Qərbi Azərbaycandan müxtəlif vaxtlarda sürgün edilən soydaşlarımızın bir qismi də Şəki rayonunda məskunlaşıb. Onların arasında keçən əsrin əvvələrindən, 47-48-ci illərində və son olaraq 1988-ci ildə deportasiya olunan ailələr var. Şəkinin Turan qəsəbəsində, Şəki kəndində, Aydınbulaq və başqa bir neçə ərazisində məskunlaşan Qərbi Azərbaycanlılar yerli camaata qaynayıb-qarışsalar da 100 ildən yuxarıdır torpaq, yurd həsrətini də özləri ilə yaşadırlar.
Bizim.Media-nın yerli bürosunun əməkdaşları Şəki kəndində olub həmin soydaşlarımızla sürgünlük, qəriblik və yurda dönüş havasından söhbət ediblər.
Göyçə mahalından deportasiya olunan Surxay Əliyev danışır ki, tez-tez yuxularıma girir o doğma yerlər. Babalarımın ruhu dinclik vermir, elə hey bizi yurda səsləyir:
“Cənab Prezidentin Qərbi Azərbaycan icması ilə görüşündən sonra ruhuma vəlvələ düşüb. İndi daha çox yuxuma gəlir uşaqlıq məskənim. Basarkeçər rayonu deyirdik öz ərazimizə. Babacan, Pəmbək, Dərə, Güney, Şişqaya, Göysu, İnəkdağı, Yuxarı Şorca, Aşağı Şorca, Nərimanlı, Əzizli, Zod, Su Batan bu ərazilər... bunlar sırf azərbaycanlı kəndləri idi. 88-ci il hadisələrində onlar dirəndilər, silahlı adamlar gəlirdi, kəndlərə düşürdülər, qorxudur, atırdılar. Onların rəhbərliyindən gəlib tədricən, guya, hörmətlə bizə deyirdilər ki, çıxıb gedin. ... Şəxsi əmlakımız, evimiz, ömrü boyu atam, anamın tikdiyi ev hamısı qaldı, Mülkün, malın hamısı qaldı, ancaq özümüz çıxıb gəlmişik”.
İslam Hüseynovun ailəsi isə 1905-ci ildən bu yana bir neçə dəfə sürgün və deportasiyaya məruz qalıb. Əvvəlcə Qırğızstana, sonra Salyan rayonuna sürgün olunublar. İllər sonra Vətənə - Göyçə mahalına geri dönsələr də bu ailə yenidən erməni millətçilərinin qurbanına çevrilib.
“1949-cu ildə bizi köçürdülər Salyan rayonunun Noxudlu kəndinə. Köçürmək deyəndə ki, sürgün eləyiblər. Salyanda anam xəstələnib rəhmətə gedib. Bir neçə ildən sonra yenə qayıtmışıq öz ata-baba kəndimizə. 1969-cu ilə kimi öz kəndimizdə yaşadıq. Daha da pis günlərə saldılar bizi, hətta o yerə çatdı ki, bizim müsəlmalara deyirdilər ki, gəlin gedin donuz otarın”.
Dərəlyəz mahalında anadan olan Əli Hüseynovun ailə dramını, yaşadıqlarını dinləmək isə adamı paramparça edir:
“Birinci dünya müharibəsində 1917-18-ci illərdə Andranik dövründə bizə hücum edəndə, ölən ölüb, qalanlar qaçıblar İrana. 1921-22-ci illərdə Abbasqulu bəy Şadlinskinin səbəbkarlığı ilə qalanlar bir də gəlib ana yurduna, orda yaşayıblar, 1936-37-ci illərdə yenidən sürgünlər, qırğınlar, ermənilər imkan verməyib yaşamağa. Hətta kolxoz, sovxoz eləməyiblər, məktəb olmayıb. Elektrik də çəkməyiblər ki, bezib yurdu tərk edək.
1949-cu ildə isə deportasiya olunduq Saatlı rayonuna. Stalin öləndən sonra 1954-55-ci illərdə təzədən atamgil bir daha dönüblər vətənə, torpaq çəkib, vətən çəkib. Ulularımızın qəbri orda, ziyarətgahlar orda qalmışdı... Ondan sonra da bizə imkan vermədilər yaşamağa, Hətta onların dığaları məktəbin bufetində otururdular stolun üstünə milçək qonanada öldürüb deyirdilər ki, “mihaded türk sardem”, yəni türkü öldürdüm. Bunlar bünövrədən belə tərbiyə olunublar”.
Digər sakin Talıb Quliyev isə deyir ki, bu qədər müsibətlərə baxmayaraq Vətəni, yurdu unutmaq olmur, 44 günlük müharibədəki parlaq qələbəmizdən sonra düşünürük ki, Qarabağlılar kimi biz də öz oba-oymaq yerlərimizə qayıdacağıq:
“Onsuz da ermənilərin burnunu əzmişik, etdikləri vəhşiliyin əvəzini verməlidirlər. Biz də öz dogma ata-baba ocaqlarımıza qayıdacağıq. Ölkəmizin başçısının sözünə inanırıq, o, özü deyir ki, mən hər şeyin vaxtını dəqiq bilirəm. Qərbi Azərbaycanlılar İcması ilə görüşündə dediyi sözləri də yaxşı xatırlayırıq. İlham Əliyevə güvənirik və əminik ki, yurd həsrətimizə yaxın zamanlarda son qoyulacaq və biz buna hazırlaşırıq”.
Kənd icra nümayəndəsi isə bizə məlumat verdi ki, Şəki kəndində müxtəlif illərdə sürgün edilən 3 minə yaxın insan yaşayır. Onların yüz nəfərə yaxını isə 1988-ci illərdə deportasiya olunanlardır. Bu insanların hər biri haqda dolğun məlumatlar müvafiq qurumlara təqdim olunub.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
16:00 / 25.01.2023
Şəkidə yaşayan Qərbi Azərbaycanlılar: “Öz yurdumuza qayıtmağa hazırlaşırıq”
Hazırda oxunan: Şəkidə yaşayan Qərbi Azərbaycanlılar: “Öz yurdumuza qayıtmağa hazırlaşırıq”
Hazırda oxunan: Şəkidə yaşayan Qərbi Azərbaycanlılar: “Öz yurdumuza qayıtmağa hazırlaşırıq”
116602
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.