Müsavat başqanının həbsdəki müavini, Qarabağ veteranı Tofiq Yaqublunun fevralın 6-da 55 yaşı tamam olur. Bu günlərdə həbsinin 3-cü ilini geridə qoyan vicdan məhbusu, artıq 4-cü doğum gününü də həbsxana divarları arasında qeyd edir.
Başqan müavininin qızı Nigar Yaqublu atası ilə görüş gününün onun doğum gününə təsadüf etdiyini bildirdi: “Atamın həbsdə olması bizim üçün ailə olaraq çox üzücüdür. Xüsusilə 55 yaşını həbsxanada qeyd etməsi daha ağırdır. Çox istərdik ki, bu günü başqa şəkildə keçirək. Nərgiz də kaş yanımızda olardı. Amma təəssüf ki, həyat bəzən istədiyimiz şəkildə olmur. Artıq bu situasiyaya alışmışıq. Atamın azadlığa çıxmasına iki il qalır. Onun 55 yaşını həbsxanada qeyd etməkdən başqa əlindən heç nə gəlmir”x9d.
Vicdan məhbusunun qızı bacısı Nərgiz Yaqublunun vaxtsız ölümünə görə xüsusi bir təmtəraqla doğum günü keçirməyəcəklərini də diqqətimizə çatdırdı: “Ailəmizin bu əhval-ruhiyyədə olmadığını hamı bilir. Yəqin ki, atamın ad günü ilə bağlı fərqli bir şey olmayacaq. Təsadüfən görüş günü fevralın 6-a düşür. Bu görüş günü də, bizim üçün sıradan bir görüşdür. Ailədə heç kim doğum günü qeyd etmək durumunda deyil. Atamın həbsxanada məhbus yoldaşları var. Bu baxımdan görüşə tortsuz getməyəcəyik. Amma bu o anlama gəlməməlidir ki, ad gününü özəl olaraq qeyd edirik. Sadəcə, həbsxana daxilində məhbuslar üçün tort nəzərdə tuturuq. Atam üçün mübarizə həyatında əsas məsələyə çevrilib. Demokratiya uğrunda mübarizə gedirsə, bu yol həbsxanadan keçir. Atam da bunu qəbul edib və bununla barışıb. Sadəcə, nə vaxtsa azad olunacağı günü gözləyir. Başqa qeyri-adi nəsə etmək də mümkün deyil”x9d.
N.Yaqublu atasının həbsinin 3-cü ilində ailələrinə mənəvi dəstəyin olduğunu söylədi: “Atamın 55 yaşının tamam xa0olması münasibətilə təbriklər gəlməkdə davam edir. Sosial şəbəkələrdə çoxsaylı təbrik mesajları ünvanlanır. Atamın həbsinin 3-cü ilində də ailəmizə mənəvi dəstəklər oldu. İlham Hüseynli qonaq gəldi. Bizə mənəvi dəstəyini nümayiş etdirdi. İnsanlar başa düşürlər ki, biz möhkəm ailəyik. Sözsüz ki, burada söhbət bir insan həyatının 3 ilinin oğurlanmasından gedir. Bu acınacaqlı durumdur. Amma reallıqla barışmaq məcburiyyətindəyik”x9d.
Tofiq bəyin qızı atasının yaddaqalan doğum günlərindən də söz açdı: “Son illərdə həyatımızda çox ağır hadisələr oldu. Bir zamanlar çox gözəl ad günləri qeyd edirdik. Hətta atamla anamın doğum günləri eyni ayda müxtəlif günlərə təsadüf etsə də, dostlarla birlikdə bir yerə yığışıb, hər iki ad gününü keçirirdik. Çox şən keçirdi. Amma təəssüflər olsun ki, son 3-4 ildə bu ənənə pozulub. Nərgizin yoxluğu ilə hər şey gözümüzdə önəmini itirdi. Ümid heç zaman ölmür. Ona görə də, hər an atamın azadlığa çıxmasını gözləyirəm. Hətta günü bu gün xa0düşünürəm ki, atam sabah da azadlığa çıxa bilər. Hər şeyi bilmək olmur”x9d.
Müsavat Partiyasından başqan müavininin doğum günü ilə bağlı hər hansı bir tədbirin keçirilib-keçirilməyəcəyi ilə maraqlandıq. Qurumun İcra Aparatının rəhbəri Gülağa Aslanlı bu məsələnin gələn həftənin 1-ci günü Divanın iclasında müzakirə ediləcəyini və bundan sonra qərar veriləcəyini bildirdi.
Qeyd edək ki, 55 yaşı tamam olan Tofiq Yaqublu 1961-ci il fevralın 6-da Borçalı mahalının İncəoğlu kəndində anadan olub. Azərbaycan Kooperasiya Universitetini bitirib. Milli azadlıq hərəkatının fəalı, Qarabağ müharibəsi veteranıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.
1992-ci ildən Müsavat Partiyasının üzvüdür. Binəqədi rayon təşkilatının sədri, Müsavat Məclisinin katibi olub. 1998-ci ildə kütləvi aksiyada iştirakına görə iki il şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. O, həmçinin “Yeni Müsavat”x9d qəzetinin köşə yazarıdır. 2013-cü ildə baş verən İsmayıllı hadisələrinə görə həbs edilən Tofiq bəy Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.(musavat.com)






























































































