Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə köməyə yollanmış Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Kahramanmaraş şəhərində Ceyhun adlı əməkdaşı dağıntılar altından bir ailənin iki üzvünü çıxarıb.
Bizim.Media xəbər verir ki, bu barədə görüntülər Türkiyə mediasında yayılıb. Xilasedicimizin özünü təhlükəyə ataraq 5 mərtəbəli binanın altında 5 saatlıq əməliyyat aparması qardaş ölkədə də qürurla qarşılanıb.
Xatırladaq ki, bu gün Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin daha bir qrupu Türkiyədə fevralın 6-da baş verən zəlzələ ilə bağlı Kahramanmaraş şəhərinə çatıb.
FHN-in əməkdaşları Türkiyədə 7 mindən çox insanın ölümünə səbəb olan dəhşətli zəlzələnin nəticələrini aradan qaldırmaq üçün hazırda hadisə yerindədirlər.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, fevralın 6-sı Türkiyədə qeydə alınan güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə FHN-in 420 nəfər şəxsi heyəti qardaş ölkəyə göndərilib.
Sözügedən görüntüləri təqdim edirik:
Alçina Amilqızı, Bizim.Media