“Komandir vəsiqəmi görəndə mənə təzim etdi” - Yanvar qırğınında Qubadan yaralılara yardım aparan Elza Orucova

“Komandir vəsiqəmi görəndə mənə təzim etdi” - Yanvar qırğınında Qubadan yaralılara yardım aparan Elza Orucova

Hazırda oxunan: “Komandir vəsiqəmi görəndə mənə təzim etdi” - Yanvar qırğınında Qubadan yaralılara yardım aparan Elza Orucova

115850

"20 Yanvar hadisələrindən bir- iki gün keçmişdi. Artıq şəhidlərimiz torpağa tapşırılmış, xəstəxanalarda yüzlərlə yaralılarımız vardı. O vaxt mən rayon İcraiyyə Komitəsi sədrinin müavini işləyirdim. Belə qərara gəldik ki, xəstəxanalardakı yaralılarımıza Quba şirniyyatı, təzə meyvə və digər ərzaq məhsulları aparaq".

Bu məlumatı Qubada yaşayan əməkdar mədəniyyət işçisi, Azərbaycan Pedaqoji Universitetinin Quba filialının müəllimi Elza Orucova Bizim.Media-nın əməkdaşı ilə söhbətində bildirib.  

Onun sözlərinə görə, yaralıların yanına rayon xəstəxanasının baş həkimi və mərhum həyat yoldaşı ilə gedib: 

"Yaxşı yadımdadır, bundan xəbər tutan Quba camaatı şəhərin mərkəzi meydanına öz məhsullarını daşımağa başladılar. Bir-iki saat ərzində üç böyük maşın təzə meyvə, ət, toyuq, Quba konserv zavodunun məhsulları ilə doldu və biz yola düşdük”. 
Elza Orucova təəssüf və həyəcan hissi ilə şəhərin girəcəyində maşınları saxladıqlarını xatırlayır. Belə ki, onları heç cürə şəhərə buraxmaq istəməyiblər:

"İrəlidə ərzaq maşınları gedirdi, onların dalınca isə biz xidməti maşınımızla. Yol boyu dəfələrlə saxladılar bizi. Biləcəriyə yaxınlaşdıqda isə başqa mənzərə ilə qarşılaşdıq, tank və topların əlindən şəhərə girmək mümkün deyildi. Qırmızı qərənfillərlə dolu küçələrdən xəşil olmuş maşınlar hələ də yığışdırılmamışdı. Tankların üstündə oturub toplarını maşınlara tuşlayan əsgərlərin donuq, amansız gözləri, əcaib sifətləri vardı." 

Onun sözlərinə görə, vəziyyətdən çıxmaqlarına isə E. Orucovanın SSRİ Jurnalistlər İttifaqının üzvü olmağı səbəb olub:

"Bizə əmr etdilər ki, geri qayıdaq, xəstələrə heç nə lazım deyil. Baş həkim  və rəhmətlik  həyat  yoldaşım nə qədər danışşalar da xeyri olmadı. Mən çarəsiz qalaraq maşından düşdüm, xidməti vəsiqəmi göstərdim. Komandirlər xəstələrin ərzağa ehtiyacı olmadıqlarını, nahaq əziyyət çəkdiyimizi bildirdilər.

Belə olduqda mən SSRİ Jurnalistlər İttifaqının üzvü olduğumu bildirdim və vəsiqəmi onlara təqdim etdim. Vəsiqəmi alıb başçılarına göstərdilər və bizə şəhərə girməyə icazə verildi. Mən heç vaxt SSRİ Jurnalistlər İttifaqının Üzvlüyündən istifadə etməmişdim. Çünki yerli hakimiyyət orqanlarında işləyirdim.Təkcə həmin gün evdəkilərin təkidilə yanımda götürdüyüm bu vəsiqə karıma gəldi".

Onun sözlərinə görə,SSRİ Jurnalistlər İttifaqının üzvü vəsiqəsini göstərəndə rusların komandiri ona hətta təzim edərək, tank və toplar tərəfə baxmadan irəliləməyi və  ehtiyatlı olmağı tapşırıb. 

"Biz respublika Kliniki xəstəxanasına gəldik və baş həkimlə görüşdük. Gətirdiyimiz ərzaqları onlara təhvil verdik. Mən yaralılarla görüşmək üçün xahiş etdim. Baş həkim dedi ki, görüşməyə icazə yoxdur, çünki xəstəxananın dörd tərəfi əsgərlərlə əhatə olunub.

Növbəti dəfə də təkidli xahişimizdən sonra bizə görüşməyə icazə verdilər. Orada gördüklərimizi heç vaxt yaddaşımızdan silə bilmərik. İgid oğullarımız dəhşətli yaralar almışdılar.
Əfqanıstanda ayağından yara almış, burada isə ayaqları tamam kəsilmiş gəncimizi, başının üstündə anasının, nişanlısının ağladığı gəncimizi, heç bir günahı olmayan yaşlı həmvətənlərimizi unutmaq mümkündürmü? Palataların birində həmyerlimiz, həmin gecə yaralanmış Maliklə, digər palatada isə hadisədən bir neçə gün sonra yaralanmış Əfqanla görüşdük. Onlar da bizə öz təşəkkürlərini bildirdilər. Həmin gün şəhidlərin qəbirlərini də ziyarət etdik".

Elza Orucova həmin günün səhəri Qubaya qayıdanda  rayon partiya Komitəsinin o vaxtki birinci katibi olan, 1991-ci ildə helikopter qəzasında həlak olan Məhəmməd Əsədovla görüşdüyünü də xatırladı:

"Mən Məhəmməd müəllimə Bakıya səfərimiz barədə ətraflı məlumat verdim. O, qırmızı telefonu qaldırdı və Mərkəzi Komitəyə zəng vurdu. 20 Yanvar yaralılarına ərzaq aparıldığını və mənim onlarla görüşdüyümü bildirdi. Rəhmətlik Məhəmməd müəllim mənə təşəkkür edərək dedi ki,”vaxt gələr, haqq öz yerini tapar”. Bəli,vaxt, zaman gəldi və haqq-ədalət  öz yerini tapdı". 
Sonda Elza xanım qeyd etdi ki, “o günlərin acı xatirələrini yaşayarkən düşünürəm ki, taleyinin keşməkeşli və sınaqlı dövründə dövlət sükanı arxasında qətiyyətli rəhbər dayanan xalq xoşbəxtdir. Məhz Heydər Əliyevin sayəsində 20 Yanvar hadisələri bütün dünyaya çatdırıldı”.

Aytəkin Alxaslı, Şimal bürosu, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO