Elmi işlərin 65 % GERİ QAYTARILIR – “Elmi rəhbərlər, rəy verənlər cəzalandırılmalıdır”

Elmi işlərin 65 % GERİ QAYTARILIR – “Elmi rəhbərlər, rəy verənlər cəzalandırılmalıdır”

Hazırda oxunan: Elmi işlərin 65 % GERİ QAYTARILIR – “Elmi rəhbərlər, rəy verənlər cəzalandırılmalıdır”

118794

Elmi dərəcə almaq istəyən gənc alimlərdən yüksək məbləğdə rüşvət tələb olunur. Sosial mediada bu iddia ilə çıxış edənlər var və məsələ müzakirələrə səbəb olur. Ali Attestasiya Komissiyasını (AAK) elmi dərəcələrin və adların satışında ittiham edən müzakirələrdə dövlət qəzetlərinin baş redaktorlarının və müxtəlif alimlərin də iştirak etdiyi vurğulanır. 

Qeyd edək ki, Ali Attestasiya Komissiyasının açıqlamasına görə, ötən il 432 nəfərə fəlsəfə doktoru elmi dərəcəsi verilib, 222 nəfərə bu dərəcənin verilməsindən imtina edilib.

84 nəfərə elmlər doktoru elmi dərəcəsi verilib, 24 nəfərə bu dərəcənin verilməsindən imtina olunub.

200 nəfərə dosent, 28 nəfərə professor elmi adı verilib. 29 nəfərə dosent, 7 nəfərə isə professor elmi adının verilməsindən imtina olunub. Elmi adlar ala bilməyənlərdən pul tələb olunması iddiası nə qədər həqiqətə uyğundur? Yaxud məsələnin əsl mahiyyəti nədən ibarətdir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan AMEA Coğrafiya İnstitutunun fəlsəfə doktoru, dosent Ənvər Əliyev bildirib ki, Azərbaycanda alimlik dərəcəsi almaq üçün ötən il AAK-yə göndərilən sənədlərin cəmi 30-35 faizi keçibsə, burada yalnız Komissiyanı günahlandırmaq doğru deyil: 

“Sənədlər Komissiyaya getməzdən əvvəl namizədə mövzu verilir, rəhbəri müəyyənləşdirilir. Prosesin davam etdiyi 3-4 il ərzində bir neçə alimin iştirakı ilə çox geniş iş aparılır. Əgər bu prosesdə səhv varsa, müdafiə edən şəxsin savadı yoxdur və müdafiədə iştirak edənlər rüşvət alıblar. Bu işlər AAK-yə gəlir və mütəxəssislər işi geri qaytarır.
Sənədlər geri qayıdırsa, hər şeydən əvvəl namizədin rəhbəri, işə rəy verənlər cəzalandırılmalıdır. Geri qayıdan sənədlərə rəy verənlərdən kiminsə adı ikinci dəfə hallanırsa, diplomu əlindən alınmalıdır, cəzaladırılmalıdır. Bu məsələ millətin gələcəyi ilə bağlıdır. Əgər burada xəyanət işlədiriksə, gələcək üçün problem yaradırıq”.

Ə.Əliyev maraqlı misal da çəkib. Onun sözlərinə görə, bəzən olub ki, aspirantlarına işlərinin düzəlişə ehtyacı olduğunu bildirib geri qaytaranda, həmin şəxslər gizli şəkildə başqa adamla danışıb işlərini həll ediblər: 

“İşdə problem olduğu halda, rəy alınırsa, təbii ki, proses maraq hesabına başa gəlir. Yalançı rəylər yazılan işlərin daha sonra sonuncu instansiyada necə müdafiə olunduğunu deyə bilmərəm. Biz nə qədər ki, bu sahədə özümüzü aldadacağıq problemimiz çox olacaq.

Düşmənlərimiz də bundan faydalanır. SSRİ dağılanda Azərbaycan elm sahəsində ən yüksək potensiala sahib idi. Türkiyənin o vaxtki prezidenti buradan xeyli alimin Türkiyəyə aparılmasına şərait yaratmışdı.

Amma indi biz elm sahəsində geriləmə problemi ilə üzləşmişik. Bu sahəyə məsul qurumlar bir-birilərini günahlandıra-günahlandıra qapalı bir sistem yaradıblar. İnstitut deyir şagirdlər zəifdir, ondan yuxarıdakı tələbələrin zəifliyindən şikayətlənir. O biri deyir müdafiə edənlər zəifdir. Hansı səviyyədə problemimiz varsa, düşünməli və özümüzə sual verməliyik. Sovet vaxtında saxta müdafiə probleminə daha həssas yanaşılırdı. Ona görə də müdafiə edənlərin hörməti var idi. Amma indi vəziyyət dəyişib”.  

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov isə bildirib ki, müdafiə edənlərdən rüşvət tələb olunması ilə bağlı rəhbərlik etdiyi quruma həra hansı müraciət daxil olmayıb: 

“AAK rəhbərliyində dəyişiklik edildikdən sonra qurumda şəffaf mühit formalaşdığını eşidirəm. Təşkilatımızın üzvlərindən də elmi dərəcə alanlar olub ki, onlar da prosesin şəffaf aparıldığını bildiriblər. AAK-ın elmi dərəcələrin və adların verilməsi ilə bağlı müvafiq əsasnaməsi var. Bu əsasnamə ölkə başçısı tərəfindən təsdiq olunub. Kifayət qədər tələblər gücləndirilib. Tələblərin güclü olmasının tərəfdarıyam.
Əvvəlki illərdə olduğu kimi elmi adı almaq həvəsinə düşənlər yox, yalnız peşəkar elmi fəaliyyət qurumlarında çalışanlar bu adı almalıdırlar. Biz əvvələr bu sahədə olan neqativ hallara toxunumuşuq. Əvvəlki illərdə bu hallar var idi. Amma yenə də deyirəm, AAK-ın hazırki rəhbərliyinin işini doğru qurması ilə bağlı məlumatlar almışam. Hazırki rəhbərliyin dövründə neqativ müraciət olmayıb. Təbii ki, əgər neqativ hallarla bağlı iddiada olan varsa, belə hallar yaşanırsa, məsələ araşdırılmalıdır”.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO