Yazağzı immun sistemini zəiflədən ƏSAS SƏBƏBLƏR nədir? - AÇIQLAMA

Yazağzı immun sistemini zəiflədən ƏSAS SƏBƏBLƏR nədir? - AÇIQLAMA

Hazırda oxunan: Yazağzı immun sistemini zəiflədən ƏSAS SƏBƏBLƏR nədir? - AÇIQLAMA

119713

“Qışda 3-4 dəfə yuxarı tənəffüs yollarının infeksiyasının olması immun sistemin zəif olmasından xəbər verir. İmmun sistemin zəifləməsi ilə halsızlıq, yorğunluq hissi, bədənin müxtəlif yerlərində ağrılar, təkrarlayan infeksiyalar, depressiya, saç tökülməsi, diqqət pozğunluğu kimi hallar müşahidə edilə bilər”.

Bizim.Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev açıqlayıb.

Həkim bildirib ki, immun sistemin zəifləməsi nəticəsində orqanizm xarici və daxili mühit amillərinə qarşı həssas olur və xəstəliklərə qarşı mübarizə qabiliyyətini itirir.
İmmun sistemi nə üçün zəifləyir?

Həkim qeyd edib ki, immun sisteminin zəifləməsində anadangəlmə xroniki xəstəliklər və infeksiyalar kimi faktorlarla yanaşı, qeyri-sağlam qidalanmanın böyük təsiri var:

“Araşdırmalar göstərir ki, immunitet sisteminin güclü olması əhəmiyyətli dərəcədə qida rasionundakı makro və mikro elementlərin normasından asılıdır. İmmun sistemin zəifləməsinin ən çox yayılmış səbəbi balanssız qidalanmadır. Az proteinli qidalanma, artıq çəki və həddindən artıq arıqlıq immun sistemini zəiflədən amillərdir.

Qeyd edim ki, A, B6, B12, C, D və E vitaminləri, selen, dəmir və sink immun sisteminin kompleks reaksiyalarını sürətləndirir. Bunlardan hər hansı birinin olmaması bədənimizi xarici amillərə qarşı həssas edir.

Siqaret və alkoqol istifadəsi, radiasiyaya məruz qalma, keyfiyyətsiz yuxu və yuxunun az olması, istirahət etməmək, həddindən artıq stress yükü, tez-tez antibiotik və digər dərmanların istifadəsi immun sistemimizin zəifləməsində rol oynayan əsas səbəblərdəndir”.

İmmun sistemini necə möhkəmləndirməli?

Terapevtin sözlərinə görə, orqanizmə hansı qidaların lazım olduğunu bilmək sağlamlığımız və güclü immun sistemimiz üçün çox vacibdir:

“Daha güclü immun sisteminə sahib olmaq üçün bədən çəkisini nəzarətdə saxlamaq, yəni artıq çəki qazanmamaq, eyni zamanda sürətli bir şəkildə arıqlamaqdan çəkinmək lazımdır.

Bədənimizin mayeyə olan ehtiyacı qədər su için. Əgər ürək-damar sisteminizdə və böyrəklərdə hər hansısa bir probleminiz varsa, içəcəyiniz mayenin miqdarını öz həkiminizlə və ya müalicə edən mütəxəssislə məsləhətləşin;
Yuxu rejimi güclü immunitetin əsas şərtlərindən biridir. Aparılmış elmi araşdırmalar göstərir ki, keyfiyyətli yuxu ilə güclü immunitet arasında birbaşa əlaqə var;

“Fast food”dan uzaq durun, çünki bu qidaların kaloriyası yüksək olmasına baxmayaraq immun sistemə çox da müsbət təsir göstərmir;

İmmun sistemini gücləndirmək üçün ən yaxşı üsullardan biri çoxlu meyvə-tərəvəz yemək və mövsümə uyğun təbii şirələr qəbul etməkdir;

Ümumi gigiyenaya, əsasən də əllərin gigiyenasına diqqət yetirmək vacibdir. Belə ki, sadə şəxsi gigiyena qaydalarına riayət etmək sağlamlığın qorunmasına və möhkəmlənməsinə kömək edir;

Müntəzəm olaraq idmanla məşğul olmaq güclü immun sistemi üçün vacibdir. Elmi araşdırmalar göstərir ki, idman immunitet sistemini aktivləşdirir;

Pis vərdişlərdən (tütünçəkmə və spirtli içkilərdən istifadə) mümkün qədər uzaq olmaq;

Əsəb və stressdən maksimum uzaq durmaq lazımdır.

Bundan əlavə, vitamin D immun sisteminin stimullaşdırılmasında vacib rol oynayır. Vitamin D hüceyrə mikromühitində metabolik stresi azaldaraq orqanizmin təbii immunitetini dəstəkləyən bir vitamindir”.

Həkim onu da vurğulayıb ki, bəzən həkim məsləhəti olmadan xəstəliyin müalicəsi üçün istifadə edilən antibiotiklər və buna bənzər dərmanlar immun sistemin xəstəlik törədicisinə qarşı lazımi müdafiəni qurmasına və inkişaf etməsinə mane olur.
Misal üçün, xəstədə hər hansısa bir virus mənşəli infeksiya varsa, istifadə edilən antibiotik mualicəsi sağalma periodunu uzada, hətta xəstəliyi daha da ağırlaşdıra bilir.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO