Sonuncu dəfə xaşılı nə vaxt yediyinizi xatırlayırsınızmı? Bəs balqabaqdan hazırlanan kətə ya qutabın dadına baxmısınızmı?
Şimal-Qərb bölgəsində yaşayan xalqların rəngarəngliyi kimi, buranın mətbəxi də müxtəlif və dadlıdır. Xüsusən də qış aylarında yönünüzü bu tərəflərə salsanız, peşiman olmazsınız. Qışınkı xəmir xörəyidir, dadlı qaxac və şorabalardır ki, Şimal-Qərb bölgəsi ilə bu əsnada mübahisəyə girmək öncədən məğlubiyyəti ilə barışmaq kimi bir şeydir.
Bizim.Media olaraq bu dəfə üz tutduq Qaxın Zəyəm kəndinə. Qonağı olduğumuz evlərdə bizi yenə heyran qoydular. Zəyəmli xanımlar mətbəximizdə ən az bişirilən, daha doğrusu unudulmaqda olan xörəkləri bizə xatırlatmağa çalışdılar.
Zəyəm kəndində fəaliyyət göstərən “Buta” qadın inkişaf qrupu evdar xanımlardan təşkil edilib. Əsas fəaliyyət istiqamətləri müxtəlif şirniyyat, çörək və unudulmaqda olan xörəkləri hazırlayaraq təqdim etməkdən ibarətdir. Ənənəsinə sadiq qalan qrup üzvləri təqdimatı da öz üzərlərinə götürüblər.
Qrupun əsas liderlərindən olan Südabə Verdiyeva bu gün adı çoxlarına adi gələn lakin illərlə mətbəximizdə hazırlamadığımız bir xörəyi təqdim etmək qərarına gəlib.
XAŞIL: Südabə xanım deyir ki, xaşılın adı gələndə çoxları dodaq büzə bilər. Lakin keçmişdə qaş aylarının ən çox sevilən və yeyilən xörəklərindən biri olub. Bu gün isə çox nadir hallarda süfrəmizdə rast gəlinir.
Südabə xanım xaşılla bağlı nənəsindən qalan bir xatirəni danışarkən özünə borc bildi ki, onun ləxazimatlarını da sadalasın.
“3 stəkan soyuq suyu qazana tökürük. Və üzərinə ovcumuzla un əlavə eləməyə başlayırıq. Unu əlavə etdikcə onu yaxşıca qarşıdırırırq ki, unun düyünləri açılsın. Düzdür bir qədər əziyyət hesabına başa gəlir. Lakin bişəndə tamam başqa bir ləzzət və dadı olur”.
Südabə xanım bu xörəyin yeyilmə tərzi ilə bağlı da tövsiyəsini verdi:
“Xaşılın üzərinə kərə yağı əlavə edirik. Kimi bunu balla kimi də bəhməzlə yeməyi sevir. Elə insanlar da var ki, üzərinə şəkər tozu əlavə edərək yeyir”.
QUTAB: Südabə xanım xaşılı bir qədər dəmə qoyarkən digər qrup üzvləri daha bir qış yeməyini təqdim etmək üçün süfrə axrasına keçir. Balqabalı kətə yaxud qutab haqda söhbət açasıyıq. Xəmiri yoğurduqdan sonra onu yaymağa başlayan Dünyanın üzərinə çətin iş düşsə də öhdəsindən bacarıqla gəlir. Kənardan onu izləyən Südabə xanım qızın səliqə -sahmanına heyranlıqla baxır.
Dünya Əfəndiyeva gənc olsa da anasından və təcrübəli qrup üzvlərindən xəmir xörəkləri ilə bağlı xeyli məlumatlar əldə edib.
Qutabları sac üzərində qızardıb ərsəyə gətirmək isə Şahəndənin üzərinə düşürdü. Burda əsas məsələ qutabların yandırılmaması həm də qurumaması idi ki, Şahəndə bu işin öhdəsindən bacarıqla gəlir.
Nəhayət qışın oğlan çağında işlərini tamamlayan xanımlar hazırladıqları hər iki yeməyi süfrəyə düzür və “Buyurun nuş olsun” deyərək süfrə ətrafına yığılırlar.
Biz isə öz reportajımıza mütəxəssis tövsiyyələrini də əlavə edirik:
Qış fəslində insan orqanizmi soyuqdan qorunmaq üçün heç bir fiziki əmək sərf etməsə belə enerji itirir. Ona görə də qış aylarında soyuq bölgələrin ən dadlı təamı xəmir xörəkləridir. Xəmir xörəkləri itirilən enerjinin bərpasında və bədəni isti tutmaqda böyük rol oynayır. Amma çalışmaq lazımdır ki, xəmir xörəklərini günün bir az erkən vaxtında qəbul edəsən. Məsələn, xəşil əsas səhər yeməyi kimi qəbul edilir. Həm də xəmir xörəklərinin üstündən soyuq su içmək olmaz.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
08:15 / 13.01.2023
Qaxdan QIŞ YEMƏKLƏRİ – Zəyəm xanımların hazırladığı XAŞIL və QUTAB
Hazırda oxunan: Qaxdan QIŞ YEMƏKLƏRİ – Zəyəm xanımların hazırladığı XAŞIL və QUTAB
Hazırda oxunan: Qaxdan QIŞ YEMƏKLƏRİ – Zəyəm xanımların hazırladığı XAŞIL və QUTAB
114420
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.