Barələrində cinayət işi açılan bələdiyyələrin adları AÇIQLANDI

Barələrində cinayət işi açılan bələdiyyələrin adları AÇIQLANDI

Hazırda oxunan: Barələrində cinayət işi açılan bələdiyyələrin adları AÇIQLANDI

120547

Ötən il barələrində cinayət işi açılan bələdiyyələr açıqlanıb. 

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik (2022-ci il üzrə) məruzə”də bildirilib.

Qeyd olunub ki, cinayət işi başlanılan bələdiyyələrin bəziləri aşağıdakılardır: 

- Qusar rayonu Kuzun bələdiyyəsinin sabiq sədri tərəfindən bələdiyyə iclasının qərarı olmadan təkbaşına icarə müqaviləsi tərtib edilməklə 510 ha örüş sahəsinin qanunsuz icarəyə verilməsi faktı üzrə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb; 

- Göygöl rayonu Hacıməlik bələdiyyəsinin sədri tərəfindən kollegiallıq prinsipinə zidd olaraq təkbaşına qərar qəbul edilərək 9,48 ha torpaq sahəsinin icarəyə verilməsi barədə saxta iclas protokollarının və qərarların tərtib edilməsi faktı üzrə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1-ci və 313-cü maddələri ilə cinayət işi başlanılıb; 
- Beyləqan rayonu İmamverdili bələdiyyəsinin sabiq sədri tərəfindən kollegiallıq prinsiplərinə əməl edilmədən təkbaşına qərar qəbul edilərək 7,30 ha torpaq sahəsinin qanunsuz icarəyə ayrılması, təmir-abadlıq işlərinin görülməsi adı altında yerli büdcə vəsaitinin qanunsuz xərclənməsi faktları üzrə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1-ci və 313-cü maddələri ilə cinayət işi başlanılıb; 

- Şamaxı rayonu Günəşli bələdiyyəsinin sabiq sədri tərəfindən bələdiyyə iclasının qərarı olmadan 2,88 ha torpaq sahəsinin real dəyərindən 50 min manat aşağı qiymətə qanunsuz satılaraq dövriyyədən çıxarılması, həmçinin təmir-abadlıq işlərinin görülməsi adı altında yerli büdcə vəsaitinin xərclənməsi faktları üzrə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq), 178.2.3-cü, 308.1-ci və 313-cü maddələri ilə cinayət işi başlanılıb; 

- Masallı rayonu Təzəkənd bələdiyyəsinin sədri tərəfindən bələdiyyə iclasında qərar qəbul edilmədən, müvafiq icra hakimiyyəti orqanının rəyləri olmadan, hərrac və müsabiqədən kənar qaydada 44 ha torpaq sahəsinin qanunsuz olaraq ayrı-ayrı şəxslərin icarəsinə ayrılması faktları üzrə Masallı rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü maddələri ilə cinayət işi başlanılıb; 

- Zərdab rayonu Dəkkəoba bələdiyyəsinin sədri tərəfindən bələdiyyə iclasında qərar qəbul edilmədən hərrac və ya müsabiqədən kənar qaydada bələdiyyə mülkiyyətinə aid 28 ha torpaq sahəsinin real dəyərindən aşağı qiymətə icarəyə ayrılması faktı üzrə Zərdab rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.3-cü, 179.2.2-179.2.4-cü (mənimsəmə və ya israf etmə), 309.1-ci, 312.1-ci (rüşvət vermə) və 313-cü maddələri ilə cinayət işi başlanılmışdır. 

Qeyd olunanlarla yanaşı, Qobustan rayonu Qobustan, İmişli rayonu Bəcirəvan, Sabirabad rayonu Qaralar və digər bələdiyyələrin vəzifəli şəxsləri barəsində də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb. 
Həmçinin Bakı şəhəri Xətai, Abşeron rayonu Masazır, İmişli rayonu Qulubəyli, Biləsuvar rayonu Ağalıkənd və digər bələdiyyələrin vəzifəli şəxsləri barəsində toplanmış sənədlər aidiyyəti üzrə istintaq orqanlarında baxılmaqdadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO