Bu gün saat 10:00-dan etibarən Bakının Nəsimi rayonunda - Azadlıq prospektinin Füzuli küçəsindən Dilarə Əliyeva küçəsinə qədər və Füzuli küçəsinin Azadlıq prospektindən Rəşid Behbudov küçəsinə qədər olan hissələrində nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılır.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Bakının mərkəzində BİABIRÇILIQ - Dağılan daş döşəmələrin yerinə yamaq asfalt VURULUB – VİDEO
Məlumata görə, bu hissələrdə qum əsası üzərində düzülmüş kiçik ölçülü qranit daşlarının çox hissəsinin deformasiyaya uğradığı və bu səbəbdən yaranmış qüsurların nəqliyyat və piyadaların hərəkətinə ciddi maneə yaratdığı müəyyən edilib.
Nəqliyyat və piyadaların çox hərəkət etdiyi sözügedən prospekt və küçənin kiçik bir hissəsinin saxlanılması və təmirində yaranmış çətinlikləri nəzərə alaraq, həmin kiçik ölçülü daş örtüyünün sökülərək, yerində yeni asfalt-beton örtüyün tikilməsi işlərinə başlanılır. Tikinti müddətində küçələrdə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.
Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.
Xatırladaq ki, qeyd olunan ərazidə yolun bərbad durumda olması ilə bağlı məsələni Bizim.Media işıqlandırmışdı.
Bizim.Media