AMEA-nın elmi işçisi Novruzla bağlı fikirləri ALT-ÜST ETDİ – “4 yox, 7 ÇƏRŞƏNBƏ olmalıdır”

AMEA-nın elmi işçisi Novruzla bağlı fikirləri ALT-ÜST ETDİ – “4 yox, 7 ÇƏRŞƏNBƏ olmalıdır”

Hazırda oxunan: AMEA-nın elmi işçisi Novruzla bağlı fikirləri ALT-ÜST ETDİ – “4 yox, 7 ÇƏRŞƏNBƏ olmalıdır”

119502

Bu günlərdə havalar soyuq keçsə də, bahar ayına doğru yol almağımız təsəlli verir. 10 gün sonra Novruz çərşənbələrini qeyd etməyə başlayacağıq. Belə ki, bu il ilk çərşənbə olan Su çərşənbəsi fevralın 21-də qeyd olunacaq. Novruz çərşənbələri ilə bağlı hər zaman müxtəlif fikirlər səsləndirilir. Çərşənbələrin adları, mənaları müzakirə mövzusuna çevrilir.

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d., dosent Bəhmən Əliyev Bizim.Media-ya çərşənbələrlə bağlı maraqlı məqamlardan danışıb.

Həmsöhbətimiz bildirib ki, Novruz astronomik bayramdır:

"Bütün xalq təqvimləri, xüsusi ilə təbiətlə bağlı təqvimlər sonralar inanclarla bəzədilib, zənginləşdirilib. Bu baxımdan Novruz da astronomik bayramdır, bu bayramın mahiyyətini dərk etmək üçün astronomik prosesləri izləmək vacibdir. Novruz xalq təqviminə əsaslanan sistemdir, bu bir-biri ilə sıx bağlıdır, bir-birini tamamlayır. Qış gündönümündə Günəş Zodiakın ən dərin guşəsinə - Oğlaq (Təkə) bürcünə girir. Dekabrın 22-dən sonra Günəşin Cənub yarımkürəsindən Şimal yarımkürəsinə doğru hərəkəti başlayır.

Novruza qədər son 50 gündə, yəni 7 çərşənbə müddətində Günəşin Qoç bürcünə doğru hərəkəti daha açıq-aydın hiss olunur. Xüsusilə 4 doğru çərşənbə müddətində Günəşin hərəkəti havanın istiliyinin artması, buzların əriməsi, yaşıllığın artması görünür. Kiçik Çillədən sonra ilk çərşənbə günündən növbəti çərşənbə gününə qədər Günəş Şimal yarımkürəsinə doğru eyni məsafə qət edir. Biz isə çərşənbə günü ərəfəsində çərşənbə axşamı günü bayramı, yəni çərşənbəni qeyd edirik". 

Bəhmən Əliyev deyir ki, əslində Novruzun 7 çərşənbəsi var; 3 oğru (oğru çərşənbə, oğru buğ, oğru üskü) və 3 doğru (doğru çərşənbə, doğru buğ, doğru üskü) çərşənbə, bir də ilaxır çərşənbə:

"Əslində birinci üç çərşənbəyə, “oğru üsgü”, ikinci üç çərşənbəyə “doğru üsgü” və sonuncu çərşənbəyə isə “ilin axır çərşənbəsi” deyilməlidir.

Astronomik baxımdan da Novruza qədərki 50 gün xüsusi seçilir. Kiçik Çillə-Yalquzaq ayı başlayanda Novruza 50 gün qalır. Novruzun 7 çərşənbəsindən 3-ü-“oğru çərşənbə”, “oğru buğ”, “oğru üskü” çərşənbələri Kiçik Çilləyə-Yalqızaq ayına düşür. Maraqlıdır ki, Əhmədbəy Ağaoğlu yazır ki, “21 martın gəlişindən (Novruz günündən) öncəki altı həftə boyunca hər çərşənbə axşamı saraylarda böyük şamlar yandırılır”. Yəni faktiki olaraq, artıq iki yalançı və ya oğru çərşənbəni (oğru üsgü) keçmişik. Növbəti yalançı-oğru çərşənbə gələn həftə qeyd olunacaq.

Onu da deyim ki, bəzi hallarda yalançı və ya oğru çərşənbələr məsələsində qarmaqarışıqlıq yaranır. Hətta fevralın 21-də keçiriləcək ilk doğru çərşənbənin də “yalançı çərşənbə” adlandırılmasına rast gəlirik. Yalançı çərşənbə dedikdə elə “oğru çərşənbə”lər nəzərdə tutulur. Üskü od, isti mənasındadır. Nə qədər “yalançı” olsa da, təxminən fevralın 15-dən, yəni bu “oğru çərşənbədən” sonra qışın hökmü azalmağa başlayır".

Müsahibimiz çərşənbələrin adətlərinə də aydınlıq gətirib:

"Bu çərşənbələrin hər birinin adət-ənənələri, üsul və qaydaları var idi. Ancaq zaman keçdikcə bu üsul və qaydalar bir növ qarışıb, bütün çərşənbələrdə yerinə yetirilən adət və mərasimlərə çevrilib. Yaxud qalıqlar şəklində mövcudluqlarını saxlayır. Bu adət və mərasimlərin formalaşmasına təsir göstərən ilk növbədə Yalquzaq ayı, yəni Kiçik Çillə başlayandan keçən 50 gün ərzində iqlimin dəyişməsi ilə bağlıdır. Təsadüfi deyil ki, deyirlər: “Əlli gün Novruza qədər, yüz əlli gün biçinə kimi”.  

“Oğru üsgülər”lər “doğru çərşənbə”lərə, yəni “doğru üsgülər”ə hazırlıq dövrü sayılır, xüsusi ilə bağçılıq, əkinçilik işləri başlayırdı. Yalançı çərşənbədə də alatoran vaxtı saman-küləş yandırılır, xüsusi bayram və ya çərşənbə süfrəsi açılmır, “doğru üsgü”lərdə olduğu kimi, xüsusi mərasimlər yerinə yetirilmir, amma nənələrin boxçasındakı cəviz-fındıq uşaqlara paylanılır. Eyni zamanda burada çoxvariantlılığı da unutmamaq lazımdır, təkcə bölgələrdə deyil, hətta ayrı-ayrı ailələrdə bu “yalançı çərşənbə”yə münasibət fərqli ola bilər".
B.Əliyev vurğulayıb ki, yalançı çərşənbələr indi qeyd olunmasa da, ən azı xatırladılması insanları psixoloji- mənəvi baxımdan səfərbərliyə alır, qarşıda “doğru çərşənbə”lərin, “İlaxır şərşənbə”sinin, Novruz bayramının gəldiyini xatırladır, tezliklə dəyişikliklərin baş verəcəyini xəbər verir. 

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO