Ceyranbatan su anbarının ətrafında salınan yaşıllıq ərazi, ağaclar yox olma təhlükəsi ilə üzləşib. Belə ki, ərazidə salınan yaşıllıq günbəgün azalır. Məsələn, anbarın Xırdalan şəhəri, Həsən Əliyev küçəsinin kənarında olan hissəsində artıq ağacların yeri, demək olar ki, boş qalıb.
Sakinlərin verdiyi məlumata görə, cəmi bir neçə il əvvəl sıx olan ağaclar o qədər seyrəlib ki, anbarın suyu kənardan aydın şəkildə müşahidə olunur. Sakinlər belə hesab edir ki, ağaclar suvarılmadığı üçün quruyur.
Bəs aidiyyatı qurumlar problemlə bağlı hansı tədbirləri görür? Hər hansı bir araşdırma aparılıbmı?
Mövzu ilə bağlı Bizim.Media-nın sorğusunu Fövqəladə Hallar Nazirliyi (FHN) cavablandırıb.
Nazirlikdən bildirilib ki, son illər ərzində Ceyranbatan meşəçiliyi ərazisində kütləvi olmasa da, meşə ərazilərinin müəyyən seyrəlməsi prosesləri müşahidə olunur:
“Bu seyrəlmənin səbəbləri bir sıra obyektiv və subyektiv amillərlə bağlıdır. Obyektiv səbəblərə iqlim dəyişiklikləri, o cümlədən son illərin quraqlığı, torpaqların şoranlaşması, təbii eroziya prosesinin genişlənməsi, Ceyranbatan meşəçiliyinin əsasən, gilli ərazilərdə yerləşməsi, eləcə də meşə sahələrinin xeyli hissəsinin yaşlı, fiziki ömürünü başa çatdırmaqda olan ağaclardan ibarət olmasıdır”.
Məlumatda qeyd olunub ki, Ceyranbatan meşəçiliyi ötən əsrin 60-cı illərində yaradılıb və ağacların böyük bir qisminin yaşı 70 ilə yaxındır:
“Ceyranbatan su anbarı ərazisində yerləşən Ceyranbatan meşəçiliyi Fövqəladə Hallar Nazirliyinin balansına 2016-cı ildə verilib. Ötən 7 il ərzində Ceyranbatan su anbarının meşə sahələrinə gündəlik rejimdə mümkün olan bütün aqrotexniki xidmətlər göstərilib, əksər meşə sahələrinin mütəmadi suvarılması təşkil edilib. 160 hektara yaxın yeni meşə ərazisi salınıb, 150 hektarda damlama üsulu ilə suvarma sistemi qurulub. Hazırda meşəçilik ərazisindəki istifadədə olan bütün nasosxanalar işlək vəziyyətdədir”.
Açıqlamada o da qeyd olunub ki, meşə ərazilərinin bərpası istiqamətində ardıcıl iş aparılır:
“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrası çərçivəsivəsində Ceyranbatan su anbarı ərazisində 10 000 ədəd ağac əkiləcək”.
Qeyd edək ki, Ceyranbatan su anbarı Bakı və Sumqayıt şəhərlərində içməli və texniki suya olan təlabatın kəskin artması ilə bağlı olaraq 1955-ci ildə yaradılıb.
1960-cı ildə anbarın ətrafında üç zolaqdan ibarət sanitar-mühafizə zonası genişləndirilərək hasara alınıb. Eyni zamanda, Ceyranbatan su anbarının ekoloji vəziyyətini yaxşılaşdırmaq üçün meşəsalma işləri də həyata keçirilib.
Aygün İbrahimli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:00 / 01.02.2023
Ceyranbatan su anbarı ətrafında meşələr niyə quruyur? – FHN-dən AÇIQLAMA
Hazırda oxunan: Ceyranbatan su anbarı ətrafında meşələr niyə quruyur? – FHN-dən AÇIQLAMA
Hazırda oxunan: Ceyranbatan su anbarı ətrafında meşələr niyə quruyur? – FHN-dən AÇIQLAMA
117672
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.