Son dövrlərdə Bakıda parklanma ilə bağlı böyük problemlər yaşanır. Xüsusi ilə şəhərin mərkəzində avtomobillər yolun kənarındakı zolaqda 2-3 sıra saxlayaraq avtomobil yolunu tamamilə qapayaraq, böyük tıxaclara səbəb olur.
“Bir neçə gün bundan əvvəl deputat ofisinə Səbail rayonunun mərkəzində yaşayan və çalışan (Zərifə Əliyeva və Yusif Məmmədəliyev küçələrinin kəsişməsi) vətəndaşların adından müraciət ünvanlanıb.Vətəndaşları narahat edən mövzu isə mərkəzdə nəqliyyatın nizamsız parklanması və bundan irəli gələn problemlər idi”.
MÖVZU İLƏ BAĞLI:
“İndi bizim əsas diqqətimiz gələcəyə yönəlməlidir” – Nigar Arpadarai
Bizim.Media xəbər verir ki, bu barədə millət vəkili Nigar Arpadarai Facebook səhifəsində məlumat verib. Məsələ ilə bağlı, deputat ilə əlaqə saxladıq.
Millət vəkili Bizim.Media-ya açıqlamasında bu problemi həll etmək üçün Səbail İcra Hakimiyyəti və BNA ilə ilkin müzakirələrə başladıqlarını bildirib.
“Doğurdan da şəhərin mərkəzində vəziyyət bərbaddır. Dünyanın demək olar ki, bir çox ölkələrində mərkəzə giriş xüsusi sistemlə olur. Ümumiyyətlə, nəinki şəhərin mərkəzində, bütün istiqamətlərdə parkiqnlə bağlı məsələyə xüsusi diqqət yetirilməlidir. Bunu BNA tənzimlənməlidir. Düşünürəm ki, İçəri şəhərə giriş sistemli şəkildə həyata keçirildiyi kimi, digər mərkəzi küçələrdə də bu belə nəzarətə götürülməlidir”.
N.Arpadarai bildirib ki, problemi birgə işləyərək həllinə nail olmağa çalışmalıyıq.
“Burada təkcə söhbət rahatlıqda deyil, sabah burada fövqaladə hadisələr baş versə, heç bir yanğın söndürən, təcili tibbi yardım avtomobilləri bu əraziyə daxil ola bilməyəcəklər”,- deyə o, qeyd edib.
Sonda millət vəkili fikrini bu sözlərlə tamamlayıb:
“Hesab edirəm ki, mərkəzdə parklanma zamanı burada yaşayan sakinlərə üstünlük verilməlidir (kartlar və s.). Digər avtomobillər üçün müəyyən olunmuş parkinq qiyməti olmalıdır ki, mərkəzə axışan maşınlar az olsun. Təbii ki, ictimai nəqliyyat elə işləməlidir ki, vətəndaşlar daha çox ictimai nəqliyyatdan istifadə etsin. Bu məqamda velosiped yollarının salınmasının önəmini bir daha xatırladıram".
"Geniş mövzudur. Bu mövzu ətrafında Səbail İcra Hakimiyyəti və BNA ilə ayrı-ayrılıqda ilkin müzakirə aparmışıq. Birgə işləyərək problemin həllinə nail olmağa çalışmalıyıq”.
Məsələ ilə bağlı hadisə yerinə yollanan əməkdaşlarımızın da çəkdiyi görüntülərindən məlum olur ki, həmin o ərazi ümumiyyətlə nəzarətsiz buraxılıb. Kadrlardan da görünür ki, istənilən insan burada avtomobili saxlayıb, işlərinin dalınca yollana bilər.
Qeyd edək ki, həmin yer Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun yaşadığı küçədir.
Sözügedən fotoları təqdim edirik:
Vüsalə Balayeva, Bizim.Media