Azərbaycanlı könüllü gənclərin və ekofəalların Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 67 gündür davam edir.
Bizim.Media xəbər verir ki, ekofəallar hər gün olduğu kimi, bu səhər də Dövlət Himnini səsləndiriblər.
Havanın şaxtalı olmasına baxmayaraq aksiya iştirakçıları yüksək əhvali-ruhiyyədədirlər.
Onların məramı əvvəlki kimi dəyişməz olaraq qalır. Etirazçılar Azərbaycan tərəfinin haqlı tələblərinin yerinə yetirilməsini istəyirlər. Fəallar Qarabağ ərazisində Azərbaycanın təbii sərvətlərinin talan edilməsinə qarşı olduqlarını bildirir, haqlı tələblərinin yerinə yetirilməsini istəyirlər.
Aksiya iştirakçıları qaldırdıqları plakatlarda üzərində rus və ingilis dilində yazılmış “Sərvətlərimizin talanı dayansın!”, “Təbiəti qoruyaq, istismarı qınayaq!”, “Təbiətin milləti yoxdur!”, “Azərbaycan milləti qoruyacaq sərvəti!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Sərvətimiz bölünməz, heç bir kəsə verilməz!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekocinayətə son!” kimi şüarlar səsləndirirlər.
Ərazi humanitar məqsədlər üçün açıqdır, sərbəst hərəkətə heç bir maneə yoxdur.
Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.
Bizim.Media