Polietilen torbalar ekoloji təhlükə yaradırsa, niyə pulla SATIRIQ? – Nazirlikdən AÇIQLAMA

Polietilen torbalar ekoloji təhlükə yaradırsa, niyə pulla SATIRIQ? – Nazirlikdən AÇIQLAMA

Hazırda oxunan: Polietilen torbalar ekoloji təhlükə yaradırsa, niyə pulla SATIRIQ? – Nazirlikdən AÇIQLAMA

118734

Xəbər verildiyi kimi Azərbaycanda marketlərdə alıcılara verilən polietilen torbalar fevralın 15-dən etibarən ödənişli olacaq. Qərar Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən verilib. 

Polietilen torbaların satış qiyməti ilə bağlı vahid məbləğ müəyyən olunmayıb. Bunu hər şirkət özü təyin edəcək.

Maraqlısı budur ki, ekoloji təhlükəsi olan polietilen torbalar dünyanın bir çox ölkələrində tamamilə qadağan olunduğu təqdirdə Azərbaycanda ödənişliyə keçir. 
 

MÖVZU İLƏ BAĞLI:

Polietilen torba və plastik qablar nə ilə əvəzlənəcək? - AÇIQLAMA  


Əgər müvafiq tədbirlər ekoloji təhlükənin dəf edilməsinə yönəlibsə, o zaman polietilen torbaları niyə pulla satırıq və ya alternativ vasitələrlə əvəz etmirik? 

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib ki, polietilen torbaların ödənişli olmasında əsas məqsəd bu torbalardan istifadəni azaltmaqdır:

“Bildiyiniz kimi, 2019-cu ildə ölkə başçısının sərəncamı ilə plastik qablaşdırma tullantılarının ətraf mühitə zərərlərinin azaldılması istiqamətində tədbirlər planı qəbul olunub. Həmin tədbirlər planında beynəlxalq təcrübənin öyrənilməsi, maarifləndirmə işinin aparılması, təkrar emal prosesinin təşviqi, təkrar emal müəssisələrinin işinin genişləndirilməsi, qanunvericilikdə müvafiq dəyişikliklərin olunması və s. məsələlər öz əksini tapmışdır ki, plastik tullantıların azaldılması istiqamətində tədbirlər düzgün tənzimlənsin”.

Səyyarə Məmmədovanın sözlərinə görə, 2021-ci il yanvarın 1-dən 15 mikrona qədər polietilen torbaların istehsalı, idxalı və istifadəsi qadağan olundu: 

“Həmin ilin iyulun 1-dən isə birdəfəlik istifadə üçün nəzərdə tutulan qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların istehsalı, istifadəsi və idxalı qadağan olundu. Qanunvericilikdə nəzərdə tutulan qadağalara əməl olunmamısına görə, cərimələr nəzərədə tutulub. Polietilen torbaların ödənişli əsaslara keçməsi də plastik tullantıların azaldılması istiqamətində tədbirlər planının bir hissəsidir. Xarici təcrübəyə nəzər salsaq, bir çox ölkələrdə də polietilen torbalardan istifadə ödənişli həyata keçirilir. Ödənişli olmasının səbəbi bu torbalardan az istifadə etməkdir”. 

Nazirlik rəsmisi qeyd edib ki, polietilen torbalar marketlərin kassalarında pulsuz veriləndə alıcılar ondan daha çox istifadə edir:

“Məhsulları yığmaq üçün bir torba əvəzinə 4-5 torba istifadə edilir. Hansı ki, onları daha az sayda torbaya yığmaq mümkündür. Ödənişli əsaslarla olanda insanlar artıq öz torbalarını yanında götürəcək, yaxud ondan istifadəni azaldacaq ki, bu da nəticə etibarilə plastik tullantıların yığılıb qalaqlanmasının qarşısını alacaq”.

Polietilen torbaların alternativindən istifadəyə gəlincə, Səyyarə Məmmədova bununla bağlı da işlərə başlanıldığını deyib:

“İctimai iaşə obyektləri və müvafiq müəssisələr polietilen torbaların alternativini təqdim etməlidir. Bunlarla bağlı çox sayda görüşlər keçirilib, tövsiyələr verilib ki, alternativlərin sayı artırılsın. Bu gün bir çox yerlərdə alternativ torbalara rast gəlinir. Alternativlər dedikdə, parça, kağız, həsir və ya bioparçalanan torbalar nəzərdə tutulur”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO