Mediamız üçün nəfəslik olacaq yeni bir müjdə gəlir. Qəzet və saytlara verilən maddi yardımlar vergidən azad ediləcək. Vergilər Məcəlləsinə dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsi bir neçə gün öncə Milli Məclisin İqtisadi siyasət və sahibkarlıq komitəsində müzakirə olundu və dəyişikliklərin qəbul ediləcəyi gözləntisi böyükdür.
Əslində, bu gözlənti illərdir Azərbaycan mediasında var. İstər uzaq 90-cı illərdə, istərsə indi media dövlətdən vergi güzəştlərinin edilməsini istəyib. Məsələ zaman-zaman gündəmə gəlib də, lakin hər dəfə nələrsə, yaxud kimlərsə bu müsbət işin qarşısına "daş" qoyub.
Halbuki, vergi güzəştləri indiyə qədər tətbiq olunsaydı, mediamız inkişaf edər, hər halda hazırkı vəziyyətdən daha öndə olardı, həm təminat, həm də peşəkarlıq baxımından.
Dünya təcrübəsi də təsdiq edir ki, mediada peşəkarlıq təminatdan asılıdır, maliyyə təminatı normal olan redaksiyalar daha peşəkar fəaliyyətə üstünlük verir, gəlir əldə etmək üçün “sarı mətbuat” olmaq yolunu tutmur, eləcə də həm qanuna, həm jurnalistika prinsiplərinə zidd yollara baş vurmurlar.
İndi bunu, illərin gözləntisini Media Agentliyi həyata keçirmək istəyir. Bunu hər kəs alqışlamalıdır.
Bu, mediada başlayan və artıq müsbət effektini gördüyümüz islahatların tərkib hissəsidir.
İslahatlar bir-birini tamamlayan iki kateqoriyada həyata keçirilir.
Birincisi, medianın peşəkarlaşması, neqativ halların aradan qaldırılmasıdır.
“Media haqqında” qanunun qəbulu ilə bütün media sektoru – çap və onlayn media qanunvericiliklə tənzimləndi. Bu, dövlətin onlayn mediaya yardım ayırmasını təmin etməklə yanaşı, həm də qanunvericilikdən kənarda qalan bu sahəni reketçiliyin oylağına çevrilməsinin qarşısı alındı. Əslində, hazırda “narazılıq” edənlər də məhz həmin qruplardır. Media Reyestrinin yaradılması da reketlərlə mübarizədə ən mühüm addımlardandır.
Bununla yanaşı, medianın peşəkarlaşması məqsədilə, mütəmadi təlimlərin keçirilməsinin də effekti böyükdür. Bu təlimlərdə peşəkar fəaliyyətlə yanaşı, media subyektlərinin maliyyə mənbələrinin tapılması, biznes planının hazırlanması kimi əhəmiyyətli tədris prosesi həyata keçirilir.
İkincisi, medianın təminatı istiqamətində mühüm işlər görülüb.
Bura dövlətin ayırdığı maliyyə dəstəyinin ədalətli bölgüsündən tutmuş sıravi jurnalistlərin həyat şəraitinin yaxşılaşdırılmasına qədər çoxvektorludur.
Əvvəllər dövlətin media subyektlərinə dəstəyi yalnız bəlli qrupları əhatə edirdisə, Medianın İnkişafı Agentliyi bu prosesdə ədaləti bərpa etdi, xüsusilə maliyyə imkanları az, potensialı böyük olan media orqanlarına dəstəyi təmin etdi.
Nəticə etibarilə hazırda media sahəsində vaxtilə daha qabarıq olan oliqarxiya ciddi şəkildə arxa plana keçir, ön planda peşəkarlıqdır.
MEDİA-nın maliyyə yardımı ayırdığı media orqanlarından əsas tələbi əməkdaşlarının əmək haqlarının rəsmi şəkildə edilməsidir ki, bu, həm bu sahədə uzun illərdir mövcud olan “qara mühasibatlığı”n aradan qalxması və vergi qaçaqmalçılığının qarşının alınması ilə nəticələnir, həm də jurnalistlərin gələcək təminatında rol oynayır.
Bununla yanaşı, jurnalistlərə güzəştli ipoteka almaq şəraitinin yaradılması illərdir bu sahədə külüng vuran insanlar üçün inqilabi qərardır. Media Reyestrinin yaradılması bu prosesin nizamlı qaydada həyata keçirilməsi üçün əhəmiyyətli addımdır.
Media Agentliyinin qısa dövrlük fəaliyyətində həyata keçirdiyi işlərin sayı kifayət qədər çox və əhəmiyyətlidir.
Mediaya vergi güzəştlərinin edilməsi layihəsi bu istiqamətdə atılacaq inqilabi addımlardan olacaq. Təkcə ona görə yox ki, jurnalistlər illərdir bunu istəyir və gözləyirdi, həm də belə bir güzəşt peşəkar medianın inkişafını daha da stimullaşdıracaq.
Qanun layihəsində mühüm dəyişikliklər nəzərdə tutulur:
Qarşıdakı üç il ərzində çap və onlayn mediaya müvafiq dövlət qurumu tərəfindən verilən maddi yardımlar gəlir, mənfəət və sadələşdirilmiş vergidən azad olunacaq. Hesablamalara görə, vergi güzəştlərinin ümumi dəyəri 10 milyon manata yaxın olacaq. Qanun layihəsi qəbul olunarsa, 1 yanvar 2023-cü il tarixindən tətbiq ediləcək.
Bu o deməkdir ki, dövlət Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ayırdığı media subyektlərinin çiyinlərindəki yükü öz üzərinə götürür. Bunun nəticəsinin müsbət olacağı bəllidir, çünki bu güzəştlər medianın təminatını və daha peşəkar fəaliyyətini stimullaşdıracaq.
MEDİA-nın qısa zamanda həyata keçirdiyi islahatlar onu deməyə əsas verir ki, mediamız qarşıdakı dövrdə də yeni-yeni müjdələrin şahidi olacaq.
Vasif Həsənli
Demokrat.az xəbər portalının baş redaktoru
- A-
- A
- A+
Cəmiyyət
11:16 / 08.02.2023
Baş redaktor: “Güzəştlər medianın təminatını və daha peşəkar fəaliyyətini stimullaşdıracaq”
Hazırda oxunan: Baş redaktor: “Güzəştlər medianın təminatını və daha peşəkar fəaliyyətini stimullaşdıracaq”
Hazırda oxunan: Baş redaktor: “Güzəştlər medianın təminatını və daha peşəkar fəaliyyətini stimullaşdıracaq”
119155
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.