"Şahmatla bağlı fətva İslam dünyasında əsrlərdir müzakirə olunan, daha doğrusu mübahisə doğruan məsələlərdən biridir. Nərdlə bağlı da fətva mövcuddur. Nərd bəxtə-xuda olduğuna, zərə atmaqla əlaqələndirdiklərinə görə haram sayıblar, şahmat da vaxt itkisi olduğuna görə..."
Bunu Moderator.az-a açıqlamasında tanınmış ilahiyyatçı Elşad Miri bildirib.
Elşad Miri əlavə edib ki, kiminsə halal-haramı müyyənləşdirmək səlahiyyəti və haqqı yoxdur: "Ən böyük vaxt itkisi olan futbol, voleybol haqqında nədənsə belə fətva verilmir. Ona qalsa hər şey vaxt itkisidir. Bir şeyi unutmayaq ki, halalı da, haramı da qoyan Allahdır. Heç peyğəmbərin özünün halal qoymaq, haram müyyən etmək səlahiyyəti olmayıb. Sadəcə olaraq əsas vəzifəsi Allahın halal və yaxud haram bildiyi şeyləri insanlara çatdırmaq olub. Kiminsə də bu gün durub halal-haram deməyi heç bir halda doğru deyil".
İlahiyyatçı deyib ki, serailların qarşısında vaxt keçirməkdənsə şahmat oynamaq daha faydalıdır: "Əqli inkişafa, IQ-nün daha da artmasına müsbət təsir göstərən, insanların müxtəlif variantlardan çıxış yolu axtarmasına, taktikaların seçilməsinə faydası olan oyunlar üçün belə bir fətva verməyi heç bir halda doğru qəbul etmirəm".

































































































