Azərbaycanın sabiq Baş nazirləri indi haradadır? – ARAŞDIRMA 

Azərbaycanın sabiq Baş nazirləri indi haradadır? – ARAŞDIRMA 

Hazırda oxunan: Azərbaycanın sabiq Baş nazirləri indi haradadır? – ARAŞDIRMA 

120646

Məlum olduğu kimi, hazırda Azərbaycan Respublikasının Baş naziri vəzifəsini Əli Əsədov icra edir. Müstəqil Azərbaycanın sayca 10-cu Baş naziri olan Ə.Əsədov 2019-cu ilin oktyabrından bəri bu vəzifədədir.

Bəs, əvvəlki Baş nazirlərimiz kimlər olub və onlar indi haradadır?

Bizim.Media bu suala cavab axtarıb.

Həsən Həsənov

Müstəqil Azərbaycanın ilk Baş naziri olan Həsən Həsənov 1991-ci il fevralın 7-də bu vəzifəyə təyin olunub. O, 1992-ci ilin 4 aprelinə qədər, ümumilikdə, 14 ay bu postda qalıb. Sonrakı illərdə Azərbaycanın BMT-dəki daimi nümayəndəsi, xarici işlər naziri kimi vəzifələrdə çalışan H.Həsənov 2004-2010-cu illərdə Polşadakı, 2010-2021-ci illərdə isə Macarıstandakı səfirimiz olub. Hazırda 82 yaşı olan sabiq baş nazir hər hansı vəzifəni tutmur.

Feyruz Mustafayev

Həsən Həsənovun baş nazirliyi dönəmində I müavin vəzifəsində olan F.Mustafayev H.Həsənovun vəzifədən azad edilməsindən sonra onun səlahiyyətlərini icra etməyə başlayıb.

Onun Baş nazir kimi fəaliyyət müddəti isə 40 gün çəkib. Feyruz Mustafayev sonrakı illərdə "Azərquşsənaye" Dövlət Şirkətinin, eləcə də Taxıl Məhsulları Dövlət Şirkətinin prezidenti kimi vəzifələri icra edib. 2018-ci ildə dünyasını dəyişib.

Rəhim Hüseynov

14 may 1992-ci ildən etibarən Baş nazir vəzifəsini məhz Rəhim Hüseynov icra etməyə başlayıb. Rəhim Hüsyenovun 8 aylıq baş nazirlik dönəmi 1993-cü il yanvarın 30-da başa çatıb. O, özü bu vəzifədən istefa verib. R.Hüsyenov 1994-cü ildən bəri Beynəlxalq "Xəzər" fondunun prezidenti, eyni zamanda Beynəlxalq Alimlər və Mühəndislər Birliyinin vitse-prezidentidir.

Əli Məsimli

Rəhim Hüseynovun istefasından 6 gün sonra, fevralın 5-də Baş nazir səlahiyyətlərini Əli Məsimli icra etməyə başlayıb. O, cəmi 62 gün, 1993-cü il aprelin 28-dək bu vəzifədə qalıb. 1993-2005-ci illərdə  "Müstəqil İqtisadçılar Birliyi" ictimai təşkilatının prezidenti olmuş Ə.Məsimli 2005-ci ildən bəri, artıq 4 çağırışdır ki, Milli Məclisin deputatıdır.

Pənah Hüseyn

Əli Məsimlidən sonra Baş nazir təyin olunan Pənah Hüseyn 1993-cü il iyunun 30-dək bu vəzifəni icra edib. Sonrakı illərdə siyasi arenada təmsil olunmağa davam edən sabiq baş nazir elmi fəaliyyətlə də məşğul olub. 1995-ci ildən etibarən Azərbaycan Xalq Partiyasının sədri olan P. Hüseyn III çağırış Milli Məclisin deputatı olub. 

Surət Hüseynov

“Qiyamçı polkovnik” Surət Hüseynov 1993-cü il iyunun 30-da Baş nazir postunda Pənah Hüseyni əvəz edib. O, 1994-cü il oktyabrın 7-dək bu kresloda qalıb.  Sürət Hüseynov 1994-cü il oktyabrın 6-da Milli Məclis üzvlüyündən, oktyabrın 7-də isə baş nazir vəzifəsindən uzaqlaşdırılıb.

1994-cü il oktyabrın 14-də Milli Məclis onun cinayət məsuliyyətinə cəlb olunmasına, barəsində həbs qətimkan tədbiri seçilməsinə razılıq verilməsi və Azərbaycanın Milli Qəhrəmanı adından məhrum edilməsi barədə qərar qəbul edib. Azərbaycanı tərk edən Surət Hüseynov 1997-ci ildə Rusiyada saxlanılaraq Azərbaycana gətirilib və 1999-cu ilin fevral ayında məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib. 2004-cü il martın 17-də prezident İlham Əliyevin əfv fərmanı ilə həbsdən azad olunub. Hazırda Rusiyada yaşayan S.Hüseynovun biznes fəaliyyəti ilə məşğul olduğu bildirilir.

Fuad Quliyev

Surət Hüseynovun baş nazirliyi dönəmində I müavin olan Fuad Quliyev sələfinin vəzifədən uzaqlaşdırılmasından sonra bu vəzifəni icra etməyə başlayıb. 1995-ci ilin 2 mayında Baş nazir təyin olunan F.Quliyev 1996-ci il iyulun 20-dək bu postu tutub. Fuad Quliyev ixtisasca iqtisadçıdır. Sabiq Baş nazir hazırda Ukraynada yaşadığı və bizneslə məşğul olduğu deyilir.

Artur Rasizadə

Müstəqillik dönəmində Baş nazir postunda ən uzun müddət qalmış məmur məhz Artur Rasizadədir. O, 1996-ci ildən 2018-ci ilədək bu vəzifəni icra edib. 2018-ci ilin 21 aprelində vəzifəsindən azad edilən A.Rasizadənin hazırda 88 yaşı var. O, hazırda hər hansı vəzifəni tutmur.

Novruz Məmmədov

Novruz Məmmədov Artur Rasizadədən sonra, 21 aprel 2018-ci il tarixindən Azərbaycan Respublikasının Baş Naziri təyin edilib, 8 oktyabr 2019-cu ildə bu vəzifədən istefa verib.

Hazırda 75 yaşı olan sabiq məmur təqaüdçüdür və dövlət idarəetməsində hər hansı yüksək vəzifəni icra etmir.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO