“2020-ci ildə Azərbaycanda 22 uşaq övladlığa götürülüb”. Onlardan 10-u qız, 12-si oğlandır. Uşaqlardan 17-si yaxın qohumlar, 1-i müəssisədən, 2-si ögey ana və ya ata, 2-si valideynlər arası qarşılıqlı razılıq əsasında övladlığa götürülüb.
Bunu Bizim.Media-nın sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Qohumlar üçün övladlığa götürmə proseduru asanlaşdırılır
Məlumatda o da bildirilir ki, övladlığa uşaq götürmək istəyən vətəndaşların bu istiqamətdə xeyli müraciətləri var.
Azərbaycanda övlad sahibi olmaq istəyənlər çox olsa da, statistik rəqəmlər bunun əksini deyir. Son 4 il ərzində övladlığagötürmə sayında ciddi azalma müşahidə olunur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, 2019-cu il üzrə 144 uşaq övladlığa verilib.
2018-ci illə müqayisədə 2019-cu ildə övladlığa verilən uşaqların sayında azalma müşahidə olunub. 2018-ci ildə 751 uşaq övladlığa götürülüb ki, bu da 2017-ci illə müqayisədə 14,4 faiz azdır.
Ekspertlər bu müraciətlərin sayının azalmasına səbəb kimi övladlığa götürülmə qərarlarının məhkəmələrdə ləğv edilməsi hallarının əvvəlki illə müqayisədə artdığını əsas gətirirlər. Bundan əlavə prosedur qaydalarının çətin olması söylənilir
İndi təklif edilən dəyişikliklər isə övladlığa götürülmə ilə bağlı qanunvericiliyi təkminləşməsinə xidmət edəcək.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi nin üzvü Jalə Əliyeva Bizim.Media-ya açıqlamasında deyib ki, övladlığa götürülmə prosesinin asanlaşdırılması bu sahədə mövcud olan məhdudiyyətləri aradan qaldıracaq:
“Əsas məqsəd uşaqların hüquqlarının qorunmasıdır. Ailə qayğısından məhrum olan uşaqların sağlam ailə mühitində böyüməsi üçün etibarlı əsas yaradılmalıdır. Bu günə kimi mövcud qanuna əsasən “qohumu” sözü ifadə olunurdu".
"Yəni uşaq övladlığa qohumuna verilə bilər. Bu söz bundan sonra bacı, qardaş, nənə, baba, eləcə də valideynlərinin bacıları, qardaşları, onların övladları ilə əvəz olunacaq. Bununla övladlığa götürən şəxsn statusu konkretləşir. Uşaq ətrafında olan qohumlarına rahatlıqla övladlığa verilə biləcək. Bu da həmin uşağın daha tez ailə instituna cəlb olunmasına şərait yaradacaq”.
Deputat hesab edir ki, əcnəbilərə övladlığa verilən uşaqların nəzarət fünksiyası daha da gücləndirilməlidir:
“Ailə Məcəlləsinin 150-ci maddəsində dəyişiklik edilib. Qohumlar üçün nəzərdə tutulan mövcud qanunvericilik əcnəbi və vətəndaşlığı olmayan şəxslərə də aiddir”.
Qeyd edək ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən uşaqlar öz yaxın qohumları tərəfindən övladlığa götürülən zaman, uşaq sahibi olmaq istəyən şəxslərin uçot məlumatları yoxlanılır.
Daha sonra uçota alınan və himayəsinə uşaq almaq istəyən şəxslər müsahibə, mənzil-məişət şəraitinin müayinəsi mərhələlərini uğurla keçməlidir. Əks halda həmin ana və ya ata olmaq istəyən şəxsə övlad sahibi ola bilməyəcək.
Müsahibədən müvvəfəqqiyyətlə keçən şəxslər uşaq sahibi olmasının rəsmiləşdirilməsi üçün məhkəməyə müraciət edirlər.
Yaxın qohumu olan uşağı övladlığa götürmək istəyən şəxslər uçota alınan zaman onlar və onlarda birgə eyni ünvanda yaşayan şəxslər barədə sağlamlıq vəziyyətləri, məhkumluqları barədə məlumatlar tələb olunur.
Eyni zamanda övladlığa götürmək istəyən şəxslərlə övladlığagötürülən uşaq arasındakı qohumluq əlaqələrini təsdiq edən sənəd məlumatları yoxlanılır.
Alçina Amilqızı, Bizim.Media