“Qanlı Göl”ün adı dəyişdirilərək “Şamlı göl” olacaq – MÜZAKİRƏ EDİLDİ

“Qanlı Göl”ün adı dəyişdirilərək “Şamlı göl” olacaq – MÜZAKİRƏ EDİLDİ

Hazırda oxunan: “Qanlı Göl”ün adı dəyişdirilərək “Şamlı göl” olacaq – MÜZAKİRƏ EDİLDİ

118278

“Bu gün "Qanlı göl"lə bağlı bizi narahat edən ən mühüm məsələ dib çöküntüsünə müdaxilənin nəticəsi ilə bağlıdır. Müvafiq qurumlarla əlaqə saxlayaraq birlikdə araşdırma aparılmalı, gölün dibinə müdaxilə edilsə, hansı fəsadlar yarana bilər, nəticəsi necə olar, bu barədə hərtərəfli danışıqlar, monitorinqlər olmalıdır”.

Bu açıqlamanı Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov qurumda keçirilən görüşdə verib.

Agentlikdən Bizim.Media-ya verilən məlumata görə, qurum tərəfindən Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən "Qanlı Göl" ərazisi üzrə təqdim olunan layihələrin qiymətləndirilməsi, bu sahədə şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə ictimai dinləmə keçirilib.

İdarə rəhbəri yaşıllıqlardan da ayrıca danışıb: 

"Bizim yanaşmamıza görə, seçilmiş ərazidə yaşıllıq varsa, o, landşaft elementi olaraq saxlanılmalıdır. Bu gün yaşıllıq və su mənbələri ilə bağlı həyəcan təbili çalınır. Bəzən bizə gətirilən nümunələrdə yaşıllıqlar gizlədilir. Az əmək və xərc sərf etməklə bir iş ortaya qoyurlar. Bu, qəbuledilməzdir. Ona görə hədəfimiz mövcud yaşıllıqların qorunması şərtilə yeni yaşıllıq zolaqlarının salınmasına, ətraf mühitə dəyən zərərlərin aradan qaldırılmasına nail olmaqdır. Bu baxımdan ümid edirik ki, "Qanlı göl" ərazisi üzrə keçiriləcək layihə başqa layihələr üçün nümunə olacaq".

Tədbirdə qeyd edilib ki, böyük həcmdə yaşıllıqları əhatə edəcək yaşayış kompleksinin tərkibində 6 hektarlıq “Şamlıq park” və Qanlı göl təmizləndikdən sonra 32 hektarlıq su hövzəsi ətrafı bulvar tikiləcək.

AMEA-nın Botanika İnstitutunun aparıcı elmi işçisi Yusif Zeynalov göl ətrafında xarici ölkələrdən gətirilən deyil, yerli bitkilərin əkilməyini təklif edib: 

"Həmişə çalışırıq ki, xaricdən bitki gətirək. Bu da bizim bəlamızdır. Xaricdən gətirilən bitkilərlə bərabər xəstəliklər, ziyanvericilər də gəlir. Nəticədə son illərdə Abşeron yarımadasında və ölkəmizin bir sıra yerlərində ziyanvericilərlə sirayətlənmiş şam ağaclarının quruduğunu görürük".

Görüşdə vaxtilə bu su hövzəsində batanların sayının çox olması səbəbindən onun "Qanlı göl" adlandırılması, habelə gölün adının dəyişdirilərək, “Canlı göl, “Yaşıl göl” və ya “Şamlı göl” kimi yeni adların verilməsi də təklif olunub.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO