"33 ildir ki, bu anı yaşayırıq. Üç övlad böyütmüşəm. Onlardan biri Nizami Hüseynov 20 yanvar faciəsi zamanı şəhid olub. Həm bizim, həm də Azərbaycan xalqı üçün çox çətindir. Ölkəmiz 20 yanvarda nə qədər şəhid verdi. Bu qanlı hadisəni unutmaq qeyri-mümkündür".
Bu sözləri 20 yanvar faciəsində şəhid olan Nizami Hüseynovun anası Göyçə Allahverdiyeva Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.
MÖVZU İLƏ BAĞLI:
20 YANVAR Azərbaycanda Ümumxalq Hüzn Günüdür
Göyçə xanım qanlı yanvar gecəsi şəhid olan övladının “BTR” ilə vurularaq öldürüldüyünü bildirib:
"Nizaminin şəxsi avtomobili vardı. O da hamı kimi şəhərə çıxıb, yaralılara kömək edirdi. O zaman Nizamini ruslar "BTR" ilə vurmuşdular. Onu "Kondisioner zavodu" deyilən ərazidə yerləşən körpünün yanında vurdular. İş yoldaşı onun ağır yaralandığını görüb, bizə xəbər verdi.
Yanımızdakı bu uşaq isə Nizaminin nəvəsidir. Allah həm Nizamiyə, həm də bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Hər il bura ailəmlə birlikdə gəlib Nizaminin ruhunu anırıq. Bacım və bacım oğlu da mənimlə birlikdə buradadır. Bacım oğlu 44 günlük İkinci Vətən Müharibəsində iştirak edib, o da qəhrəmanlıq göstərib".
Rəşad Əliyev, Bizim.Media