Siyasi partiyalar dövlət vəsaitini hara sərf edib? – Dəqiq hesabat yoxdu

Siyasi partiyalar dövlət vəsaitini hara sərf edib? – Dəqiq hesabat yoxdu

Hazırda oxunan: Siyasi partiyalar dövlət vəsaitini hara sərf edib? – Dəqiq hesabat yoxdu

11544

“Siyasi Partiyalar haqqında” qanuna uyğun olaraq dövlət büdcəsindən vəsaitin ayrılması yolu ilə siyasi partiyalara maliyyə yardımı göstərilir.

2020-ci ildə dövlət büdcəsindən siyasi partiyalara 3,6 milyon manat maliyyə yardımı ayrılıb.

Bəs dövlət büdcəsindən maliyyələşən partiyalar hesabatlılığa nə qədər önəm verir və vəsaitlər nəyə xərclənir? 

 

MÖVZU İLƏ BAĞLI:

Keçən il siyasi partiyalara ayrılan vəsaitin məbləği açıqlandı - RƏQƏM


Bizim.Media mövzu ilə bağlı bir neçə partiya rəsmisinin fikirlərini öyrənib.

Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razı Nurullayev xatırladıb ki, rəhbərlik etdiyi partiya 2021-ci ildə maliyyə yardımı alan partiyalar sırasındadır:

 

“Bu aylıq hardasa 14 min manatdan çox məbləğ edir. Hələki pulun köçürülməsi baş verməyib. İlk dəfədir ki, Milli Cəbhə Partiyası olaraq dövlət büdcəsi hesabına maliyyələşən partiyalar sırasına keçmişik. O qədər də təcrübəmiz yoxdur. Təbii ki, neçə ildir partiya quruculuğunda təcrübəmiz var və idarə edirik".


"Bu günə qədər insanlarımız könüllü işləyib. Əslində sözügedən məbləğ rayon şöbələri olan partiya üçün böyük pul deyil. Amma hər halda kifayət qədər əlimizdən tutacaq. Hazırda məsləhətləşmələrimiz aparılır və qanunvericiliyə uyğun olaraq da xərclənməni və hesabatlılığı təmin edəcəyik”.

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı partiyanın ötən ildəki maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim etdiklərini deyib:

 

“Partiyanın maliyyə xərcləri şifahi yadımda deyil. Hər halda dövlət büdcəsindən ayrılan maliyyədən bizim əməkhaqqı, partiyanın xırda xərclərinə və ezamiyyətlərə xərclənir. Ümumi məbləğ yadımda deyil”.


Ana Vətən Partiyasının sədri (AVP) Fəzail Ağamalı dövlətdən ayrılan vəsaitin partiyanın saxlanması, fəaliyyəti və tədbirlərin keçirilməsi üçün xərcləndiyini bildirib:

 

“Vəsaitdən həmçinin partiyanın rayon, şəhər təşkilatlarının fəaliyyətini daha yüksək qurmaq üçün istifadə edilib. Bundan əlavə pandemiyanın yaratdığı çətinliklərə görə aztəminatlı ailələrə ərzaq yardımının göstərilib. Müharibə dövründə də Mərkəzi Şuranın qərarı ilə partiyanın vəsaitinin nəzərdə tutulan təyinatı üzrə xərclənbməsindən imtina edib, cəbhəyə imkanlar daxilində yardımlar etmişik”.


Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa partiyanın xərclədiyi vəsaitlərlə bağlı hesabatların MSK-ya təqdim olunduğunu bildirib. 

 

“Maliyyə hesabatlarını MSK-ya təqdim etmişik. Dövlətin ayırdığı vəsaitdən partiyanın təşkilatlanma, ezamiyyə, təbliğat materialları və müəyyən təmir işlərinə sərf olunub. Bunların hamısına aid olan şkalalar var ki, vəsait o istiqamət üzrə xərclənir". 


Qeyd edək ki, siyasi partiyalar 2020-ci il üzrə maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməyə başlayıblar.

Dövlət qeydiyyatından keçmiş 62 partiyadan 5-i artıq maliyyə hesabatını MSK-ya təqdim edib.

Sözügedən partiyalar - Yeni Azərbaycan Partiyası, “Azərbaycan Mübarizləri” Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Naminə Alyans Partiyası və Azərbaycan Liberal Partiyasıdır.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO