Gülnar Orucova: “Elmir Əkbər düz deyir, “həci” tapıb psixoloq olanların sayı çoxalıb”

Gülnar Orucova: “Elmir Əkbər düz deyir, “həci” tapıb psixoloq olanların sayı çoxalıb”

Hazırda oxunan: Gülnar Orucova: “Elmir Əkbər düz deyir, “həci” tapıb psixoloq olanların sayı çoxalıb”

114628

Psixoterapevt Elmir Əkbər bu günlərdə sensasion sayılacaq iddia ilə çıxış edib. O bildirib ki, fahişəliklə məşğul olan bəzi xanımlar bu gün özlərini psixoloq kimi təqdim edirlər:

“Azərbaycan Psixologiya Liqası olaraq bundan çox narahatıq. Bu, Azərbaycan psixoloqlarının adına böyük ləkə gətirir”.

Elmir Əkbərlinin bu fikirləri maraqla qarşılanıb və müəyyən müzakirələrə yol açıb. Səsləndirilən fikirlə bağlı psixoloq Gülnar Orucova ilə əlaqə saxladıq.

Bizim.Media-ya açıqlamasında o bildirdi ki, Elmir Əkbərin bu gün hər kəsin kurs keçərək özünü psixoloq kimi təqdim etməsindən, hətta fahişələrin də bu peşəyə can atmasından gileylənməsinə müsbət yanaşıram: 

“Yerindən duran özünü psixoloq bəyan edir. Belələrinin arasında ixtisasca kimya, biologiya müəllimləri, geoloq, memar, stüardessalar var. Çox təəssüf ki, ən həssas ixtisaslardan biri olan psixologiya şou-biznes aləmini xatırladır. Bu gün hərə özünə bir sponsor, bir “həci” tapır və olur psixoloq. Çünki onu maliyyələşdirən bunu təmin edir, ona mərkəz açır. Hətta bəziləri pul qaynağını gizlətmək məqsədilə də psixoloq olurlar. Çünki hərdən insanlar sual verirlər ki, sən bu sahə ilə bu qədər pulu necə qazanırsan? Onlar insanların qınağından qorxaraq, “qara işlər”ini gizlətmək üçün özlərinə psixoloq deyirlər.

Qəbullarını da fiks qiymətə qoyurlar, amma araşdırsanız görərsiniz ki, o qəbullara heç yazılan da yoxdur. Sadəcə, qəbulların 150-200 manat qiyməti var, lakin ortada pasiyent yoxdur. Səhifələri isə bizə yalnız modelləri xatırladır. Elmir Əkbər çox haqlıdır, belələri göbələk kimi artıblar, bu sahəyə nəzarət edən yoxdur. Hər şey pulun başındadır, kim istəyirsə özünü “İnstagram”da, yaxud efirlərdə reklam edə bilir”.

Psixoloq Fərqanə Mehmanqızı isə məsələyə geniş şəkildə münasibət bildirmək istəmədi:

“Elmir Əkbərlinin yəqin ki, nəzərində tutduqları var. Və hamının bildiyi şeyi mən təkrarlamaq istəmirəm. Belə müzakirələri özümə yaraşdırmıram. Mən özümü belə müzakirələrdən daha üst səviyyədə gördüyüm üçün bi tip müzakirələrə qoşulmuram”.

Psixoloq Gülnarə Abuzərov isə məsələ münasibətini belə bildirdi:

“Birinci onu demək istəyirəm ki, Elmir bəy fikrini çox aqressiv ifadə edib. Onun ünvansız və təhqiramiz şəkildə işlətdiyi sözlərlə razı deyiləm. Ən azından o bir psixoloq kimi gərək fikirlərini ifadə edəndə bu cür təhqirlərdən istifadə etməyəydi. Bu ifadə forması heç kimə baş ucalığı gətirmir.

O ki, qaldı məsələnin digər tərəfinə. Bu sahəyə olan maraq və axın barədə onu deyə bilərəm ki, bu günün tələbidir, sosial sifarişdir.

Bu gün elə bir dövrə gəlmişik ki, hər kəsin psixoloqa ehtiyacı var. Buna görə də bu sahəyə gələnlər çoxdur. Gələnlərin arasında peşəkarlar da var, qeyri-peşəkarlar da. Amma nəzərə alaq başqa sahələrdən fərqli olaraq psixologiya elə bir sahədir ki, burda fərdi keyfiyyət daha çox önəm daşıyır. Yəni insanlar psixoloqa gedərkən onun diplomu, ixtisası ilə deyil, psixoloqun ona ötürəcəyi müsbət enerji barədə düşünür. Ona görə də insanları psixoloqun keçmişi, ixtisası deyil onda yaratdığı ruh halı daha çox maraqlandırır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO