Qurtuluş savaşında üzüyünü Türkiyəyə göndərən Azərbaycan qadını indi də cehizlik yorğan-döşəyini qardaşına göndərir...

Qurtuluş savaşında üzüyünü Türkiyəyə göndərən Azərbaycan qadını indi də cehizlik yorğan-döşəyini qardaşına göndərir...

Hazırda oxunan: Qurtuluş savaşında üzüyünü Türkiyəyə göndərən Azərbaycan qadını indi də cehizlik yorğan-döşəyini qardaşına göndərir...

119661

Bu millət Çanaqqalada da birgə döyüşdü, Qurtuluş savaşında da. İndi də bərabər mübarizə aparırıq təbiətin qəzəbinə qarşı. O dağıntılar altında qalan təkcə Türkiyə yox, həm də Azərbaycandır. Öz evimizdə hiss edirik o ağrını.

Dağıntılar altından xilas edilən hər cana birgə sevinir, hər cansız bədənə birgə üzülürük. Biz şairin də dediyi kimi, bir bədəndə iki can, bir ananın iki oğlu, bir amalın iki qoluyuq...

Bir səhər dağıntılara oyanan təkcə Türkiyə deyildi, həm də biz idik. Zəlzələ canımız Türkiyənin 10 bölgəsini darmadağın etdi və ən pisi də odur ki, qarşımızda düşmən yox, təbiətdir.
Üzləşdiyimiz düşmənin xain hücumu yox, təbii fəlakətdir. Və çox istərdik ki, təbiətin yerində düşmən, təbii fəlakətin əvəzində hücum olsun, o zaman heç kimi bizim əlimizdən xilas etmək olmazdı.

Canımız olan Türkiyəni qorumaq üçün sel kimi axar, çay kimi daşardıq. Təəssüf, min təəssüf...

Ana təbiətdən, onun gətirdiyi bəlalardan heç kim sığortalanmayıb. Tarix boyu zəlzələlər olub, olur və olacaq. İndi yaralarımızı sarıma vaxtıdır. Etdiyimiz də məhz budur...



Sərvər Bəşirli köhnə avtomobili ilə Bakı küçələrində Türkiyəyə yardım üçün qaçdığı kimi hamımız qaçmağa, tələsməyə çalışırıq.

Birimiz yorğan, birimiz döşək, birimiz nəyimiz varsa, onu aparırıq, Çanaqqalada olduğu kimi, Qurtuluş savaşında etdiyimiz kimi. Vətən müharibəsində Kahramanmaraşdan olan türkiyəli gəncin nişan üzüyünü Ordumuza göndərdiyi kimi.

Bizim tariximizdə, həyatımızda minlərlə belə nümunə var. Azərbaycan xalqının Türkiyədəki qardaşlarına yardım üçün tələsməsi də böyük tariximizin adi nümunələrindən biridir əslində. 

Bu qardaşlıq nə siyasidir, nə də altında hansısa maraqlar yatır. Nə siyasətçilərimiz, nə ölkə rəhbərlərimiz bir-birimizə münasibətdə siyasət düşünə bilər, nə də millətimiz. Ərdoğana ilk zəngi İlham Əliyevin etməsi də, qardaşlarımızın yardımına ilk Azərbaycan xilasedicilərinin çatması da bunun bariz nümunəsidir.




Türkiyədə bir xanım sosial şəbəkələrdə payladşığı videoda deyirdi ki, “hər kəs kömək edəcəyik deyir, amma Azərbaycan artıq burdadır”. Bu sözlər əslində reallığın ifadəsidir.

Yüz il öncə Qurtuluş savaşında üzüyünü, sırğasını Türkiyəyə göndərən Azərbaycan qadını bu gün cehizlik döşəyini, yorğanını qardaşına göndərir. Zaman bizim qardaşlığımızda heç nəyi dəyişdirməyib, əksinə daha da gücləndirib.

İndiyə qədər Azərbaycan dövlət səviyyəsində axtarış-xilasetmə qruplarını göndərib, həkimlərimiz oradadır, humanitar yardımlar dayanmadan göndərilir.

Könüllülərimiz göndərilir, lazım olarsa yaralılar ölkəmizə gətiriləcək, artıq çarpayılar ayrılıb. Azərbaycan xalqı qardaşları üçün əlindən gələni edir. Azərbaycan dağılmış şəhərlərin bərpasında da qardaşının yanında olacaq.




Bütün bunları borc olaraq etmirik, 100 il öncə də belə idi, indi də. Dağıntılara məruz qalan Türkiyə deyil, bizim hamımızın Vətənidir.

Vətənimizi birlikdə quracağıq, hər daşı birlikdə inşa edəcəyik, yaralarımızı birlikdə sağaldacağıq.

Canımız Türkiyə, bilin ki, tək deyilsiniz. Çanaqqalada, Qurtuluş savaşında, 44 günlük Vətən müharibəsində birlikdə döyüşdüyümüz kimi, indi də birlikdə mübarizə aparacaq, o dağıntıların üzərində daha gözəl, daha güclü Türkiyə quracağıq.

Vasif Həsənli

Demokrat.az xəbər portalının baş redaktoru

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO