“Zəlzələni durdurmaq mümkün deyil, ancaq insanları maarifləndirmək ki, öz əlimizdədir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa sosial şəbəkə hesabında yazıb.
Deputat mütəxəssislərin Bakıda zəlzələ riskinin olması ilə bağlı xəbərdarlıqlarına da diqqət çəkib:
“Bizdə istər yaşayış binalarının, istər də gecəqonduların inşası metodologiyası ilə tanışlığı olanlar öz təsəvvürlərində hansı fəlakətə şahid ola biləcəyimizi canlandırmaqda çətinlik yaşamazlar. Maraqlıdır ki, çox sayda tikinti anlayışı olmayan insanlar əllərinə bir az artıq vəsait düşən kimi pul qazanmanın ən rahat yolu kimi yaşayış binasının tikintisinə üstünlük verdilər. Tikintidən anlayışı olmayan vicdanlı iş adamlarının belə güvənini doğrutmayan inşaat mühəndisləri və briqadaları barədə də bilgilər vardı.
Üstəlik də son dörd-beş ildə bu sahədə qanunvericilik sərtləşdirilənədək tikintiyə icazə alınmasında rüşvət mexanizminin necə işlədiyindən hamımızın bilgisi yetərincədir. İaşə obyektləri, körpülər, məktəblər, xəstəxanalar və idman komplekslərinin də tikintisində korrupsiya elementləri səbəbindən sementdən, armaturdan və başqa standartlardan nə qədər uzaqlaşdığından şübhələnməyə xeyli əsas verir.
İnhisarçılığın keyfiyyətsiz və alternativsiz armatur seçimi məsələsində nə qədər təhlükəli durum yaratdığını da məhkəmə predmeti olduğunda aydın görmüş olduq. İndi qınadığımız iş adamlarını məhz bu armaturlardan binanı tikməyə məcbur olduğunu da indi heç bir halda gözardı etmək olmaz. Buraya seysmoloji instansiyalardan rəy alınmaması faktını da əlavə edərsək, Bakının hansı hissəsinində binaların çoxmərtəbəliliyinin necə müəyyənləşməsinin də bir xaos vəziyyətində olduğunu görərərik.
Bu mövzular ona görə indidən açıq müzakirə olunmalıdır ki, hadisə baş verəndən sonra yığışıb ölülərimizə mərsiyə deməklə işimizi birmiş hesab etməyək”.
Deputat zəlzələ ilə bağlı tədbirlərin, toplanma yerlərinin təşkil olunmasının vacibliyindən də söz açıb. Fazil Mustafa zəlzələ ilə bağlı tədbirlərin bələdiyyələrə həvalə olunmasını təklif edib:
“Yerlərdə konkret məsuliyyətli özünüidarə sistemi olmadan bu cür qabaqlayıcı tədbirlərinin alınması xeyli çətindir. Yəni bu işi məmurların öhdəsinə buraxmaq pandemiya dövründə müavinət almalı olan insanların dəqiq sayının təsbit edilməməsinə bənzər durumu yenidən üzə çıxara bilər. Bu bələdiyyələr öz bölgələrində binaların real durumunu ixtisaslaşmış qurumlarla daha dəqiq və güzəştsiz təsbit edə bilərlər. Ardınca hamının bilgiləndirildiyi etibarlı toplanma kampları məhəllələr və ya bələdiyyə əraziləri üzrə yaradılmalı və lazımi avadanlıqlara təchiz edilməlidir”.
Millət vəkili dövlət və özəl müəssisələrində maarifləndirici tədbirlərin görülməsinin və seysim vəziyyətin tam nəzarətdə saxlanılması üçün bu sahədə savadlı və vicdanlı kadrların önə çəkilməsinin vacib olduğunu qeyd edib:
“İndi binaların təkrar yoxlanılması barədə qərar verilsə də Azərbaycan şərtlərində bunun sahibkarlar üçün hansı ağır bədəli olacağını və obyektivliyin nə dərəcədə gözlənəcəyini söyləməkdə çətinlik çəkirəm. Yəni bundan sonra nəyisə yıxmaq, nəyisə yeniləmək yolunu seçməyin hansı sosial çətinlikləri də özü ilə gətirəcəyini təsəvvür etmək mümkündür. Məncə, ağırlığı bu təhlükə qarşısında insanın özünü necə qoruması, habelə dövlətin və bələdiyyənin dərhal hansı tədbirləri görəcəyi barədə barədə təlimatların və real tədbirlər planının hazırlanması işinə yönəltməliyik.
Hər şey; "Bu andan etibarən məsuliyyətsizliyə yol verməyək, əks halda öz yaxınlarımızı da məhvinə qərar vermiş oluruq!" tələbi üzərindən gec də olsa, güc də olsa başlamalıdır. Başqa təkliflər də ola bilər. Hər halda bu işi mütəxəssislər daha yaxşı bilirlər, onları müvafiq dövlət qurumu dinləməli, onların rəyinə hər tikilən bina ilə, onun yeri ilə bağlı diqqət yetirilməlidir. Türkiyə ilə bağlı yardım kampaniyasında gördüyümüz mənzərə möhtəşəmdir.
Azərbaycan insanın bu duyarlılığı həm də bizim cəmiyyət olaraq həmrəylik inancımızı yenidən canlandırdı. Bircə qalır məsuliyyətdə həmrəy olmamız, onu da bacarsaq, mümkün fəlakətlər zamanı faciələrimizin miqyasını çox-çox azaltmış olaraq. Məsuliyyətdə həmrəylik özlüyündən həmrəylik məsuliyyətini də yaradacaqdır. İnandığım budur: Türkün də, hər bir insanın da məsuliyyətdən, bilgidən, ağıldan başqa dostu yoxdur”.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:10 / 13.02.2023
“Əllərinə artıq vəsait düşən kimi bina tikmək istəyirlər” – Fazil Mustafadan XƏBƏRDARLIQ
Hazırda oxunan: “Əllərinə artıq vəsait düşən kimi bina tikmək istəyirlər” – Fazil Mustafadan XƏBƏRDARLIQ
Hazırda oxunan: “Əllərinə artıq vəsait düşən kimi bina tikmək istəyirlər” – Fazil Mustafadan XƏBƏRDARLIQ
120198
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.