Respublikaçı Alternartiv Partiyadan (REAL) olan millət vəkili Erkin Qədirlinin bloqer Mehman Hüseynova verdiyi açıqlama geniş müzakirələrə səbəb olub.
“Heç özüm haqqında da deyə bilmərəm ki, demokratik yolla seçilmişəm. Demokratik seçki olsa idi, o zaman əminliklə demək olardı”, - deyə deputat qeyd edib.
Milli Məclisin vitse-spikeri, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev həmkarının bu fikirlərini kəskin etirazla qarşılayıb:
“Deməli, əlindəki telefonla həm “operatorluq”, həm də “jurnalistlik” etməyə çalılşan birisi qarşısına keçən millət vəkillərindən birindən soruşub ki, “mənə bir deputatın adını çəkin ki, xalqın səsini qazanıb”. Özünü müxalifətin nümayəndəsi sayan həmin millət vəkili blogerliyə iddia edən “jurnalistin” sualına cavab verə bilmirsə, bu o demək deyil ki, bütün millət vəkillərinə qara yaxmalıdır.
Müxalifətdən olan millət vəkilinə verilən suala mən konkret cavab verirəm:
“Adil Əliyevin necə millət vəkili seçildiyini və seçicilərinin problemlərinə necə yanaşdığını 20 saylı Nərimanov ikinci seçki dairəsindən öyrənə bilərsiniz. Bəli, mən seçicilərimin səsi ilə millət vəkili seçilmişəm”.
Sözüm “mən özüm haqqımda deyə bilmərəm ki, demokratik yolla seçilmişəm” deyən millət vəkilinədir:
“Demokratik yolla seçilmədiyinizi bildirirsinizsə, nədən Milli Məclisin işində iştirak edirsiniz? Uzaqbaşı cavab verə bilərdiniz ki, “başqasının yerinə danışa bilmirəm, ancaq mən demokratik yolla seçilməmişəm”. Özünüzün seçildiyinizə əmin deyilsinizsə, ümumilikdə Azərbaycan Parlamentinə niyə kölgə salırsınız? Axı Siz millət vəkili mandatıyla tək parlamentin işində iştirak etmirsiniz, ölkəmizi müxtəlif beynəlxalq təşkilatlarda təmsil edir, konfrans və seminarlara qatılırsınız. Sizin məntiqsiz cavabınız hazırki həssas məqamda Azərbaycana qarşı informasiya savaşını genişləndirən Ermənistan hakimiyyəti, erməni separatçıları, erməni lobbisi və onların arxasında olan mərkəzlərin işinə yarayır”.
Digər millət vəkili Hikmət Babaoğlu isə qeyd edib ki, özünü etibarsızlaşdırmaq özünüinkardır:
“Erkin Qədirlinin sosial şəbəkələrə verdiyi açıqlamasında öz deputatlıq statusunu şübhə altına alan fikirlər bildirməsi ziddiyətli və anlaşılmazdır. Ona görə ki, Erkin bəy siyasətçi olmaqla bərabər, həm də hüquqşunasdır və səsləndirdiyi fikirlərin hansı hüquqi nəticələr doğura bilməsi ilə bağlı aydın təsəvvürləri var. Məsələn, nəticəsinə hüquqi baxımdan şübhə etdiyi seçkilərin ona verdiyi mandatı qəbul etməsi onun hüquqa münasibətinin göstəricisi hesab oluna bilər.
Yəni, Erkin bəy, iddia etdiyi kimi, hüquq pozuntusu nəticəsində əldə etdiyi mandat hüququndan imtina etmirsə, deməli o hüquqa da hörmət etməmiş hesab oluna bilər. Yaxud demokratik hesab etmədiyi seçkinin nəticəsini qəbul edirsə deməli siyasətçi kimi onun demokratiyaya da münasibəti birmənalı qəbul olunmaya bilər.
Ona görə də belə məsələlərdə diqqətli olmalı və təmisil olunduğumuz Milli Məclisin nüfuzu və legitimliyi ilə bağlı şübhə yarada biləcək sözlər sərf etməməliyik . Nəticə etibarilə, bu həm də deputatlara səs vermiş seçicilərin səslərinə hörmətsizlik kimi qəbul edilə bilər”.
Millət vəkili Elman Nəsirov isə REAL Partiyasının Milli Məclisdə təmsilçisi Erkin Qədirlinin fikirlərinin həm təəcüb, həm də təəssüf hissi doğurduğunu bildirib:
İlk ağla gələn versiya ondan ibarətdir ki, Erkin bəy ilk növbədə özünün qeyri-demokratik yolla seçildiyini bəyan edirsə, bəs onda niyə mandatından imtina etməyib? Yoxsa daxilindəki gizli vəzifə hərisliyi qarşısında əlində bayraq etdiyi ədalət hissi qürubamı çəkilib? Bəlkə, müxalifətçilik “ağa qara demək” formulundan başlayır kimi ucuz təbliğata uyaraq bu “etiraf”ı edib? Olmaya xaricdəki “dostlar”ımızdan “REAL özünü yaxşı aparmır” iradları daxil olub və onun qarşılığında həmkarımız adekvat davaranış ortaya qoyub? Suallar çoxdur.
Həqiqət isə birdir və ondan ibarətdir ki, ulu öndər Heydər Əliyev banisi olduğu müasir Azərbaycan dövlətçiliyi üçün demokratik inkişaf yolunu müəyyən edibdir. Demokratiya bir prosesdir. Onda son nöqtə yoxdur. Azərbaycan müzəffər Prezidentimiz cənab İlham Əliyevin rəhbərlyi altında məhz Heydər Əliyev yolu ilə gedir və möhtəşəm uğuralara imza atır”.
Qeyd edək ki, Erkin Qədirli 2020-ci il fevralın 9-da keçirilən parlament seçkilərində 16 saylı Yasamal seçki dairəsində mübarizə aparıb. O, Yeni Azərbaycan Partiyasından olan digər namizəd Ramin Əhmədovu qabaqlayaraq, parlamentə mandat qazanıb.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:30 / 26.01.2023
Erkin Qədirliyə deputatlardan SƏRT REAKSİYA: “Bəs, niyə mandatdan imtina etmir?”
Hazırda oxunan: Erkin Qədirliyə deputatlardan SƏRT REAKSİYA: “Bəs, niyə mandatdan imtina etmir?”
Hazırda oxunan: Erkin Qədirliyə deputatlardan SƏRT REAKSİYA: “Bəs, niyə mandatdan imtina etmir?”
116738
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.