Türkiyədə baş verən zəlzələdən zərər çəkənlərə yardım kampaniyasına deputatlar da qoşulub.
Bu barədə məlumatı Bizim.Media-ya Milli Məclisin üzvü Fazil Mustafa bildirib.
MÖVZU İLƏ BAĞLI:
Gürcüstanda yaşayan soydaşlarımız Türkiyəyə yardım kampaniyasına qoşuldu – FOTO
Onun sözlərinə görə parlametin üzvləri və deputatları Türkiyədə baş verən zəlzələdən zərər çəkənlərə humanitar yardım göstəriblər:
“Türkiyədə baş verən zəlzələ böyük bir faciəyə yol açıb. Orada olan qardaş və bacılarımız çox ağır durumdadır. Ona görə də vicdanı olan hər bir Azərbaycan vətəndaşı onlarla həmrəy davranmağa borcludur və hər kəs əllərində olan imkanlarla kömək etməlidir. Millət vəkilləri olmaqla ayrıca bu istiqamətdə maddi yardım göstərdik. Demək olar ki, bütün millət vəkilləri bunu etdi. Əşya və başqa yardımlarla bağlı məsələni də həll edirik. Bu gün və ya sabah həmin yardımları lazımi yerlərə çatdıracağıq. Eyni zamanda övladlarımız və yaxınlarımız vasitəsilə də yardıma dəstək veririk”.
Milli Məclisin digər üzvü Müşfiq Məmmədov da qeyd edib ki, bütün deputatlar kimi o da Türkiyə üçün təşkil edilən maddi yardıma qoşulub:
“Əlavə edim ki, təkcə deputatlar deyil, Milli Məclisdə çalışan bütün əməkdaşlar da bu prosesə qoşulub”
Qardaş Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar ölkəmizdə başladılmış yardım kampaniyasının toplandığı əraziyə deputat Adil Əliyev də gedib.
Bu barədə saytımıza məlumat verən deputatın sözlərinə görə yardım yığılan ünvanda insan izdihamının şahidi olub:
“Kiçik də olsa öz töhfəmizi verdik. Çətin günlərin öhdəsindən qardaşlarımızla birlikdə gələcəyik, yardım kompaniyasında iştirak edənlərə təşəkkür edirəm. Baş vermiş fəlakət zamanı həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. Dağıntılar altında qalan qardaşlarımızın tezliklə xilas edilərək, əzizlərinin yanına qayıtması üçün dua edirik”, -deyə o, bildirib.
Alçina Amilqızı, Bizim.Media