Bu gün Qacar İmperiyası və Çar Rusiyası arasında Türkmənçay müqaviləsinin imzalanmasından 195 il ötür. Həmin müqavilə Azərbaycanın Araz çayı sərhəd olmaqla iki hissəyə bölünməsini rəsmiləşdirdi və bir çox gələcək faciələrimizin də təməlinə çevrildi.
Və günümüzdə müqavilənin ləğvinin mümkün olması məsələsi müzakirə olunur. Lakin bu mövzuda fikirlər heç də birmənalı deyil. Bəzi mənbələrdə yazılır ki, bu müqavilə müddətsiz imzalanıb və sazişin vaxtının bitməsinə dair konkret bənd yoxdur.
Digər mənbələrə görə isə hazırda müqaviləni imzalayan imperiyalar olmadığı üçün saziş onsuz da hüquqi qüvvəsini itirib.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən tarixçi alim, dosent Zaur Əliyev ilk növbədə sazişə imza atan subyektlərin hüquqi varis qoymadan ləğv olunması məsələsinə diqqət çəkib:
“1979-cu ildə İslam İnqilabı nəticəsində İran dövləti süqut etdi. Bu zaman da yeni yaranmış İran İslam Respublikası şahlığı xələf kimi görmədi və hər şeyi sıfırdan başlamaq qərarına gəldi. Yəni İran şahlığının hüquq və öhdəlikləri İslam Respublikasına şamil olunmur.
O cümlədən Türkmənçay müqaviləsindən də irəli gələn öhdəliklər və səlahiyyətlər də bura daxildir.
Bu o deməkdir ki, İran Cənubi Azərbaycanı əldə saxlamaq üçün Türkmənçay müqaviləsinə istinad edə bilməz. Bu müqavilə artıq mövcud deyil. Çünki müqaviləni bağlayan subyektlər hüquqi varis qoymadan ləğv olunub”.
Alimin sözlərinə görə, Türkmənçay müqaviləsi Rusiya və Qacarlar arasında ilk dəfə imzalanda 90 il müddət götürülüb, sonradan müddət məsələsi aradan qaldırıb:
“Müqavilədən artıq 200 ilə yaxın bir dövr keçməkdədir. Müqavilə hüquqi qüvvəsini itirib. Müqaviləni bağlayan dövlətlər – Rusiya imperiyası və Qacarlar dövləti artıq yoxdur. Təbii ki, Rusiya bu dövrdən sonra Türkmənçay və Gülüstan müqavilələrindən əl çəkmiş sayılır. Azərbaycanın İrandakı keçmiş səfiri Əlyar Səfərli hesab edir ki, hazırda Şimali Azərbaycanda müstəqil Azərbaycan Respublikası yaradılıb, Azərbaycan xalqı müstəqil dövlət qurub. Güney isə İranın himayəsi altındadır. Əgər müqaviləni bağlayan tərəflərdən biri öz müqaviləsindən əl çəkmişsə, avtomatik olaraq digər tərəf də əl çəkməlidir”.
Zaur Əliyev Türkmənçay müqaviləsinə beynəlxalq hüquq aspektindən də fikir bildirib:
“Beynəlxalq hüquqa görə, Türkmənçay müqaviləsi ölü müqavilədir. Saziş ölü imzalara əsaslandığı üçün hüquqi qüvvəsini çoxdan itirib. Məsələyə hüquqi varislik nöqteyi-nəzərindən baxanda Rusiyada 1917-ci ilin sosialist inqilabı həmin ildə olan burjua inqilabından fərqli olaraq özünü Rusiya imperiyasının varisi elan etməyib.
Müqavilənin hüquqi tərəfini incələdikcə məlum olur ki, İran da gərək bəzi əraziləri Azərbaycana qaytarmalı olsun. Əgər bu gün Xəzər dənizi Rusiyanın daxili dənizi hesab edilmirsə, bu məntiqlə, müqavilədə adı keçən Azərbaycan əraziləri üzərində hər iki dövlətin hüquqi sahibliyi avtomatik olaraq itirilir və mahiyyət etibarilə bu iki iştirakçı dövlət yad ərazilər üzərində ancaq işğalçı statusu ilə qalmış olur”.
Müsahibimizin fikrincə, Türkmənçay müqaviləsinin ləğvi ilk andaca İran ərazisindəki tarixi Azərbaycan torpaqlarının müstəqilliyi məsələsini aktuallaşdıracaq və bu qaçılmazdır:
“Beynəlxalq hüququn “Xalqların öz müqəddəratını müəyyən etməsi” prinsipi Cənubi Azərbaycana da şamil olunur və Cənubi Azərbaycan ya bu imkandan faydalanıb müstəqilliyə qovuşacaq, ya da “Türkmənçay” sülh müqaviləsinin ləğvi bu prosesi sürətləndirəcək. Amma demək olmaz ki, “Türkmənçay” sülh müqaviləsi ləğv olunsa, Cənubi Azərbaycan dərhal müstəqil olacaq, sadəcə onun müstəqil olmasına əsas verən amillər güclənəcək”.
Tarixçi İranla Rusiya arasında imzalanan Gülüstan və Tükmənçay müqavilələrinin Azərbaycanın işğal faktını rəsmiləşdirmək mahiyyəti daşıdığını bildirib:
“Bu müqavilələr bağlanan zaman Azərbaycan İranın tərkibində olmayıb. Azərbaycan ayrı-ayrı xanlıqlardan ibarət ölkə idi və mərkəzləşdirilmiş dövlət strukturu yox idi. Bu iki müqavilə isə İranla Rusiya arasında Azərbaycanın bölüşdürülməsi xarakteri daşıyır. Sadəcə olaraq, başqa bir dövlətin əraziləri iki dövlətin arasında bölüşdürülüb”.
QEYD: Material Media Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının - 6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi - bəndinə uyğun olaraq hazırlanıb.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:30 / 10.02.2023
Tariximizə qanla yazılan MÜQAVİLƏ – Türkmənçay sazişi hüquqi qüvvəsini saxlayırmı?
Hazırda oxunan: Tariximizə qanla yazılan MÜQAVİLƏ – Türkmənçay sazişi hüquqi qüvvəsini saxlayırmı?
Hazırda oxunan: Tariximizə qanla yazılan MÜQAVİLƏ – Türkmənçay sazişi hüquqi qüvvəsini saxlayırmı?
119627
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.