"Orxanın cənazəsi hələ gətirilməyib. Bizə konkret vaxtı deməyiblər, xəbər gözləyirik".
Bu sözləri bu gün Tehranda xidməti vəzifəsini yerinə yetirərkən şəhid olan Orxan Rizvan oğlu Əsgərovun bibisi İlhamə Əsgərova Bizim.Media-ya açıqlamasında bildirib.
İlhamə Əsgərova bildirib ki, bu acı xəbəri eşidən kimi yaşadığı Qubanın Zərdabi qəsəbəsindən Bakıya gəlib. Hazırda Orxanın Yasamaldakı evində olduqlarını deyən İlhamə Əsgərova onun valideynlərinin və bütün qohumların buraya yığışdığını bildirib.
O qeyd edib ki, Orxanın həlak olduğunu eşidəndən həyat yoldaşı Aynurun vəziyyəti pisləşib:
“Təcili yardım gəlib, onun vəziyyətini normallaşdırmağa çalışırlar”.
MÖVZU İLƏ BAĞLI:
Tehrandakı terrorda şəhid olan Orxan Əsgərov Bakıda DƏFN OLUNACAQ
Şəhid Orxanın bir qızı və bir oğlu var. Qızı Aişə 11-ci, oğlu Ayxan isə 3-cü sinifdə oxuyur. Məlumat verək ki,Orxan Əsgərovun atası Rizvan Əsgərov əslən Göyçə mahalının Nərimanlı kəndindəndir.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, şəhid olan səfirlik əməkdaşı Orxan Əsgərovun cənazəsi səhər 5:00-da Bakıya gətiriləcək.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu