Xəbər verdiyimiz kimi, Sosial Tədqiqatlar Mərkəzi tərəfindən insanların vəsaitlərini evlərdə, yaxud banklarda saxlamağa üstünlük verdikləri ilə bağlı sorğu keçirilib. Son nəticələr isə bir qədər maraq doğurub. Məlum olub ki, orta gəlirli sinifə aid edilən (aylıq gəliri 900-1200 manat) əhalinin 70 faizi vəsaitlərini banklarda deyil, evdə saxlamağa üstünlük verirlər.
Məlumat üçün qeyd edək ki, dünya ölkələrində vəziyyət fərqlidir. İnkişaf etmiş ölkələrin statistikasına görə, orta sinifə daxil olan vətəndaşların 80 faizdən yuxarı hissəsi vəsaitlərini banklarda saxlayırlar.
Bəs, ölkəmizdə əhalinin banklardan “qaçması”na səbəb nədir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov vətəndaşların vəsaitlərini evdə saxlamasına səbəb kimi güvən faktorunu ön plana çıxarıb:
“Bu statistika onu deməyə əsas verir ki, vətəndaşlar Azərbaycan polisinə daha çox güvənirlər. Yəni, vəsaitləri evdə saxlayan insanlar, pullarının oğurlanma ehtimalının daha az olduğunu düşünürlər. Görünür ki, onlar banklara etibar etmirlər. Düşünürlər ki, pulları banklarda bata bilər.
Bunun səbəbi isə ondan ibarətdir ki, doğrudan da, son illərdə bir çox vətəndaşların banklardakı pulları batıb. İnsanlar məhz bundan ehtiyat edirlər.
Lakin mənim fikrimcə, pulun evdən oğurlanma ehtimalı, bankda batmaq ehtimalından daha çoxdur. Çünki banklardakı əmanətlər sığortalanır.
Təbii ki, bankların reklamı düzgün qurub, müştəriləri cəlb etməyi bacarmamalarının da bu məsələdə rolu var. Amma dövlət bu məsələdə daha sərt qərarlar qəbul edib. Banklarda vəsaitlərin batmasının əsas səbəbi də məhz insanların sığorta şərtlərini qəbul etməməsi idi.
Bununla vətəndaşlar daha yüksək faizlə pullarını banka qoya bilirdilər.
Amma indi hər bir bankda vətəndaşların illik 12%-lə 100 min manata qədər olan vəsaiti sığortalanır. Yəni, evdə saxlamaqdansa, pulu banka qoymaq daha məqsədəuyğundur. Təbii ki, vəsaitin miqdarı da mühüm önəm kəsb edir. Lakin böyük məbləğdə vəsaitin evdə saxlanılması təhlükəlidir”.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:15 / 19.01.2023
“İnsanlar polisə banklardan daha çox güvənirlər” – Əkrəm Həsənov
Hazırda oxunan: “İnsanlar polisə banklardan daha çox güvənirlər” – Əkrəm Həsənov
Hazırda oxunan: “İnsanlar polisə banklardan daha çox güvənirlər” – Əkrəm Həsənov
115447
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.