“Kənd toyuğu” adı ilə satışa çıxarılan məhsullarla bağlı sərt tədbirlər görüləcək

“Kənd toyuğu” adı ilə satışa çıxarılan məhsullarla bağlı sərt tədbirlər görüləcək

Hazırda oxunan: “Kənd toyuğu” adı ilə satışa çıxarılan məhsullarla bağlı sərt tədbirlər görüləcək

118076

Bazarlarda ucuz qiymətə (üçü 10-11 manata) toyuq məhsullarının satışı ilə bağlı kütləvi informasiya vasitələrində yayılan məlumatlara əsasən ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrində monitorinq aparılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, monitorinq zamanı Gürcüstan Respublikasından “Nazal-M” MMC tərəfindən ölkəyə idxal edilən “Poultry Georgia” MMC-nin istehsalı olan, Belarus Respublikasından “Orion Qlobal” MMC tərəfindən gətirilən “Soliqorsk Quşçuluq Fabriki” ASC-nin istehsalı olan və “AFM Construction” MMC tərəfindən idxal edilən “1-ci Minsk Quşçuluq Fabriki” ASC-nin istehsalı olan ikinci sort toyuq məhsullarının “kənd toyuğu” adı altında satışının həyata keçirildiyi müəyyən edilib.

Monitorinq çərçivəsində idxal olunan toyuqlardan götürülən məhsulların etiket məlumatlarında “kənd toyuğu” yazılmaqla, istehlakçıların aldadılmasının qarşısının alınması və hüquqlarının müdafiəsi məqsədilə “Orion Qlobal” MMC, “Nazal-N” MMC və “AFM Construction” MMC-də plandankənar yoxlamalar aparılıb.
Yoxlamalar zamanı toyuq məhsullarının ticarət obyektlərindən geri çağırılması ilə əlaqədar məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub və müəssisələrin məsul şəxsləri barəsində inzibati tənbeh tədbirləri görülüb.

Verilmiş qərarın icra vəziyyətinin yoxlanılması ilə əlaqədar agentliyin əməkdaşları tərəfindən ticarət obyektlərində təkrar monitorinqlər keçirilib.

Bu çərçivədə ümumilikdə 1 218,9 kq “kənd toyuğu” adı ilə dövriyyəyə buraxılan məhsul dərhal satışdan kənarlaşdırılıb, müəssisə rəhbərliyinə həmin məhsulun idxalçı şirkətə geri qaytarılması ilə bağlı icrası məcburi göstərişlər verilib.

Əlavə olaraq, sözügedən idxalçılar tərəfindən ümumilikdə 29 799 kq “kənd toyuğu” sözləri qeyd edilmiş ikinci kateqoriyalı toyuq məhsullarının ticarət obyektlərindən geri qaytarılması və üzərində müvafiq dəyişikliklər edilərək yenidən satışa göndərilməsi təmin olunub.

Bununla yanaşı, “AFM Construction” MMC tərəfindən üzərində “Belarus kənd toyuğu” yazısı qeyd olunan 9 000 kq məhsul partiyasının “MIN300” MMC-yə satıldığı müəyyənləşib.

Həmin MMC-də aparılan plandankənar yoxlama çərçivəsində sahibkar tərəfindən toyuqların guya “geri qaytarılması” barədə saxta qaimə təqdim edilib.

Aparılan araşdırmalarla “MIN300” MMC-nin təqdim etdiyi qaimənin saxta olması və toyuqların həmin şirkət tərəfindən mənimsənilməsi faktı ilə bağlı Azərbaycan Respublikasının baş prokuroruna məktub ünvanlanıb. “AFM Construction” MMC-nin vəzifəli şəxsi barəsində inzibati tənbeh tədbiri görülüb.

“Məlumat üçün bildiririk ki, laboratoriya sınaqları aparılan yuxarıda adları çəkilən məhsulların təhlükəsizlik göstəriciləri qida sahəsində texniki normativ hüquqi aktın tələblərinə uyğun olub.

Qeyd edək ki, AQTA qanunvericiliyə, o cümlədən öz əsasnaməsinə uyğun olaraq, ölkə ərazisində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi, istehlakçıların aldadılmasının qarşısının alınması istiqamətində ölkəyə idxal olunan, habelə satışda olan ət və ət məhsullarının dövriyyəsinə nəzarət tədbirlərini davam etdirir.

Belə ki, keçirilən monitorinqlər zamanı avtomobillərin yük yerində, bazarlarda, ticarət şəbəkələrində mənşəyi məlum olmayan, müvafiq baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçirilməyən və baytarlıq sənədləri ilə müşayiət edilməyən, temperatur rejiminə, soyuq zəncir prinsipinə əməl olunmadan, etiketlənməsi qida sahəsində qanunvericiliyin tələblərinə cavab verməyən toyuq və toyuq məhsullarının satışının həyata keçirildiyi müəyyən edilir ki, belə olan hallarda həmin məhsulların satışının qadağan olunması və dövriyyədən yığışdırılması barədə icrası məcburi qərarlar qəbul edilir.

AQTA tərəfindən bundan sonra da avtomobillərin yük yerində, ticarət şəbəkələrində “kənd toyuğu” adı altında məhsulların satışı hallarına qarşı ciddi mübarizə tədbirləri görüləcək. Odur ki, sahibkarları belə məhsulları satmaqdan çəkinməyə, istehlakçıları isə almamağa çağırırıq.
Əlavə olaraq, vətəndaşlarımız qida sahəsində rastlaşdıqları uyğunsuzluqlarla bağlı Agentliyin “1003 – Çağrı Mərkəzi”nə zəng edərək müraciət edə bilərlər”, - deyə məlumatda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO