Azərbaycanlının ən başlıca PROBLEMİ nədir? - Ekspert həlli yolunu AÇIQLADI

Azərbaycanlının ən başlıca PROBLEMİ nədir? - Ekspert həlli yolunu AÇIQLADI

Hazırda oxunan: Azərbaycanlının ən başlıca PROBLEMİ nədir? - Ekspert həlli yolunu AÇIQLADI

114607

Ev sahibi olmaq istəyən, amma aldığı maaşı gündəlik tələbatlarına və kirayə haqqına ödədikdən sonra bu arzusunun xəyal olaraq qalacağını düşünən çox sayda ailə var. Bu barədə müxtəlif sorğularda iştirak edənlərin fikrincə, hazırkı şərtlər daxilində ev sahibi olmaq üçün çox yüksək gəlirə sahib olmaq lazımdır. Mövcud əməkhaqqı və artan qiymətlər fonunda isə bu məsələ daha da çətinləşib. 

Bəs evsiz insanları dolaşığa salmış bu problemin həlli yolları nədir? 

Mövzu ilə bağlı Bizim.Media-nın həmsöhbəti əmlak üzrə ekspert Anar Nəsirov olub. Müsahibimizin fikrincə, problemin həlli yolu torpaq sahələrinin sənədləşdirilməsi və həmin torpaq sahələrində tikinti aparmaq üçün icazənin verilməsi üçün dövlət vahid pəncərə sisteminin yaradılmasındadır:

“Bakı və ətraf qəsəbələrdə ev qiymətlərinin artımı və bu qiymətlərin əl çatan olmamasının bir neçə səbəbi var. Bu səbəblərdən biri və ən başlıcası torpaq sahələrinə və həyət evlərinə çıxarışın (“kupça”) dövlət tərəfindən verilməməsidir. Əgər torpaq sahələrinə dövlət tərəfindən ümumi əfv çıxarılarsa, insanlara bələdiyyə və icra hakimiyətləri tərəfindən verilmiş torpaq sahələri sənədləşdirilər və bu zaman da həmin torpaq sahələrində ev tikmək daha asan olar. Gəliri az olan  insanlar həmin torpaqlarda hissə-hissə də olsa özləri üçün ev tikib yaşaya bilərlər”.

Ekspert bildirib ki, qardaş ölkədə olduğu kimi memar əfvi olarsa, bu işdən həm dövlət çoxlu xeyir götürər, həm də sadə vətəndaşlar öz evlərini rahat və problemsiz tikib yaşaya bilərlər: 

“Bu, öz növbəsində bina evlərinin qiymətlərinin enməsinə də səbəb olar. Həyət evlərində sənədlərin çox vaxt qaydada olmaması alıcıların daha çox bina evlərini seçməsinə səbəb olur. Şəhərdə tikilməkdə olan yeni bina evlərinin qiymətləri aşağı  təbəqəli alıcıların imkanı daxilində deyil. Belə layihənin baş tutması bütün sənədsiz evlərin və torpaqların vergiyə cəlb edilməsi və həmin evlərin və torpaqların alqı-satqısı zamanı büdcəyə əlavə minlərlə manatın daxil olması deməkdir.

Bir sözlə, Azərbaycan əmlak bazarında hamının ev sahibi olması üçün yeganə yol bələdiyyə sərancamlı torpaqların çıxarışların verilməsindən keçir. Bu zaman həm də hazır ev ala bilməyən az gəlirli vətəndaşlar torpaq sahəsində özü üçün az da olsa hər ay bir şey almaqla ev inşa edə bilərlər”.
“Digər tərəfdən dövlət yeni ailə qurmuş insanlara güzəştli şərtlərlə xüsusi evlərin tikintisini həyata keçirsə, bu daha yaxşı olar. Çünki çox hallarda ailələrin dağılmasına ən böyük səbəblərdən biri kimi evsizlik olur. Bu kimi problemlərin qarşısını almaq üçün dövlət imkansız və evi olmayan ailələrə xüsusi imtiyazlar və imkanlar yaratmalıdır ki, onlar da ev sahibi olsunlar. Bundan başqa dövlət sosial evlərin tikintisini artırmalı və o evləri verərkən ev alanın kimliyini və maddi durumunu gözdən keçirməlidir. Öncəlik evsiz və maddi durumu aşağı olan, uşaqlı ailələrə verilməlidir. Başqa bir tərəfdən isə bu kimi sosial layihələrin tikintisinin sayını artırmalıdır”, - deyə ekspert fikrini davam etdirib.

İpoteka ilə mənzil sahibi olmağa qaldıqda isə ekspert hazırkı əməkhaqqı ilə təklif olunan məbləğin ödənilməsini əksər ailələr üçün mümkünsüz olduğunu hesab edib: 

“Ona görə ki, yemək, geyim və komunalları ödədikdən sonra geriyə o qədər də pul qalmır. Mənzil tikən şirkətlər isə daxili kreditlə olan  mənzilləri ipoteka verəndə onu elə qiymətlərlə  elə şərtlərlə verirlər ki, bu alıcıya çox-çox baha başa gəlir və əksər hallarda əmlakı alan həmin krediti ödəyə bilməyəndə şirkət mənzili alıcıdan geri alıb başqa bir müştəriyə satır. Bundan sonra alıcının mənzil üçün verdiyi pul itir və həm evsiz, həm də pulsuz qalır”. 


Aləmdə Nəsib, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO