Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Natiq Əliyev Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru vəzifəsinə təyin edilib.
Bizim.Media xəbər verir ki, görkəmli heykəltəraş Natiq Kamal oğlu Əliyev 1958-ci il avqustun 10-da Bakı şəhərində anadan olub.
MÖVZU İLƏ BAĞLI:
Natiq Əliyev Rəssamlıq Akademiyasının rektoru təyin edildi
1974-1978-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxuyub, "Fərqlənmə diplomu" ilə bitirib. 1978-1983-cü illədə V.Muxina adına Sankt-Peterburq Ali Rəssamlıq Məktəbində təhsil alan N.Əliyev Lenin təqaüdçüsü olub.
1989-cu ildə Respublika Gənclər mükafatı laureatı seçilib.
O, 2005-ci ildə Azərbaycan Respublikasının Xalq rəssamı fəxri adına layiq görülüb. 2008-ci ildən Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvüdür.
N. Əliyev uzun müddət Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, heykəltəraşlıq kafedrasında emalatxana rəhbəri və akademiyanın bədii-metodiki şurasının sədri vəzifəsini daşıyıb.
Natiq Əliyev Ümummilli lider Heydər Əliyevin Kiyev (2004), Belqrad (2011), Tiflis (2007), Həştərxan (2010) şəhərlərində ucaldılmış abidələrinin, Xocalı soyqırımı qurbanlarının xatirəsinə Sarayevo (2012), Mexiko (2012), Ankara (2013), Qızılca-hamam (2014) şəhərlərində ucaldılmış abidələrin və bir çox digər əsərlərin müəllifidir.
Memar Zivər bəy Əhmədbəyovun (Bakı, 2011) abidəsi, Fələki Şirvani, Əfzələddin Xaqani, İzəddin Şirvani, İmadəddin Nəsimi, Şirvanşah I İbrahim, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Məhəmməd Hadi, Sultanməcid Qənizadə, Mirzə Məhəmmədhəsənin Şamaxı şəhərində ucaldılmış büstləri N.Əliyevin əsərləridir.
Murad Əhmədov, Bizim.Media