Goranboy Suvarma İdarəsi suyu kəsilən sakinlərə problemi mediaya çıxardıqları üçün TƏZYİQ ETDİ 

Goranboy Suvarma İdarəsi suyu kəsilən sakinlərə problemi mediaya çıxardıqları üçün TƏZYİQ ETDİ 

Hazırda oxunan: Goranboy Suvarma İdarəsi suyu kəsilən sakinlərə problemi mediaya çıxardıqları üçün TƏZYİQ ETDİ 

117901

Goranboy rayonunun 4 kəndinin illərdir suvarma suyu çatışmazlığından əziyyət çəkdiyini xəbər vermişdik. Belə ki, Goranboyun Səfikürd, Qızılhacılı, Tatarlı və Balakürd kəndlərinin suvarma suyu kəsilib. Kənd sakinlərinin iddiasına görə buna səbəb Goranboy Suvarma Sistemləri İdarəsinin özbaşınalığı, problemi görməzdən gəlmələri və həllinə maraqlı olmamalarıdır. 

Şikayətçilər növbəti dəfə saytımıza müraciət edərək, problmin dərinləşdiyini və suvarma suyu məsələsində çarəsiz qaldıqlarını dilə gətiriblər:

“Biz Goranboy Suvarma Sistemləri İdarəsindən pul istəmirik. Sadəcə dolanmaq və çörək qazanmaq üçün su istəyirik. Bağ-bostanlarımız susuzluqdan quruyur. Su olsa, göyərti, meyvə və becərdiyimiz məhsullarla çörək pulu qazanarıq.
Bəs nə edək, kimə müraciət edək? Bilsək ki, problemi həll edəcəklər, gözləyərik. Amma yalan vədlərlə illərdir başımızın altına yastıq qoyurlar. Belə olmaz axı... Niyə özümüz özümüzə düşmən olmalıyıq?  Axı, nə qədər görməzdən gəlmək olar?”

Kənd sakinləri qeyd edib ki, Qaraçay çayından sözügedən kəndlərə həmişə su gəlib:

“Sonradan o suyun qarşısı süni maneələrlə kəsilib. Təbiətin suyunu kəsməyə kim ixtiyar verib? İcra başçısı iki aydan bir kənddə yığıncaq keçirir, müəyyən vədlər verir, amma problem həllini tapmır”, - deyə Goranboy sakinləri etiraz edib. 

Qeyd edək ki, məsələni ilk ictimailəşdirəndə saytımıza açıqlama verən Goranboy Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmov problemi həll edəcəklərini və Tatarlı kəndində arteizian quyusu qazılacağını demişdi. 

Bu dəfə Bizim.Media-ya açıqlama verən Goranboy Suvarma Sistemləri İdarəsinin rəsmisi Müşfiq Əvəzov isə idarə rəisindən fərqli olaraq problemin birdəfəlik həll olunacağı tarixi qeyd edib.

O, sözügedən  kəndlərə suvarma suyunun verilməsi üçün bir və ya iki ay ərzində artezian quyusunun qazılacağını vəd edib: 

“Goranboy Rayon icra Hakimiyyəti də məsələdən xəbərdardır və cənab başçı bilir ki, hansı kəndlərdə bunun üçün yer var. Təxminən bir -iki aya ora su veriləcək”, - deyə qurum əməkdaşı əlavə edib. 

Qeyd edilən məsələ ilə bağlı Goranboy Rayon İcra Hakimiyyətindən də saytımıza bildirilib ki, mövcud su probleminin müsbət həlli ilə bağlı aidiyyəti dövlət qurumlarına rəsmi müraciətlər ünvanlanıb.
Onu da bildirək ki, Goranboy Suvarma Sistemləri İdarəsi illərdir həll etmək istəmədiyi problemin çözüm yollarını aramaq və icra etmək əvəzinə məsələni mediada işıqlandıran sakinlərə təzyiq göstərib, onların  gözünü qorxudub.

Sözügedən qurumla bağlı dəhşətli iddialar da var. Məsələni araşdırıb növbəti sayımımızda təqdim edəcəyik.

Mövzunu diqqətdə saxlayacağıq...

Alçina Amilqızı, Bizim.Media 





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO