Kürdəmir rayonu E.Zülfüqarov adına Şilyan kənd tam orta məktəbində zorlanma və bıçaqlanma hadisəsinin baş verdiyini, məktəb rəhbərliyinin isə hər iki faktı ört-basdır etdiyini xəbər vermişdik.
Qeyd edək ki, Mərkəzi Aran regional Təhsil İdarəsi saytımıza açıqlamasında sözügedən məktəbdə hər iki faktın yaşandığını inkar edib. Qurum hər iki məsələni şagirlər arasında yüngül mübahisə və barışıqla nəticələndiyi ilə əlaqələndirib.
Təhsil İdarəsinin bu açıqlamasından sonra Bizim.Media-ya hər iki olayla bağlı əlavə məlumatlar daxil olub.
Mənbə bu dəfə hər iki olayın iştirakçılarının adını açıqlayıb. Həmçinin bıçaqlanma və zorlanmanın sözügedən məktəbdə baş verdiyini bir daha vurğulayıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda DƏHŞƏT - Məktəblinin biri ZORLANDI, digəri BIÇAQLANDI
Qeyd edək ki, sözügedən təhsil ocağında ötən ilin may ayının 23-də məktəbin biri 8-ci, ikisi 9-cu sinif şagirdləri olmaqla ümumilikdə 3 nəfər 3-cü sinifdə oxuyan məktəbliyə təcavüz ediblər.
Təcavüz edənlər əmioğlulardır. Onlar özlərindən kiçik, müqavimət gücü olmayan bir uşaqla qeyri-təbii yolla cinsi əlaqədə olublar.
Zorlanma hadisəsinin Kürdəmir Rayon Polis Şöbəsində araşdırıldığı, amma şübhəlinin cəza almadığı iddia olunur.
Sözügedən məktəbdə başqa bir olay isə dekabr ayının 27-də yaşanıb. Məktəbin 10-cu sinif şagirdi 11-ci sinif şagirdini 8 bıçaq zərbəsi ilə bıçaqlayıb.
Bıçaqlanan uşağı bacısı bir təhər hücum edənin əlindən xilas edə bilib. Amma bıçaqlanan şagird boyun nahiyyəsindən, əlindən və ayağından yüngül xəsarətlər alıb. Xəsarət alan məktəbli direktorun otağına aparılıb və yaralarına elə oradaca tibbi yardım edilib. Mənbənin sözlərinə görə direktor məktəbin müəllimlərini otağından kənara çıxararaq, zərərçəkənlə özü məşğul olub.
Hər iki olayın da məhz məktəbin direktor əvəzi Ülkər Quliyeva tərəfindən qapadıldığı iddia olunur.
Məlumat üçün bildirək ki, bıçaqlanan şagirdin anası dünyasını dəyişib, atası laldır. Zorlanan şagirdin isə atası Dağıstanda çalışır.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru polis kapitanı Nizam Həmidov Bizim.Media-ya açıqlamasında hər iki faktla bağlı açıqlama verib:
“Ötən ilin may ayında Kürdəmir Rayon Polis Şöbəsinə E.Zülfüqarov adına Şilyan kənd tam orta məktəbində təhsil alan 3-cü sinif şagirdinə qarşı yuxarı sinif şagirdləri tərəfindən seksual xarakterli hərəkətlər edilməsi ilə bağlı müraciət daxil olub. Daxil olan müraciətlə bağlı bütün zəruri tədbirlər görülüb, araşdırmalar aparılıb, tərəflərin - valideyn və məktəblilərin izahatları alınıb. Aparılan araşdırmalar zamanı qeyd olunan iddiaların əsassız olduğu müəyyən edilib və material üzrə cinayət işinin başlanması rədd edilib.
Həmin məktəbdə 10-cu sinif şagirdinin 11-ci sinif şagirdini 8 bıçaq zərbəsi ilə bıçaqlanması, məktəblilərdən birinin xəsarət alması ilə bağlı məlumat da əsassızdır. Həmin məsələ araşdırılıb və həmin tarixdə təhsil ocağında qeyd edilən bıçaqlanma hadisəsinin baş vermədiyi müəyyən edilib”.
Məlumatı saytımıza təqdim edən mənbə əlavə olaraq qeyd edib ki, sözügedən məlumatları ictimailəşdirdiyi üçün məsuliyyətini dərk edir.
Bu səbəbdən yalan informasiya yayılmaması və hər iki faktın təsdiqlənməsi üçün hüquq mühafizə orqanlarından bir daha məsələnin araşdırılması tələb olunur. Hər halda bıçaqlanan şagirdin bədən nahiyyələrindəki izlərini, zorlanan uşağın isə ekspertiza rəyi ilə vəziyyətini müəyyənləşdirərək araşdırmaq mümkündür.
Həmçinin məktəb daxilində baş verən hər iki olayın gizlədilməsi, zərərçəkənlərin valideynlərinin necə susdurulması, eləcə də xuliqanlıq edən şagirdlərin digər məktəblilərə də təhlükə yaratdığı halda hələ də təhsil ocağında saxlanıldığı suallar yaradır.
Ümid edirik ki, aidiyyəti qurumlar təkrar məsələni araşdıracaqlar.
Mövzunu diqqətdə saxlayacağıq...
Alçina Amilqızı, Bizim.Media