Şagird məktəbdən hansı halda xaric edilə bilər? – EKSPERT RƏYİ

Şagird məktəbdən hansı halda xaric edilə bilər? – EKSPERT RƏYİ

Hazırda oxunan: Şagird məktəbdən hansı halda xaric edilə bilər? – EKSPERT RƏYİ

116443

Sinifdə nizam-intizam qaydalarına əməl edilməsi təkcə müəllimlər üçün deyil, həmçinin şagirdlərin özləri üçün də önəmlidir. Son zamanlar isə məktəblərdən yayılan dərs görüntüləri bunu bir xəyal kimi təsəvvür etməyimizə səbəb olub.

Elə bilirik, sakit mühitdə, normal səs tonunda danışan müəllimi dinləyən, fikir mübadiləsi aparan şagirdlərin olduğu bir sinif yalnız xəyallarımızda mümkündür. Baş verənlərin səbəbini kimi müəllim nüfuzunun cəmiyyətdə qəsdən zəiflədilməsində, kimi də ailələrin uşaqlarını düzgün tərbiyə edə bilməməsində görür.

Bütün bunların fonunda şiddətə şahidlik etdiyimiz zaman isə hər kəsi bu suallar düşündürür: Söz dinləməyən şagirdi müəllim necə cəzalandırmalıdır? Qanunda bu barədə son hədd nədir? Şagirdi məktəbdən xaric etmək olarmı?

Mövzu ilə bağlı Bizim.Media-nın həmsöhbəti təhsil eksperti Kamran Əsədov olub. Müsahibimiz söyləyib ki, dərsin normal gedişinə mane olan şagirdin cəzalandırılmasından çəkinməyi dünya təcrübəsi tələb edir:  

“Nizam-intizam olmayan, davranış qaydalarına əməl edilməyən sinifdə yüksək təlim nəticələrindən danışmaq mümkünsüzdür. Mövcud  dəyişiklik, yəni şagirdlərin  cəzalandırılması isə onlarda məktəbə, müəllimə qarşı aqresiya yaradaır, onları məktəbə, müəllimə qarşı birləşməyə sövq edir. Nəticədə şagirdlər məktəblə, müəllimlə birlikdə deyil, “əks cəbhə”də olmağı seçirlər.  Konflikt böyüdükcə, valideynlər də bu məsələyə qoşulur və nəhayət, məktəb, müəllim haqlı olsa belə, çoxluq qalib gəlir”.

Ekspert müəllimin işinin təkcə 45 dəqiqə ərzində dərsi izah edib qiymətləndirmə aparmaq olmadığına diqqət çəkib:

“Şagird dərsə qulaq asmaya, nizam-intizam qaydalarına əməl etməyə bilər, lakin bu hərəkətləri onun timsalında “xuliqan” obrazı yaratmaq üçün əsas vermir. Səbrlə, təmkinlə, qayğı göstərərək onu ələ almağa, düzgün tərbiyələndirmək lazımdır. Müəllimlər şagirdlərin xüsusiyyətlərini öyrənməyə çalışmalı, dərsin planını qurarkən onları nəzərə almalıdırlar. Əgər pedaqoqlar şagirdlərin daxili aləminə bələd olsalar, onları tez ələ alar, dərsə diqqətlərini çəkə bilərlər”.

Şagirdlərin cəzalandırılması və bunun üçün son hədd olaraq məktəbdən xaric edilməsinə qaldıqda isə Kamran Əsədov bildirib ki, qanun heç bir halda şagirdin təhsil hüququnun əlindən alınmasına icazə vermir:

“Şagirdin bir sinifdən digər sinifə keçməsi barədə Nazirlər Kabinetinin konkret qərarı var. Qanuna görə, şagirdlərin hüquqları, vəzifələri və öhdəlikləri qeyd olunub. Eyni zamanda həm özəl, həm də dövlət məktəblərinin özlərinin nümunəvi nizamnaməsində məktəbdaxili nizam-intizam qaydalarının pozulmasına görə, hansı addımların atılacağı qeyd olunur.

İbtidai sinifdə, ümumiyyətlə, şagirdlər sinifdə saxlanıla bilməz. 5-9-cu sinifdə isə şagirdlərin akademik göstəriciləri aşağı olduğu halda sinifdə saxlanıla bilərlər, lakin heç bir halda adları şagirdlər siyahısından çıxarıla bilməz.

Yəni şagird daxili nizam-intizam qaydasını pozduğu halda biz onun təhsil alma hüququnu əlindən ala bilmərik. Azərbaycan Respublikasının Konstitusiyasına görə, təhsil almaq hər kəsin hüququdur və dövlət bunu təmin edir”.

Ekspert bildirib ki, özəl məktəblər özlərinin nizamnaməsində qeyd edilən daxili nizam-intizam qaydasının pozulmasına görə, şagirdi məktəbdən xaric etdiyi təqdirdə onun dövlət məktəbinə köçürülməsini təmin etməlidir:

“Burada vacib məqam odur ki, bu, özəl məktəbin daxili nizam-intizam qaydasında qeyd olunsun. Yəni şagirdin təhsil alma hüququ heç bir halda məhdudlaşdırıla bilməz, o, dövlət tərəfindən icbari təhsilə cəlb edilir.
Bu 1-9-cu sinifdə hər kəsə aiddir. 10-11-ci sinifdə isə təhsil könüllüdür və məktəb həmin şəxsin bilik-bacarığı, davranışı yetərli deyilsə, bu halda, bəli, məktəbin qəbul etməmək hüququ var. Ən pis halda o, başqa sinifə və ya məktəbə keçirilməlidir. Hesab edirəm ki, məsuliyyət yükləmək lazımdır və bundan sonra cəza mexanizmi düşünülə bilər”.

Aləmdə Nəsib, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO