Prezident İlham Əliyev “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
Bizim.Media xəbər verir ki, dəyişikliyə əsasən dövlət qeydiyyatından keçməli olan əmlakın özgəninkiləşdirilməsi və ya ipoteka qoyulması haqqında müqavilələr özgəninkiləşdirilən və ya ipoteka qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən, avtonəqliyyat vasitələri üzrə, həmçinin onların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) verdiyi müayinədən keçməsi barədə sənədlər və ya sənədlər haqqında elektron informasiya sistemindən real vaxt rejimində əldə edilmiş məlumatlar əsasında təsdiq edilir.
Ər-arvaddan birinin ümumi mülkiyyətdə olan daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan müqavilələrin bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur.
Daşınmaz əmlak barəsində notariat hərəkətlərinin aparılması ilə bağlı daşınmaz əmlaka dair dövlət reyestrindən çıxarış, həmin əmlakın təsviri, bu əmlak üzərində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindəki məlumatlar notarius və ya qanunla müəyyən edilmiş hallarda notariat hərəkəti etməyə hüququ olan digər vəzifəli şəxslər tərəfindən dövlət reyestrindən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə real vaxt rejimində əldə edilir.
Həmin sənəd və məlumatlar notarius və ya notariat hərəkəti etməyə hüququ olan digər vəzifəli şəxslərin istifadə etdiyi müvafiq informasiya sistemində elektron formada avtomatlaşdırılmış qaydada əks olunur.
Əmlak üzərində qadağa olduqda əmlakın özgəninkiləşdirilməsi haqqında müqavilə yalnız borcun əmlakı əldə edənin adına keçirilməsinə dair kreditorun və əldə edənin razılığı olduqda təsdiq edilə bilər.
Qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilməsi ilə bağlı beh müqaviləsi təsdiq edilərkən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş razılıq tələb olunur.
Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilələrin təsdiq edilməsi, daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin aparılması və əmlak hüquqlarının dövlət qeydiyyatı “bir pəncərə” prinsipi əsasında bu Qanunda və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir.”
Bizim.Media