Ağdam rayonunun Quzanlı qəsəbəsində şəhid Toğrul Məmmədova həsr edilmiş “Qeyrət təcəssümü” kitabının təqdimatı olub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, tədbirdə şəhidin doğmaları, rayon icra hakimiyyətinin, ictimaiyyətin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər və ziyalılar iştirak edib.
Ağdam Muğam Mərkəzində baş tutan və əməkdar jurnalist Baxşeyiş Abbasoğlunun moderatorluğu ilə keçən tədbirdə çıxış edənlər xalqımızın erməni işğalçılarına qarşı mübarizəsindən, şəhid Toğrul Məmmədovun şərəfli ömür və döyüş yolundan danışıblar.
Bildirilib ki, Məmmədov Toğrul Səyyad oğlu 1988-ci il iyulun 26-da Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şıxmahmud kəndində anadan olub. Toğrul hələ məktəb illərində vətənpərvərliyi ilə seçilib.
Onun Vətən sevgisi, hərbiyə olan marağı 2002-ci ildə Heydər Əliyevə adına Hərbi Liseyə qəbul olmağına səbəb olub. Təhsilini uğurla başa vurduqdan sonra 2005-ci ildə Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olan Toğrul Məmmədov hərb peşəsinin ən çətin ixtisası olan mühəndis-istehkam ixtisasını seçib. 2009-cu ildə leytenant rütbəsi ilə hərbi məktəbi bitirən Toğrul Məmmədov Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində hərbi biliklərini artırıb.
Hərbi təhsilini uğurla başa vurduqdan sonra Ağdam rayonunda yerləşən N saylı hərbi hissədə xidmətə başlayıb. 2012-ci ildə baş leytenant hərbi rütbəsinə layiq görülüb. Hər zaman ön cəbhədə düşmənlə üz-üzə xidmət edən Toğrul öz sahəsi üzrə Azərbaycan ordusunun ən peşəkar zabitlərindən biri olub və çoxsaylı döyüş əməliyyatlarının yerinə yetirilməsində, o cümlədən 2016-cı il Aprel döyüşlərində iştirak edib.
Yaralanmağına baxmayaraq o, bunu gizlədib və döyüşlərdə sona qədər mübarizə aparıb. Həmin döyüşlərdə bir çox silahdaşı, o cümlədən briqada komandiri Raquf Orucov və dostu Nəcməddin Savalanov şəhid olur.
Nəcməddin Savalanovun dəfnində qisas andı içən Toğrul Məmmədov bir neçə ay sonra düşməndən qisasını alıb. Yenicə kapitan rütbəsinin veriləcəyi sevincini yaşasa da ona rütbəni daşımaq qismət olmur.
Toğrul Məmmədov 2016-cı iyulun 14-də Ağdam rayonunun Baş Qərvənd kəndində düşmənin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olur. Nəşi Naxçıvan Muxtar respublikasına aparılır və Babək rayonunun Şıxmahmud kəndində torpağa tapşırılır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə şəhadətindən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.
“Qeyrət təcəssümü” kitabının müəllifi Manya Səxavətqızı və şəhidin qardaşı Üzeyir Məmmədov nəşrin ərsəyə gəlməsində rolu olan şəxslərə, tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürlərini bildiriblər.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov doğma Vətəni, torpağı uğrunda öz canını əsirgəməyən oğullarımızın şərəfli ömür yolunun gənc nəslin vətənpərvərlik, torpağa bağlılıq ruhunda tərbiyə olunmasında əsl örnək və nümunə olduğunu diqqətə çatdırıb.
Şəhid Toğrul Məmmədovun dostları, döyüş yoldaşları onunla bağlı xatirələrini bölüşüblər.
Məktəblilər Toğrul Məmmədova həsr edilmiş şeirləri söyləyiblər.
Tədbirin sonunda iştirakçılara "Qeyrət təcəssümü” kitabı hədiyyə edilib.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
- A-
- A
- A+
Cəmiyyət
17:56 / 12.01.2023
Ağdamda şəhidə həsr edilən kitabın təqdimatı oldu - FOTO
Hazırda oxunan: Ağdamda şəhidə həsr edilən kitabın təqdimatı oldu - FOTO
Hazırda oxunan: Ağdamda şəhidə həsr edilən kitabın təqdimatı oldu - FOTO
114435
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.