziki sağlamlığı ilə bərabər təfəkkürünün formalaşmasında da mühüm rol oynayır.

Şollar su kəmərinin ümumi uzunluğu Bakıyacan 187, Sumqayıt şəhərinin  Zeynalabdin Tağıyev qəsəbəsinə qədər isə uzunluğu 147 km-dir.

Kəmərin bir özəlliyi də budur ki, mənbəyindən Tağıyev qəsəbəsinə qədər öz axını ilə hərəkət edir, heç bir nasos və qurğudan istifadə edilməyib. Kəmərin uzunömürlülüyünün sirri isə tikinti zamanı istifadə edilən qum-çınqılın yuyularaq üstünün betonlaşdırılmasındadır.
Kəmər çuqun borulardan, bəzi yerlərdə isə altı çuqun, üstü betondan inşa edilib. Bəzən filankəsin başı ingilis başıdır-dediyimiz loru kəlam burda yerinə düşür. Z.Tağıyevin çox dəstəklədiyi ingilis Lindleyin uzaqgörən ideyasının məhsuludur ki,106 ildir ki, Şollardan gələn su Tağıyev qəsəbəsinə öz axını ilə hərəkət etməkdədir.

Kəmərin sahə rəisi Valeh Talquliyev məlumat verdi ki, çəkiliş zamanı Şollardan gələn su öz axını ilə yalnız Tağıyev qəsəbəsinəcən gəlib, qəsəbədən Sumqayıt istiqamətində isə suyun geri qayıtması müşahidə edilib. (Deyilənə görə,sovet vaxtı Sumqayıt şəhəri salınanda Sumqayıt adı  da buradan götürülüb. Yəni-suyun qayıtdığı yer).

Buna görə indi Tağıyevin adını daşıyan qəsəbədə nasosxana tikilib və nasoslar vasitəsi ilə Müşfiq qəsəbəsinə, oradan da Bakıya su xətti çəkilib. 1917-ci il fevral ayının 20-də Bakıya çatan Şollar suyu paytaxt sakinlərinin içməli su yanğısına məlhəm olub.

Tələbə vaxtlarımlzı xatırladım bu sətirləri yazanda. Yasamalda kirayədə qalanda həyətlərdə iki su kranı vardı. Birinə su Ceyranbatandan gələn texniki su, biri isə Şollardan verilən və krana fasilələrlə verilən Şollar suyu idi. Adına şirin su deyirdilər. 

Bəs indi bu şirin su şəhərin hansı ərazilərinə axır?

Sualımıza cavabı “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı cavab verir:

“Şollar suyu hazırda Sulutəpə anbarına tökülərək Ceyranbatan və Oğuz-Qəbələ-Bakı kəmərinə qarışdırılır və Bakıya verilir. Ona qədər isə Şollar su kəməri Siyəzən, Şabran şəhərlərini, yolboyu kəndlərı, Z.Tağıyev qəsəbəsinı, Sumqayıt stansiyasını, Abşeron rayonunun Müşfiq qəsəbəsini və həmin ərazidə yeni salınan massivləri içməli su ilə təmin edir".

Mütəxəssislərin fikrincə, Şollar kəməri çəkiləndə Lindley layihəni elə zərgər dəqiqliyi ilə verib ki, kəmərin mənbəyində hər hansı tikinti aparıb suyun həcmini artırmaq mümkünsüzdür. Bu, ekoloji fəlakətə yol aça bilər.

Şollar suyunun əsas üstünlüyü isə ekoloji cəhətdən çox təmiz və şəffaf olmasıdır.

Qablaşdırılaraq satılan “Şollar” suyu haradan götürülür?

Kompleksin direktoru Kərəm Şahquliyev mağazalarda satılan “Şollar” suyunun Şolların mənbəyindən götürülməsi faktını təkzib edir. Onun sözlərinə görə, həmin Şollar suyu Xaçmazın Susay kəndi ərazisindən götürülüb. İstehsalçılar reklam üçün həmin suya Şollar adını veriblər. Həmin suyun Şollar su kəmərinə heç bir audiyyatı yoxdur.

Məşhur su kəməri hansı səbəbdən Şollar adlandırılıb?

20-ci əsrin əvvəllərində Bakıda əhalinin sayı xeyli artır və bu da içməli su böhranı yaradır. Bu vaxta kimi olan su quyuları, kəhrizlər artıq yetərli olmur. Xeyriyyəçi Z.Tağıyevin təkidi ilə şəhər rəhbərliyi ingilis Vilyam Lindleyi Bakıya  dəvət edir.

Məhz Lindleyin kəşfiyyat xarakterli axtarışları nəticəsində Bakıya su kəmərinin Xaçmazın Şollar kəndindən çəkilməsi qərara alınır.1909-1917-ci illıərdə çəkilmiş ilk unikal su kəmərinin reallaşmasına da ilk olaraq Hacı Zeynalabdin 25 min rubl verməklə dəstəyini və xeyir-duasını verir.

Lindley kəmərin adını Şollar kəndinin adından götürüb. Şollar sözünün mənası şil-şol deməkdir. Yerli inanca görə, bu füsünkar guşəyə müalicə üçün şil, əlil insanlar daha çox gələrmiş. Müxtəlif zamanlarda döyüşlərdə iştirak etmiş çox sayda şil-şol olmuş adamlar bu əraziyə gəlib dincələr, müalicə alar və yayın isti vaxtlarını burada keçirərlərmiş.

Bundan sonra da bu ərazidə balaca bir kənd formalaşmağa başlayıb. Adı da ziyarətçilərin fiziki durumundan götürərək Şollar adlanıb. 

Şollar su kəmərinə səfərimiz başa çatır. Su kəmərində özəl video və şəkillərə görə xaçmazlı bloger Osman İmamova və bu qapalı obyektdə çəkiliş üçün yaradılan şəraitə görə “Azərsu” rəhbərliyinə təşəkkürümüzü çatdırırıq.
Sonda usə kəmərin çəkilişində müstəsna xidməti olan Z.Tağıyevin bir məşhur kəlamını xatırlamaq yerinə düşər:

"Şahdağ öz qarı və bulaqları ilə əbədi olduğu kimi, Şollar çeşməsinin də suyu əbədi olacaq".


QEYD: Material Media Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının - 6.3.17. ekologiya və ətraf mühitin mühafizəsi - bəndinə uyğun olaraq hazırlanıb.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu



























© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO