İran hər gün efir məkanımızı POZUR – Radiotezliklər İdarəsi isə tədbirlər görməyə hazırlaşır

İran hər gün efir məkanımızı POZUR – Radiotezliklər İdarəsi isə tədbirlər görməyə hazırlaşır

Hazırda oxunan: İran hər gün efir məkanımızı POZUR – Radiotezliklər İdarəsi isə tədbirlər görməyə hazırlaşır

119372

Azərbaycanın cənub sərhədlərinə yaxın rayonlarımzda İran televiziya və radioları ciddi şəkildə efir məkanımızı pozur. Bu qonşu dövlətlərlə sərhəddə baş verən normal hadisə kimi qəbul edilsə də rəsmi Tehran tərəfindən bu məqsədyönümlü aparılır və buradakı yayımlar sərhəd bölgəsində razılaşdırılan tezlik gücündən bir neçə dəfə artıq olur.

İranın efirlərində apardığı anti-Azərbaycan təbliğatı bölgədə yaşayan vətəndaşlarımızı xüsusilə narahat edir, ona görə də hökumətdən bununla bağlı tədbirlərin görülməsini istəyirlər. Çünki bu bölgədə İran-fars yayımları o qədər güclüdür ki, öz televiziya və radiolarımızın yayıldığı dalğalarda nasazlıqlar yaradır. 

Yerli mütəxəssislər həmin ərazilərdə olan qurğuların, ötürücülərin aşağı keyfiyyətdə olmasının bu problemi yaratdığını deyirlər. Hər halda görünən odur ki, İran bizim mütamadi olaraq efir məkanımıza təzcavüz edir və öz çirkli siyasətini suveren ərazimizdə həyata keçirir.

Bəs, bu istiqamətdə hökumət tərəfindən hansı tədbirlər həyata keçirilir?

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Dövlət Radiotezliklər İdarəsindən bildirilib ki, yaxın zamanlarda Azərbaycanda kənar (qonşu) yayımların respublika ərazisinə müdaxiləsinin qarşısının alınması üçün müasir dünya təcrübəsinin tətbiqinə başlanılacaq.

Məlumatda bildirilib ki, belə hallar Beynəlxalq Telekommunikasiya İttifaqının   tövsiyə xarakterli sənədləri və qaydaları ilə tənzimlənir: 

“Aidiyyəti dövlətlərin rabitə administrasiyaları ilə ikitərəfli koordinasiya görüşləri keçirilir, müvafiq proqram təminatları vasitəsilə texniki təhlillər aparılır və bir çox məsələlər öz həllini tapır. Əlavə olaraq, bu tip problemlərin həlli istiqamətində mütəxəssislərimiz beynəlxalq təcrübəni öyrənirlər. Yaxın zamanlarda müasir dünya təcrübəsinin ölkə ərazisində tətbiqinə başlanılması nəzərdə tutulur”.

Açıqlamada qeyd olunub ki, televiziya və FM radio yayımları Beynəlxalq Telekommunikasiya İttifaqında qeydiyyata düşmüş texniki parametrlər əsasında hər bir ölkənin ərazisində müvafiq radioyayım ötürücüləri vasitəsilə təmin edilir.

Relyefdən asılı olaraq ölkələrin sərhədyanı ərazilərində qonşu ölkələrdən olan yayımların qəbul edilməsi halları mümkündür və bu, demək olar ki, bütün dövlətlərin ərazilərində mövcuddur: 

“Kənar yayımların respublika ərazisinə nüfuz dairəsinin minimuma endirilməsi və yerli yayımlara maneə təsiri yaratmaması istiqamətində bütün qonşu dövlətlərin rabitə administrasiyaları ilə işlər aparılır. Bu tip yayımlar aşkar edildikdə mütləq şəkildə milli maraqlara, eləcə də Beynəlxalq Telekommunikasiya İttifaqının qərar və tövsiyələrinə uyğun olaraq aidiyyəti administrasiyalara rəsmi şəkildə məktublar göndərilir, onların aradan qaldırılması üzrə birgə tədbirlər görülür”. 

Aygün İbrahimli, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO