Uzunqazma kəndinin upuzun yol problemi - REPORTAJ

Uzunqazma kəndinin upuzun yol problemi - REPORTAJ

Hazırda oxunan: Uzunqazma kəndinin upuzun yol problemi - REPORTAJ

117039

Uzunqazmalar kəndi Zaqatalanın rayon mərkəzindən 35 km aralıda, ən yaxın yaşayış məntəqəsi olan Danaçı kəndindən isə 6 km məsafədə yerləşir.

Danaçıya qədər yol yaxşı olsa da di gəl ki, bu 6 km- lik məsafəni nə göz görsün nə könül...

Kənd sakinlərinin Bizim.Media-nın yerli bürosuna verdiyi məlumata əsasən bu 6 km-lik yol heç zaman təmir edilmədiyindən yararsız vəziyyətə düşüb. Xüsusən yaz və payız aylarında daha dözülməz vəziyyət yaranır. Əməkdaşlarımız bu ucqar kənddə olub, sakinləri dinləyib.

Uzunqazmalar kəndinə gəlişimiz qışın oğlan çağına təsadüf etsə də yağış və qar olmadığından yoldakı problemlər o qədər də nəzərə çatpmırdı. Lakin çala-çuxurlar öz yerində.

Yeri gəlmişkən 6 km-lik məsafəni yarım saatdan bir qədər çox vaxta gəlməyimiz yolun vəziyyətindən xəbər verirdi. Kəndin mərkəzi yoluna yeni daxil olmuşduq ki, əlil arabasında hərəkət edən xanım diqqətimizi cəlb elədi. Elə ilk müsahibimiz də həmin kənd sakini oldu.
Birinci qrup əlil Könül Quliyeva üçün bu çələ-kötür yolları gedib-gəlmək əlbəttə ki, çox çətindir.

“Birinci qrup əliləm və hər gün kəndin içərisindən uşağımı baxçaya aparıb gətirirəm. Mağazaya gedib gəlməli oluram. Kəndin içərisindəki bu çətin yollar mənim arabamı sürməyimə mane olur. Yayda tozdan durmaq olmur, yanımdan keçən maşın mənə toz atır, qışda palçığından. Yağışın suyu quyular yaradır ki, mən o quyulardan hərəkət etməyi bacarmıram”. 

Könülü yolun digər hissəsinə keçirmək lazım gəlir. Çünki yol kənarındakı keçid təhlükəli olduğundan o su arxına aşa biləcəyindən ehtiyat edir. Bir dəfə belə bir problem yaşayıb deyə daha risq eləmir və yoldan keçən kimsə ona mütləq kömək etməsə, bunu bacarmır. Əslində yolda və keçiddə asfalt olsa Könül də bu problemi yaşamaz. 

Daha sonra kənd ümumi tam orta məktəbin müəllimləri ilə həmsöhbət oluruq. Çünki Uzunqazmalar məktəbində dərs deyən müəllimlərin əksəri şəhərdən gəlir və onlar da yolsuzluqdan əziyyət çəkənlərdir. Belə müəlimlərdən biri də dil-ədəbiyyat müəllimi Rəhmi Cəmilovadır:

“Mənim işlədiyim müddətdə bu yol sizin gördüyünüzdən də daha bərbad vəziyyətdə olub. Biz hər gün yarım saatlıq yolu demək olar ki, bir saata gəlib çatırıq. Yazda, qışda burada palçıq əlindən hərəkət etmək olmur, yayda da toz-torpaq.... Biz də şəhərdən gələn müəllim kimi istərdim ki, yolar yaxşı olsun. Hər bizimizin çətinliyi var, istər bizim, istər kənd sakinlərinin”.

Sakinlər bildirir ki, yararsız vəziyyətə düşdüyündən yolda yay aylarında qalxan toz-torpaq yaxınlıqdakı ev və həyətlərə dolur. Qış aylarında isə ərazinin palçıqlı olması əlavə problemlərin yaranmasına gətirib çıxarır. Bu səbəblərə görə, Zaqatala-Uzunqazmalar kənd marşrut xətti üzrə hərəkət edən avtobuslar gecikmələrlə işləyir. Kənd sakini Mirzə Mirzəyev sakinlərin fikrini belə ifadə edir:

“Bunun yazı, qışı var. Yayda tozun əlindən imkan yoxdu. Yalan desəm vallah ayıb olar, bir qarışa yaxın toz olur. O vaxtlar vəziyyət ağır olur. Kəndin içində də, yolda da. 6 km-lik yoldur, bura asfalt çəkilsə yaxşı olar.

Sakinlərin başlıca qayğılarından biri də xəstələr, ahıl və qoca insanlarla  bağlıdır. Əgər gecə saatlarında kiminsə xəstəsi olarsa ya qəza baş verərsə çox acınacaqlı vəziyyətlə qarşılaşmaq mümkündür. Bu isə yolda cari təmir işlərinin vaxtlı vaxtında aparılmamasından irəli gəlir.
Sakinlərin problemi ilə əlaqədar Zaqatala 14 saylı yol istismar idarəsində olduq. Lakin rəhbərlik nə telefonlarımıza cavab verdi nə də sakinlərin mövcud problemi ilə bağlı sorğumuzu cavablandırdı.

Beləcə üz tutduq Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) . Qurumdan bildirildi ki, Uzunqazmalar avtomobil yolunun yenidən qurulması regionların sosial-iqtisadi inkişafı dövlət proqramına salınıb və həmin proqram çərçivəsində maliyyə vasəiti ayrılan kimi yolun əsaslı şəkildə yenidən qurulması təmin olunacaq.

İndi Uzunqazmalar kəndinin sakinləri səbrlə həmin günü, həmin anı gözləyir. Gözləyir ki, nə vaxtsa yol istismar sahəsinin texnikaları bu kənd yolunda peyda olacaq.

Tural Rasim oğlu, Bizm.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO