"Eşitdik ki, zəlzələ olub, dərhal ona zəng elədik, vatsapla da yazdıq. Zəng, mesaj çatsa da, cavab yox idi. Sonra bizə zəng vurub, uşaqların sağ olduğunu, xəstəxanaya aparıldıqlarını dedilər. Ayın 7-nə qədər xəbər gözlədik. Dedik ola bilər ki, məlumat gələ bilər, amma uşaqlardan xəbər olmadı".
Bunu Bizim.Media-nın bölgə müxbirinə müsahibəsində Türkiyənin Malatya şəhərində baş verən zəlzələdə həlak olan azərbaycanlı tələbə Şahin Vəliyevin dayısı Azər Hüseynov bildirib.
Cənazəsi Gəncəyə aparılan mərhum tələbə ilə yaşadığı evdə vida mərasimi keçirilir.
Dayısı bildirib ki, fevralın 7-si bilet alaraq, Türkiyəyə zəlzələ bölgəsinə yollanıb:
"Gördüyüm mənzərə həm kədərləndirdi, həm də şoka saldı. Çünki o binadan əsər-əlamət qalmamışdı. Binanı kim tikib, nə vaxt tikib bilmirəm, amma gördüyüm o idi ki, nə sütunu var idi, nə də digər önəmli konstruksiyaları.
Elə bil ki, qumu smentə qarışdırıb ev tikmişdilər, ona görə də axtarış prosesi bu qədər uzun çəkibmiş. Zəlzələnin 9-cu günü ayın 14-ü axşam Şahinin meyitini tapıb çıxardılar. Dağıntılardan ilk olaraq, mərhum Samirin meyitini çıxardılar, baxdım, dedim yox, bizim uşaq deyil...Sonra elə ikincidə bizim mərhum Şahini çıxardılar. Ürəyim dözmədi".
A.Hüseynov sonra bildirib ki, həmin binadan 2 nəfər zəlzələ zamanı sağ çıxa bilib:
“Onlardan başqa, binadan heç kim sağ çıxmayıb. Şahin haqqında nə deyim, mənim üçün çox ağırdır. Şahin atamın, anamın ilk nəvəsi idi. Universitetə qəbul olundu, yaxşı dostları var idi. İdmanla məşğul olurdu, atlet idi, hətta dağıntılar altından onun medalları və Azərbaycanın bayrağı çıxarıldı...Hamısını özümlə Bakıya gətirmişəm...Təəssüf ki, onun da, bizim də arzularımız ürəyimizdə qaldı", - deyə A.Hüseynov qeyd edib.
Məqsəd Rəhimov, Səkinə Yusibli, Bizim.Media, Qərb bürosu